“Avropanı Bakıda qarşılayaraq qonaqpərvərlik, mədəniyyət nümayiş etdirdik

 

“Ölkəmiz artıq Avropa idmanının inkişaf etdirilməsində bilavasitə rol oynayır”

 

Müsahibimiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvü, təşkilatın İşçi Qruplarla İş Departamentinin direktoru Çingiz Səfərovdur.

 

-Avropa Oyunları başa çatsa da, bu möhtəşəm idman yarışı haqqında hələ də xoş fikirlər səsləndirilir, uğurlu təşkilatçılıqdan danışılır. Aktiv gənc kimi Oyunlar barədə nə deyərdiniz?

-Gənclər ölkəsində - gənc Azərbaycanda tarix yazıldı. Dünya idmanı tarixində açılan yeni bir səhifə məhz “Odlar Yurdunda” yazıldı. Ümumiyyətlə, qeyd edim ki, müstəqillik tariximizin ilk günlərindən yürüdülən hərtərəfli və düşünülmüş siyasət, qələbə əzmi bu gün Azərbaycanın bütün dünya ölkələri arasında nüfuzlu bir dövlətə çevrilməsinə yol açdı. Sürətlə inkişaf edən ölkəmiz artıq Avropa idmanının inkişaf etdirilməsində bilavasitə rol oynayır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi və bu mötəbər idman tədbirindən Azərbaycanın əldə etdiklərini, ölkə ictimaiyyətinin birlik nümayiş etdirməsini və bütün prosesləri gənc olaraq izləmək, bunun bir parçası olmaq qürurvericidir.

-Prezident çıxışlarından birində xüsusi olaraq qeyd etdi ki, Oyunların keçirilməsinin yükünün böyük hissəsi könüllülərin üzərinə düşdü. Azərbaycan gəncliyinin Oyunlara verdiyi töhfəni necə dəyərləndirərdiniz?

- Bəli Prezident gənclərimizin, əcnəbi və yerli könüllülərin əməyini yüksək qiymətləndirdi. “Bakı-2015” ilk Avropa Oyunlarının reallaşmasında ölkə gəncliyinin iştirakını xüsusi olaraq qeyd etmək lazımdır. Uğurla reallaşan möhtəşəm açılış tədbiri bildiyimiz kimi böyük bir zəhmətin bəhrəsi idi. 17 gün ərzində könüllülərin də yarışlarda aktiv iştirakı böyük zəhmət tələb edirdi. Ən nəhayət bağlanış mərasimində könüllülərin böyük səyləri uğurlu mərasimin baş tutmasına səbəb oldu desək, yanılmarıq. Ölkəmizdə formalaşan könüllülük hərəkatı özünü bir daha doğrultdu. Könüllü gənclərin günlərlə çalışıb ərsəyə gətirdiyi möhtəşəm şou hər kəsi qürurlandırdı. 1000 nəfər könüllünün iştirakı ilə Azərbaycan bayrağının canlı şəkildə qurulması, Dövlət himnimizin səslənməsi və milli mədəni dəyərlərimiz, zəngin tariximizi əks etdirən şounun nümayiş edilməsi açılış mərasimini əsl bayrama çevirmişdi. Həmin gün ölkəmizdə idman bayramı kimi qeyd edildi. Yuxarıda da qeyd etdiyim kimi hər kəs yarışların yüksək səviyyədə təşkilində könüllülər mühüm rol oynadığını qeyd edir. Böyük əzmlə çalışıb möhkəm iradə nümayiş edən könüllülər dünya miqyasında keçirilən tədbirin bir parçası olmaqla böyük bir missiyanın öhdəsindən uğurla gəldilər.

-İctimai işlərdə aktiv olmağınıza əsas səbəb sayılan ATGİ haqqında da söz açardınız.

-ATGTİ ölkənin ən böyük tələbə təşkilatı olaraq ətrafında 109 “Tələbə Gənclər Təşkilatı” və çox sayda könüllü gənci cəmləyib, ölkəmizdə könüllülüyün təbliğ olunmasında yaxından iştirak edib. İttifaq bu mötəbər idman tədbirinin keçirilməsinə, könüllülərin cəlb olunması istiqamətində keçirilən tədbirlərə dəstək verib və maraqlı layihələrlə çıxış edib. “3 rəngin sehrinə şahid ol” şüarı altında 3000-dən çox tələbə - gəncin iştirakı ilə keçirilən fləşmob, 150 min tələbəni əhatə edən sorğu, bir çox layihə və tədbirlər buna nümunədir. İdarə Heyətinin üzvü olduğum “Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyiöz növbəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Quba, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Gəncə, Mingəçevir, Cəlilabad, Lənkəran şəhərlərində baş tutanRegionlarda İlk Avropa Oyunlarının Maarifləndirmə Aksiyası” adlı layihəni uğurla reallaşdırıb. Gənclər Fondu tərəfindən elan olunan qrant müsabiqəsində “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı istiqamətin qeyd edilməsi ilk Avropa Oyunlarının müxtəlif layihələr vasitəsilə təbliği və yaradıcı gənclərin bu işə cəlb edilməsində xüsusi rol oynadı. Buna misal olaraq ATGTİ və Azərbaycan Rəssamlar İttifaqının da həmçinin təşkilati dəstəyi ilə keçirilən “İlk Avropa Oyunları Gənc Rəssamların Gözü İlə” adlı layihəni və bu istiqamətdə keçirilən bir çox layihələri qeyd edə bilərik. Ümumiyyətlə, qeyd edim ki, gənclər sektorunda ilk Avropa Oyunlarının təbliği istiqamətində işlərin görülməsi üçün hər cür şərait yaradılmışdı.

Onu da qeyd edim ki, qürurverici hal kimi Oyunlarla bağlı maraqlı və diqqət çəkən məqamlar önə çəkilməlidir. Yarışlarda demək olar ki, hər gün idmançılarımız xalqımızı medallarla sevindirirdilər. Ölkəmizi təmsil edən idmançılarımızın nailiyyətləri durmadan artırdı. Buna ölkə başçısı da sevinirdio öz hörmət və qayğısını özünəməxsus şəkildə göstərirdi. Qızıl medal qazanan idmançılarımızı bağrına basan ölkə başçısı sanki bununla bir jest edirdi ki, mən ölkə gəncliyinin, idmançıların yanında olmuşam, olacağam və hər bir uğur qazanan gəncimiz üçün hər cürə şərait yaradılacaq. Yetər ki, bayrağımız qalxsın himnimiz səslənsin! Ölkə başçısının idmançılarımızı şəxsən özünün mükafatlandırması, yarışlar zamanı yaşanan möhtəşəm anlar Oyunlara xüsusi zövq qatdı. Ölkə ictimaiyyəti idmançılarımızın uğurlarını qürur hissi ilə izlədilər və əminliklə gələcəkdə bu uğurların davamını gözləyir.

Artıq bütün dünya bizdən danışır. Avropanı Bakıda qarşılayaraq qonaqpərvərlik, mədəniyyət nümayiş etdirdik. Bakının ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizi uzun müddət dünyanın diqqət mərkəzində saxlayacaq. Əminliklə deyə bilərik ki, bu mötəbər idman yarışları ölkəmizin beynəlxalq ictimaiyyətdə təbliği və nüfuzunun daha da artmasında müstəsna rol oynadı və bu hərtərəfli müsbət nəticələrə səbəb olacaq.

 

Tural Tağıyev

Palitra.-2015.- 1 iyul.- S. 10.