Avropa Oyunları müddətində Musiqili Teatrda 15 tamaşa nümayiş olunub

 

Azərbaycanda keçirilən birinci Avropa Oyunları dünya idman tarixində möhtəşəm bir səhifə oldu. Sülhün, dostluğunbirliyin rəmzi olan bu oyunlar Azərbaycan mədəniyyətinin təbliği baxımından da çox mühüm rol oynadı və nəinki Avropada, hətta bütün dünyada mədəni irsimizə böyük maraq yaratdı. Ötən 17 gün ərzində dünyanın idman paytaxtına çevrilən Bakı Avropanın müxtəlif ölkələrindən gəlmiş qonaqları bütün cəhətləri ilə heyran etdi. Bu müddət ərzində qonaqlar mütəmadi olaraq müxtəlif sənət məbədlərimizi – muzeylərimizi, tarixi abidələrimizi, ələlxüsus da teatrlarımızı ziyarət edirdilər.

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 17 gün ərzində xüsusi olaraq birinci Avropa Oyunları ilə əlaqədar təşkil olunmuş repertuara əsasən teatrda 15 tamaşa nümayiş olunub. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq qaçan sətirlər vasitəsilə əcnəbilərə təqdim olunub. İyunun 11-dən 28-dək Musiqili Teatrda “Ər və arvad”, “O olmasın, bu olsun”, “Skapenin kələkləri”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda”, “Fransızsayağı qarnir” və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukraynabaşqa dövlətlərdən gəlmiş əcnəbilər də olub. Həmin günlərdə nümayiş olunan “Düyməcik”, “Qırmızı papaq”, “Bir dayan canavarkimi uşaq tamaşalarında da qonaqlar yüksək fəallığı ilə diqqət çəkiblər.

Tamaşalardan sonra teatr rəhbərliyi və yaradıcı kollektivlə söhbət edən qonaqlar Musiqili Teatrın unikal binasına, burada yaradılmış şəraitə heyran qaldıqlarını xüsusi olaraq vurğulayıblar.

Qeyd ediblər ki, bənzərsiz Azərbaycan musiqisini, mədəniyyətini, Bakını, ümumilikdə Azərbaycanı, xalqımızı hər zaman xoş duyğularla xatırlayacaqlar.

 

Palitra.-2015.- 1 iyul.- S. 13.