Yeni dövrün qəhrəmanları- könüllülər

 

Mənəfli Fatimə: “Bakı-2015” “könüllülər ailəsi” öz işinin öhdəsindən layiqincə gəldi”

Səməndərlı Şəhla: “İllər sonra Avropa Oyunları dəfələrlə təşkil olunan zaman fəxrlə ilk tədbirin bir parçası olduğumuzu deyəcəyik”

Murad Zülfüqarlı: “Könüllülük bizdə özünəinamı artırdı və bizə dəyərli təcrübə qazandırdı”

 

Avropa Oyunlarının başa çatmasından bir həftə keçsə də, hələ də bu böyük idman tədbiri nəinki ölkə mətbuatının, dünya mediasının da gündəmindədir. Bu dəfə bir qədər “Bakı-2015”lə bağlı fərqli bir müsahibə edərək Oyunlar müddətində arxa planda qalan əsas qəhrəmanlarımızla söhbət aparacağıq. Bunlar “Bakı-2015” ilk Avropa Oyunları açılış və bağlanış mərasimlərinin könüllüləridir.

Mənəfli Fatimə Fərhad qızı öz təəssüratlarını bizimlə bölüşərək dedi: “Nəzərə alsaq ki, çox gənc ölkəyik, ilk Avropa Oyunları kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkənin dünyadaregionda yerini daha da möhkəmlədib inkişaf etdirəcək. Bu inkişaf təbii ki, gənclərə də öz təsirini göstərir. Bir gənc üçün mədəniyyət mübadiləsi, təcrübəsi və xarici dil bacarıqlarının inkişafından daha artıq qazancola bilər ki? Bütün bunları Avropa Oyunları çərçivəsində əldə edə bildik.

-Könüllülük fəaliyyəti haqqında da söz açardınız. Çətin deyildi ki? “Üzərinizə düşən işin - vəzifələrinizin öhdəsindən uğurla gəldiniz” deyə bilərikmi?

-İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan öz işini federasiyalar, işçi heyət və könüllülərlə əməkdaşlıq çərçivəsində qurdu. Könüllülük fəaliyyəti kənardan çox sadə səslənə və görünə bilər, amma həqiqətən çox məsuliyyətli və çətin fəaliyyətdir. Təsəvvür edin ki, 17 günlük qısa bir zaman çərçivəsində bütün Avropanın, hətta dünyanın diqqət mərkəzindəsiniz və işinizi elə qurmalısınız ki, ən kiçik bir səhv belə olmamalıdır. Bu işdə, uğurlu təşkilatçılıqda könüllülərin rolu əvəzedilməz oldu. Mənə elə gəlir ki, “Bakı-2015” “könüllülər ailəsi” öz işinin öhdəsindən layiqincə gəldi. Çünki biz birlikdə güclüyük.

-Maraqlıdır, hansı yaddaqalan hadisələrlə üzləşdiniz?

-Mənim fəaliyyət göstərdiyim sahə Mərasimlər Komandası olduğuna görə, Avropa Oyunlarının bədii hissəsi bizim öhdəmizə düşürdü. Deyərdim ki, açılış və bağlanış mərasiminə hazırlıq mərhələsi çoxlu maraqlı hadisələrlə yadda qaldı. Xüsusən də xarici xoreoqrafların Azərbaycan dilində verdiyi təlimatlar çox gülməli səslənirdi. Axı onlar dilimizi yaxşı bilmirdilər. Uzun davam edən məşqlər, yorğun saatlar keçirsək də açılış mərasimi anbaan göz önündədir. Möhtəşəm açılış mərasimi ilə dünyaya möcüzəni nümayiş etdirdik. Bir könüllü kimi o gecə keçirdiyim sevinc, həyəcan, qürur hissini heç bir zaman unutmayacağam.

-Necə düşünürsünüz, könüllülük fəaliyyətiniz gələcəkdə sizin ictimai aktivliyinizə təkan olacaqmı?

-Mənə elə gəlir ki, könüllülük fəaliyyəti biz gənclər üçün gələcəyə açılan bir pəncərədir. Müasir dövrdə gənclərin ictimai aktivliyi çox vacib faktorlardan biridir və Azərbaycanda gənclərin inkişafına, sosiallaşmasına yetərincə diqqət ayrılır. Avropa Oyunlarındakı könüllülük fəaliyyətimiz biz gənclərin Avropaya inteqrasiyasına, inkişafına, dövlətin ayrılmaz bir hissəsi olmasına təkan verir. İrəlidə ölkəmizin ev sahibliyi edəcəyi bir çox irimiqyaslı layihələr olacaq və gənclər mütləq o tədbirlərdə könüllü kimi fəaliyyət göstərməli, ölkənin gənclər üçün yaratdığı şəraitdən faydalanmalıdırlar.

Açılış və bağlanış mərasimlərinin könüllülər komandasında yer alan daha bir aktiv gəncimiz isə Səməndərlı Şəhla İnqilab qızıdır. O da düşünür ki, könüllülük fəaliyyəti gələcəkdə gənclərin aktivliyi və cəmiyyətə aktiv inteqrasiya olmaları üçün stimul oldu: “Avropa oyunları çox böyük və möhtəşəm bir tədbir idi. Bu Oyunların ilk dəfə Azərbaycanda keçirilməsi isə ayrı bir qürurverici hiss idi. Elə indi de bundan qürur hissi keçiririk. İnkişafda olan ölkəmiz Avropa Oyunlarını ən yaxşı şəkildə həyata keçirdi. Bizim zəngin təbiətimiz, mədəniyyətimiz var, bir sözlə, qədim Azərbaycan artıq turistlərin marağına səbəb olub. Misal üçün mərasim könüllüsü olaraq deyə bilərəm ki, ilk açılış günündən tarixi atribut və əsərlərimizlə, Nizamimiz, xalçalarımız, narımız, Qobustanımız, "Sarı gəlin"imizlə bütün dünyanın marağına səbəb olmuşuq. Bu qədər tarixi bir yerə yığıb, necə bir sehrli şou düzəldildiyini hər kəs maraqla və təəccüblə izlədi. Belə tədbirlər ölkəmizə turist axınının çoxalmasına səbəb olacaq və deyərdim ki, bu kimi beynəlxalq idman tədbirləri iqtisadiyyata da yararlı olur. Oyunlara gəldikdə isə artıq Azərbaycan 14-ü qızıl, 11-i gümüş, 14-ü bürünc olmaqla, 39 medal qazandı və idmançılarımız tarix yazdılar. Avropa ölkələri arasında 2-ci yeri tutmaq fantastik bir göstərici idi. Bu, bizim xalqın ümumi bir uğurudur. Ümid edirəm, belə uğurlarımızın ardı-arası kəsilməz.

–Bəs siz necə oldu ki, könüllü kimi fəaliyyət göstərmək qərarına gəldiniz?

-Könüllülük fəaliyyəti haqqında ilk dəfə təhsil aldığım yerdən məlumat aldım. Düzünü desəm, heç tərəddüd etmədən könüllü olmağı qərara aldım. Çünki ölkəm üçün bunu etmək məni çox sevindirirdi. Bu fəaliyyət çox maraqlı və gənclərin özlərinə nələrsə qata bildiyi, təcrübələrlə dolu fəaliyyətdir. Ümumilikdə müxtəlif sahələrdə minlərlə könüllü fəaliyyət göstərirdi. Mən özüm mərasim könüllüsü olmağı qərara aldım. Qeydiyyatdan keçmək üçün getdiyim yerdə yüzlərlə gənc var idi. Yoxlanış kastinqindən keçdik, uğurlu alındı. Beləcə, hər kəs artıq səbirsizliklə dəvət mesajını gözləyirdi. Dəvət də olundum. Hələ ilk gündən orada olan atmosfer çox xoşuma gəldi. Burada yaxşı insanlar tanıdım, dostluqlar qurdum. Biz bir ailə kimi idik və əllərimizi birləşdirərək bu işin öhdəsindən layiqincə gəlməyə söz verdik. Əslində işimizin heç bir çətinliyi yox idi, sadəcə yay ayları olduğu üçün hava çox isti idi, bəzən olurdu, məşqlərimiz uzun çəkirdi. Amma hər kəs necə məsuliyyətli bir gördüyünün fərqinə varırdı.

-Sizin üçün yaddaqalan hansı məqamlar, olaylar oldu?

-Düzünü desəm, maraqlı yaddaqalan hadisələr çox oldu. Danışmaqla bitməz. Mərasim könüllüsü olaraq bilirdim ki, gördüyümüz çox maraqlıdır. Mən tapdığım yeni dostlar bu günlər üçün çox darıxacağımızı bilirik. Bu iki tədbirdə-açılış bağlanış mərasimlərində iştirakçı kimi fəaliyyət göstərmək mənim üçün ən yadda qalan hadisələrdən olacaq. İllər sonra Avropa Oyunları dəfələrlə təşkil olunan zaman fəxrlə ilk tədbirin bir parçası olduğumuzu deyəcəyik.

-Yəqin razılaşarsınız ki, ictimai işlərdə aktiv fəaliyyət göstərməniz üçün könüllülük fəaliyyətiniz yaxşı təcrübə oldu...

-Əlbəttə ki, bu, mənim üçün yaxşı bir təcrübədir. Düşünürəm ki, hər uğur insanı yeni bir uğura aparır. Ölkəmizdə gənclərin hər sahədə özünü göstərməsi üçün yetərincə şərait yaradılıb. Təhsil müəssisələrində ATGTİ, debat klublar, departamentlər bir daha sübut edir ki, ölkədə gənclər karyera qurmaq üçün ilk addımlarını bu orqanlardan atırlar. Müxtəlif seminarlar təşkil olunur ki, bunların da müsbət təsiri olur. Könüllülük fəaliyyəti elə bir sahədir ki, hər bir gəncə özünün nəyə qadir ola biləcəyini görməsinə imkan yaratdı. Bir növ hər kəs özünü kəşf etdi. Bu, ölkədə gənclərə yaradılan şəraitin ən yaxşı nümunələrindən biri idi. Əminəm ki, heç kim bu fəaliyyətə qoşulduğu üçün peşman deyil.

Daha bir mərasimlərin könüllüsü olan gəncimiz Murad Zülfüqarlıdır ki, o da hər şeyin yüksək səviyyədə təşkil olunduğunu deyir: “Mən Avropa Oyunlarının Vətənimdə keçirilməsini ilk gündən müsbət qarşıladım uğurlu təşkilatçılığımız da bizi qürurlandırdı. Azərbaycanda Avropa Oyunlarının keçirilməsi Azərbaycan xalqı üçün şərəfdir. Avropa Oyunları Vətənimizi bütün dünyaya tanıtdı. Bu beynəlxalq idman tədbiri həm Qonaqpərvər olmağımızı mədəniyyətimizin zəngin olduğunu göstərdi. Könüllülük fəaliyyətimə gəldikdə isə şəxsən mənim üçün bu böyük təcrübə oldu. Bu mərasimlərdə bizdən çox şey asılı idi. Bunun üçün biz məharətlə çalışaraq Vətənimizi yüksək səviyyədə təmsil etdik. Deyərdim ki, bu bizdə yaxşı da alındı. Könüllülüyə yazılmaq mənim şəxsi təşəbbüsum idi. Birincisi, bu, Bakıda keçirilən ilk Avropa Oyunları idi burada iştirak etmək mənim üçün böyük şərəf idi. İkincisi, düşünürəm ki, gələcəkdə mən böyük Olimpiya tarixinin kiçik bir hissəsi olaraq qalacağam.

Onu da deyim ki, könüllülüyə başlayanda məni peşəkar mütəxəssislər qarşıladılar mən orada çoxlu dostlar qazandım. Ümid edirəm ki, onlarla əlaqəmi davam edəcəyəm. Ayrıca Şəmsi Gülverdı Aqşin Hüseyniyə təşəkkür etmək istərdim. Bu insanlar ən çətin məqamlarda yanımızda olublar bizi dəstəkləyiblər. Qısası, Azərbaycan çox yüksək səviyyədə Oyunlara start verdi bu, möhtəşəm unudulmaz idi”.

Murad Zülfüqarlı deyir ki, könüllülükdə qazandığı təcrübə gündəlik həyatında ona lazım olacaq: “Könüllülük bizə- gənclərə, özünəinamı artırdı bizə dəyərli təcrübə qazandırdı. Azərbaycanda gənclər üçün yaradılan yüksək şəraiti qeyd etmək istərdim. Gənclər Azərbaycanda həm fiziki, həm digər istiqamətlərdə inkişaf etdirilirlər. Bunun ucun bütün şəraitlər yaradılıb.

“Bakı-2015” ilk Avropa Oyunlarının açılış bağlanış mərasimləri komandasının əməkdaşı Aqşin Hüseyni üzərinə düşən işin öhdəsindən uğurla gəldiyini düşünür: “Bağlanış mərasimi gözlədiyimiz kimi uğurlu alındı. Ümumiyyətlə, ilk Avropa Oyunları bizlər üçün böyük bir təcrübə oldu. Ölkəmiz gələcəkdə bu təcrübədən istifadə edib, bu kimi tədbirləri yüksək səviyyədə həyata keçirəcək. Bildiyimiz qədərilə hazırda 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarının keçirilməsinə müraciətlərin qəbulu davam edir. Bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Around The Rings ” saytına bildirib. Bunu yaxın zamanlarda hamımız biləcəyik. Mən bu işdə əməyi keçən hər kəsə, başda Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva olmaqla, hər kəsə öz təşəkkürümü bildirirəm”.

 

Tural Tağıyev

Palitra.-2015.- 4 iyul.- S. 6.