Sərdariniyanın kitabında İrəvanla bağlı tutarlı faktlar

  Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” adlı kitabı çap olunub. 202 səhifədən ibarət olan əsərini fars dilindən Azərbaycan dilinə tərcümə edən İbrahim Quliyev, elmi redaktorları Əkrəm Rəhimli (Bije) və Səməd Bayramzadə, redaktorlar: Məsiağa Məhəmmədi və Şahnisə Rüstəmovadır.

Cənubi Azərbaycanın tanınmış tarixçi alimi Səməd Sərdariniya 1940-cı ildə Təbrizdə anadan olub. O, əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə hüquq fakültəsini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olsa da, Tehran və Təbrizdə radioteleviziya verilişləri proqramlarında çalışıb. Onun “Azərbaycan mədəni cəmiyyətdə”, “Bağırxan Salare- milli”, “Təbriz tənbəki üsyanında”, “Azərbaycan teatrosunun tarixçəsi”, “Əli Müsyö”, “Təbriz Universiteti”, “Azərbaycan qəzet və dərgilərinin tarixi”, “Təbriz Mərkəze-qeybi”, “İrəvan müsəlman sakinli şəhər olmuşdur”, “Təbriz əvvəlin şəhərlərdəndir”, “Azərbaycan məşhurları” (2 cilddə), “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində müsəlmanların soyqırımı”, “Qarabağ tarixin gedişində” əsərləri tarixşünaslığımız üçün son dərəcə dəyərli və elmi-siyasi baxımdan əhəmiyyətlidir. Səməd Sərdariniya 1979-cu ildən Tehranda nəşr olunan “Varlıq” dərgisini yaradanlardanonun səhifələrində yazıları ilə fəal iştirak edənlərdəndir.

S.Sərdariniyaya “Tarix elmi sahəsində” xidmətlərinə görə Bakıda Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə 2002-ci ildə “Fəxri doktorelmi adı verilib.

S. Sərdariniya 2008-ci il aprel ayının 4-də Təbrizdə dünyasını dəyişib. “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. Məlum olduğu kimi, tarixən azərbaycanlılar qonşularına mehribanxoş münasibəti ilə seçilmişlər. Özünün əzəli, əbədi və qədim ərazisində yaxşılığa yamanlıqla cavab verən ermənilərə də sığınacaq vermək, onlara yaxşı münasibət bəsləmək xalqımızın humanizmi ilə bağlı olub.

Ermənilər Yaxın və Orta Şərqdə, xüsusən Azərbaycan və Türkiyə ərazisində özlərinə “məzlum bir xalqkimi sığınacaq tapıblar. Sonra isə başqalarının ərazisində dövlət yaratmaq istəyən ermənilər XVIII əsrdən üzü bəri Rusiyanın timsalında özünə arxa tapıb Azərbaycan torpaqlarının işğalına başlayıblar. Rusiya imperatoru I Pyotrun (1682-1725) Azərbaycanı, Türkiyəni, İranı işğal edib Fars körfəzinin isti sularına çıxmaq haqda arzusuna söykənən ermənilər 1722-ci ildə bu ərazilərdə “Böyük Ermənistan dövləti” yaratmaq xülyası ilə I Pyotrun qəbulunda olmuş, “Şərq yürüşündə” ermənilərin canla-başla rus ordusunun və kəşfiyyatının xidmətində olacağına sədaqətlə söz veriblər. Həmin tarixdən bu günə qədər ermənilər qonşu müsəlman torpaqlarını işğal etməklə, özgəsinin ərazisində yaşayıb ona arxadan zərbə vurmaqla, xəyanət və satqınlıqla Rusiyaya verdikləri vədə sadiq qalıblar.

Ermənilərin azərbaycanlılara qarşı xəyanətlə dolu xidmətləri rus çarizmi tərəfindən əvəzsiz qalmayıb, Türkmənçay müqaviləsindən sonra xalqımıza məxsus İrəvan əyaləti və onun ətrafı etnik təmizləmə aparılaraq ermənilərə verilib. Bu haqda Güney Azərbaycanın tanınmış tarixçi-alimi mərhum Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adı çəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında iyirmi yeddi başlıq altında şərh olunur.

Vaxtilə Səfəvi hökmdarı Şah İsmayıl Səfəvi ana vətənin bu yerlərini gəzib Göyçə gölü ətrafında bir neçə gün istirahət edib və ölkənin paytaxtını Təbrizdən bura köçürmək haqda fikir söyləyib.

Doktor S.Sərdariniyanın kitabında Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın çarizmin əsarətinə düşməsindən sonra ermənilərə bu bölgədə yaradılmış şərait, verilmiş imtiyazlar açıqlanır. Kitabda gedən məlumatlarda göstərilir ki, çar Rusiyası İrəvan və onun ətrafındakı əyalət və yaşayış məntəqələrinin statistikası və demoqrafik vəziyyəti haqda məlumatları tərtib edib mərkəzə çatdırmaq məqsədilə İvan Şopen adlı məmuru bir heyətlə İrəvana göndərir. Müəllif Şopenin başçılığı ilə tərtib edilmiş statistikada Türkmənçay müqaviləsindən sonrakı vəziyyəti belə şərh edib: “Ermənilərin arzusu ilə ruslar İrəvan mahalını və onun ətrafındakı dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri oradan köçməyə məcbur ediblər. Torpaq və əmlaklar gəlmə ermənilər arasında bölünüb” (səh.90). İrəvanda yaşayan əhalinin 143 000 nəfərdən 117 849 nəfəri azərbaycanlıdan, cəmi 25 151 nəfəri gəlmə ermənilərdən ibarət olub. 1828-1832-ci illərdə İrəvandakı azərbaycanlıların sayı 100 000 nəfər azaldığı halda, ermənilərin sayı gəlmələrin hesabına 82 377 nəfər artıb (səh.91). Müəllif kitabında Qahirədə çıxan “Hikmət” qəzetindən belə bir məlumatı nəql edir ki, 1904-cü ildə Qafqazda 3 208 875 nəfər müsəlman yaşamış və bunların da 352 351 nəfəri İrəvanda məskunlaşmış azərbaycanlı olub (səh.118). O dövrdə rus məmurlarının yazılı məlumatlarına əsasən, XIX əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 %-dən çoxu müsəlman türklərdən ibarət olubr. Halbuki sonrakı illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı nəticəsində onların sayı azalmış və bu zorakılıq onları İrəvandan digər bölgəyə köçməyə məcbur edib.

Müəllif yazır ki, tarixən yerli xalq hesab olunan Qarapapaqlar tayfası onlara qarşı tətbiq olunan zorakılığa tab gətirməyib Güney Azərbaycanın Urmiya əyaləti ətrafına köçüblər.

6 böyük məscidi, 50 savadlı ali müsəlman ruhanisi olan və 1807 azərbaycanlı ailəsinin yaşadığı İrəvan şəhəri XIX əsrin sonunda erməni şəhərinə çevrilib. Halbuki bu şəhərin iqtisadi, mədəni, elmi inkişafında həmin şəhərin sahibi olan azərbaycanlıların böyük xidməti olub. İrəvanda 1883-cü ildə dünyəvi istiqamətli ilk məktəbi təşkil edən, Güney Azərbaycan “maarifinin atası”, “Ana dili” adlı ilk türkcə dərsliyin müəllifi Mirzə Həsən Rüşdiyyənin, ilk pedaqoji gimnaziyanı təşkil edən Mirzə Kazım, Firudin bəy Köçərli, Mirzə Cabbar Bağçaban, Sərraf Rəşidi, Hacı Mirzə Ağasi, Hacı Şeyx Həsən, Məhəmməd Nadim, İbrahim Münşizadə, Mirzə Abdullah İrəvani, Mir Bağır İrəvani, Hacı Mirzəli İrəvani, Hacı Mirzə Əbdülkərim və başqa onlarca din, elm, mədəniyyət xadimlərinin adları İrəvanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki tarixində iftixarla qeyd olunub. Azərbaycan mədəniyyətinin tanınmış simalarından olan Firudin bəy Köçərli öz xatirələrində M.K.Əsgərzadənin pedaqoji fəaliyyətinə yüksək qiymət verərkən yazır: “…Mirzə Kazımın təşkil etdiyi məktəb cümlə İrəvan əhlinin rəğbətini kəsb etmişdi”.

XX əsrin əvvəllərində İrəvanda və bütün Qərbi Azərbaycanda antimüsəlman, antitürk təbliğatının şiddətlənməsi, erməni zorakılığı və özbaşınalığının artması yerli əhalinin İrəvandan kütləvi şəkildə didərgin düşməsi ilə nəticələnib. XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi “dənizdən dənizə böyük Ermənistan” haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilib. İranda qondarma “erməni soyqırımına” aid onlarla yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi tarixisiyasi əhəmiyyətə malikdir.

Əsərdə müəllif coğrafi mövqe, dil, tarixi keçmiş, Dvin, yoxsa Dəbil, Çuxursəəd, İrəvan Şah İsmayıldan Şah Abbasa qədər, İrəvan I Şah Abbas dövründə, İrəvan sonuncu Səfəvi şahları dövründə, İrəvan Nadir şah Əfşar dövründə, İrəvan Ağa Məhəmməd xan Qacar dövründə, XIX əsrin astanasında İrəvanın iqtisadi durumuna bir nəzər, İrəvan İran-Rusiya müharibələrində, İrəvan Türkmənçay müqaviləsindən sonra, İrəvan Nəsrəddin şah dövründə, İrəvan XX əsrin astanasında, İrəvan 1905-1906-cı illər erməni-müsəlman davasında, İrəvan müsəlmanlarının soyqırımı, Qafqaz müsəlmanlarının beynəlxalq təşkilatlara müraciətləri, Soyqırımdan xilas olmuş bəzi tayfalar , Göy məscid və İrəvanın digər məscidləri Məscidin tikintisinə yardım etmiş şəxslər, Ermənistan Respublikasında qalmış islam abidələri, İrəvan üləmaları və ruhaniləri, İrəvanın bəzi məşhur adamları, İrəvan şairləri , İrəvanın Mirzə Müslüm Qüdsinin qələmi ilə tərənnümü, Mirzə Müslüm Qüdsi “İrəvanın vəsfi”məsnəvisi və s. məsələləri araşdırıb.

Qeyd edək ki, “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı Cənubi Azərbaycanın görkəmli tarixçi alimi mərhum Səməd Sərdariniyanın əsərlərindəndir. Kitabda İrəvanın ən qədim dövrlərdən XX əsrin əvvəlinə qədər keçdiyi tarixi dövrlər, elm və mədəniyyəti, türk mənşəli tarixi abidələri geniş aspektdə şərh edilir. İrəvan tarixən Azərbaycan müsəlman türklərinə mənsub olan bir bölgə kimi zəngin faktlar və sənədlər əsasında oxucunun diqqətinə təqdim edilir. Kitab geniş oxucu kütləsi, elm adamları, müəllim və tələbələr üçün gərəkli məlumat kitabıdır.

Sübhan Talıblı,

AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Palitra.-2015.-26 fevral.-S.12.