Elmin interneti yetərincə tədqiq etməsi önəmlidir

 

Cəmiyyəti öyrənən elm sahələri innovasiya və texnoloji yeniliklərin çağırışlarına cavab verməlidirlər

 

Azərbaycan əhalisinin 70 faizindən çoxu internetdə aktivdir və onların davranışları, fəaliyyəti elmi baxımdan tədqiq olunmağa ciddi ehtiyac duyur. Həmçinin internet və yeni media vasitələrinin dinamikliyi, buna uyğun olaraq yeni media kontingentinin də “online” davranışlarında dəyişikliklər və yeniliklərin intensiv müşayiət olunması olduqca maraqlı və aktual bir durum yaradır. Bu baxımdan sözügedən sahənin elmi baxımdan tədqiqi olduqca vacib, strateji önəm kəsb edir. Ötən yazılarımızda bu mövzuya toxunmuşuq. Bu dəfə isə bir qədər başqa aspektlərdən sözügedən sahə ilə bağlı mövzud vəziyyət və lazım gələn tədbirlər barədə fikir bildirəcəyik.

İnternet hansı elmi istiqamətlər üzrə daha çox tədqiq olunmalıdır?

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Azərbaycanda internet sosiologiyası, yeni medianın sosioloji problemləri, internet psixologiyası, internetin fəlsəfi problemləri və sairlə bağlı elmi istiqamətlər və tədqiqatlar demək olar ki, aparılmır. İnformasiya cəmiyyəti ilə bağlı yazılan bir-iki elmi işi nəzərə almasaq, Azərbaycan elmində bu səpkidə vəziyyət qənaətbəxş deyil.

Hazırda dünyada elmlərin diferensiasiya və inteqrasiya prosesləri daha da güclənib. Məsələn, bir elmdən kök alan bir neçə elm ortaya çıxıb, yaxud müxtəlif elmlərin qovşağında yeni elm istiqamətləri formalaşıb. Bütün bu yeni elmi istiqamətlər cəmiyyətin inkişaf proseslərinin və tələblərinin təzahürü olaraq meydana gəlib. Eləcə də bu gün cəmiyyətin əksər hissəsi internet və yeni mediaya köçüb, innovasiya və yeni texnologiya vasitəsilə ünsiyyətdədir. Bu baxımdan, Azərbaycanda da cəmiyyəti öyrənən müxtəlif elm sahələri həmin innovativliyi və texnoloji yenilikləri özündə əks etdirməlidir. Cəmiyyəti öyrənən elmlər, cəmiyyətin yeni dövrün tələblərindən irəli gələn davranışlarını da tədqiq etməli, bunun üçün innovasiyaların, texnologiyanın qovşağında tədqiqatlar aparmalıdırlar. Əks halda, həmin elmlər heç bir aktuallıq kəsb etməyən psevdoproblemlərin “tədqiqindən” və yaxud dəfələrlə işlənmiş, tədqiq edilmiş mövzunun yenidən “öyrənilməsindən” o yana getməyəcək. Bu sahədə dəyişikliklərə stimul vermək və alimlərin motivasiyalarını yüksəltmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi də işin xeyrinə olardı. Məsələn, bu gün elmi layihələri maliyyələşdirmək üçün Elmin İnkişafı Fondu, yaxud gənc tədqiqatçıların işlərini maliyyələşdirə biləcək Prezident yanında Gənclər Fondu, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu kimi ciddi milli donor qurumlar fəaliyyət göstərir. Bu qurumlar elmi və ya elmlə bağlı layihələri maliyyələşdirərkən, internet və yeni medianı ehtiva edən innovativ və kreativ layihələrə yer ayırmalıdırlar. Həmçinin bu cür layihələr seçilərkən, onlara spesifik yanaşma tətbiq etmək, lazım gələrsə, birgə donorluq həyata keçirmək də məqsədəuyğun olardı. Çünki bunu internet və yeni medianın, bir neçə sahə və istiqamətin qovşağında götürülməsi təmin edir. Bu məqam alimlərin internetlə bağlı elmi tədqiqatlarının stimullaşdırılması üçün maliyyələşmə ilə bağlıdır.

Bu sahədə tədqiqatlar aparılması, birinci növbədə, Azərbaycan elminin inkişafı, onun aktual məsələləri araşdırması və cəmiyyətə daha çox fayda verməsi baxımından olduqca vacibdir. Yəni bu məsələdə “cəmiyyətə xidmət naminə elm” prinsipinə əsaslanmaq çox önəmlidir. Həmçinin cəmiyyətdə internet və yeni mediadan yararlanma mədəniyyətinin yüksəldilməsi baxımından da bu sahədə tədqiqatların aparılması fayda qazandıra bilər. Bu gün dünyada savadlılıq kriteriyaları çoxdan dəyişib. BMT-nin dünyada savadlılıqla bağlı kriteriyalarını sadalayaq: yazıb oxumağı bilmək, hər hansı geniş yayılmış bir xarici dili bilmək, informasiya-kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq, sosial hüquqları bilmək və nəhayət, bütün bu bilgiləri digərlərinə ötürməyi bacarmaq. Göründüyü kimi, çağdaş savadlılıq kriteriyalarından biri də məhz informasiya-kommunikasiya texnologiyaları, o cümlədən internetlə bağlıdır. Onu da qeyd etdik ki, internet və yeni media olduqca mühərrikdir və bu baxımdan cəmiyyətin, xüsusən də internetdə, sosial şəbəkələrdə aktiv olan gənclərin mütəmadi maarifləndirilməsi, məlumatlandırılması lazımdır. Həmçinin internet və yeni media ilə bağlı qanunvericilik, bununla bağlı dünya praktikası və bunun ölkəmizdə tətbiqi məsələləri ilə bağlı tədqiqatların aparılması da önəm kəsb edir. Eyni zamanda yeni mediada peşəkar jurnalistika fəaliyyətilə bağlı qənaətbəxş dərs vəsaitləri və proqramlarının hazırlanması və onların jurnalistika fakültələrində və ya jurnalistika ilə bağlı ixtisasartırma kurslarında tətbiq edilməsi kimi məsələlər də tədqiqatlara ehtiyac duyur. Hazırda isə bu mövzuda yalnız kiçik tərcümə vəsaitlərinə və ya hansısa xarici qrant layihəsi çərçivəsində hazırlanmış materiallara rast gəlirik. Halbuki ilk baxışdan asan başa gələn kimi görünən bu cür proqram və vəsaitlərə də strateji yanaşma və onlarla bağlı tədqiqatlar aparmaq daha məqsədəuyğun olardı…

Xülasə, bu baxımdan müvafiq sahə alimlərini internetin və yeni medianın tədqiqinə cəlb etmək, media mənsubları ilə interneti tədqiq edən elm adamlarının işbirliyinə nail olmaq lazımdır.

İnternetin elmi tədqiqi təhlükəsizlik müstəvisində

Başqa bir vacib məqam isə informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından tədqiqatların aparılmasıdır. Məlum olduğu kimi, bu gün bütün dünya, “demokratiya beşiyi” olan dövlətlər də daxil, internetdə informasiya təhlükəsizliyinin qorunmasını ən aktual məsələlərdən biri hesab edir. O da məlumdur ki, internet, sosial şəbəkələr xarici kommunikasiya vasitələri ilə bağlıdır. Buna görə də burada hər hansı kənar müdaxilələr, təxribatlar və sairin baş verməsi daim gözləniləndir ki, bu da bir daha sözügedən məqamın aktuallığını ortaya qoymuş olur.

İnsanlar qeyri-rəsmi, çətin və qanunsuz yollarla əldə etdikləri informasiyaların düzgün olduğuna daha çox inanırlar. Bu fikir “Nüfuzetmə psixologiyası” əsərinin müəllifi, yeni dövrün Qərb mütəfəkkiri Robert Çaldiniyə məxsusdur. Yeni medianın, sosial şəbəkələrin sürəti şəraitində, son dövrlərdə biz bir daha bu fikrin özünü doğrultduğuna əmin oluruq. Bu, bütün cəmiyyətlərdə, xüsusən də postsovet ölkələrində, Şərq ölkələrində özünü qabarıq göstərir. İnternet və informasiya texnologiyaları vasitəsilə dünyanı, cəmiyyətləri yönləndirməyə çalışanlar, kiber təxribatlarla dövlətləri sarsıtmaq məqsədi güdənlər də çox hallarda insan psixologiyasının bu kimi xüsusiyyətlərindən yararlanmağa çalışırlar. Bu, internet və yeni media ilə bağlı elmi müzakirə və tədqiqatların nə qədər aktual olduğunu bir daha ortaya çıxarır. Xüsusən də müharibə aparan, işğalda olan torpaqlarını azad etməyə çalışan bir ölkədə bu məsələ olduqca vacibdir. Çünki düşmən qüvvələri internet məkanından yararlanaraq, istənilən dezinformasiyalar yaya, saxta xəbər saytları, sosial şəbəkələrdə saxta profillər yaradaraq, cəmiyyət üzvlərini çaş-baş sala bilərlər. Belə zamanlarda isə xüsusilə xəbər saytlarımız, yeni media qurumlarımız olduqca diqqətli olmalıdırlar. Sözügedən sahənin aktuallığı diktə edir ki, bizdə bu sahədə elmi tədqiqatlara strateji yanaşma təmin edilsin. Bu baxımdan müvafiq sahə alimlərini internetin və yeni medianın tədqiqinə cəlb etmək, media mənsubları ilə interneti tədqiq edən elm adamlarının işbirliyinə nail olmaq lazımdır. Həmçinin bu sahəni tədqiq edən, eyni zamanda virtual aləmə yönəlmiş aktivlik göstərən beyin mərkəzlərinin ərsəyə gətirilməsi də zəruridir. Qeyd edilənlər təkcə Ermənistanla savaşdan yox, ümumiyyətlə, bütün sahələr üzrə və bütün tərəflərdən təhlükəsizliyimizi təmin etməkdən irəli gəlir.

İnterneti zəbt etmiş psevdoalimlər və onların “nəzəriyyələri”...

Online saytlar və sosial şəbəkələrdə olan mənfi tendensiyalardan biri həqiqi ekspert və alim yanaşması tələb edən məsələlər adına hər cür cəfəngiyyatların olmasıdır. Belə ki, onsuz da elmimiz hazırda postsovet böhranından yenicə qurtulmaqdadır. Üstəgəl, tarixi, ideoloji məsələlərdə SSRİ dönəmindəki yalanlardan imtina etdiyimiz bir vaxtda, hələ də onların yerini tutmalı olan sanballı, həqiqi araşdırmalara ciddi ehtiyac duyuruq. Belə bir şəraitdə isə çoxlu sayda “ekspert” və “alim” “istehsal” edə bilmişik.

Belələri, Azərbaycan tarixi, etnogenez, ideologiya, türkçülük, turançılıq və sair məsələlərlə bağlı ağıllarına və ağızlarına gələnləri yaymaqda olduqca böyük imkanlar qazanıblar. Bu baxımdan saytlar və sosial şəbəkələr həmin “ekspert”lərin reklamı və “nəzəriyyələrinin” yayılması üçün əvəzolunmaz vasitələrə çevriliblər. Təbii ki, internetdən, sosial şəbəkələrdən yararlananların böyük çoxluğunun təhsil, tarixi-kulturoloji bilgilər baxımından bitkin və informasiyalı olmadığını da bu baxımdan nəzərə almaq lazımdır. Belə hallarda isə həmin “ekspertlər” və “alimlər” internet vasitəsilə kütləyə daha asan bir şəkildə qəbul etdirilirlər.

İnternet, ondan istifadə edən informasiyasız kütlə vasitəsilə bu cür “ekspertlərin” istehsalını böyük sürətlə reallaşdırmaqdadır. Bəllidir ki, informasiyanın bolluğu, hələ bu bolluqda informasiyaların hər birinin düzlüyü demək deyil. Bu baxımdan, internetdən istifadə edən informasiyasız kütlənin “alim” və “ekspertlərin” cəfəng müddəalarının kütləvi daşıyıcılarına çevrilməsi isə arzuolunan deyil. Çünki bu hal, nəinki tarixi-ideoloji və elmi məsələlər, hətta bugünkü Azərbaycan həqiqətləri, mədəniyyəti, dəyərləri barədə internet istifadəçilərində düzgün, normal biliklərin formalaşmasına böyük maneçilik törədir.

Bir çox xəbər saytları və portallar isə elm, tarix, ideologiya barədə “ekspertlərin” təqdimatında ifrat yalan, diletant məlumatlarla çıxış edirlər. Saytlar imic, ictimai məsuliyyət kimi məsələləri bir kənara atıb, bəzən də sensasiya xatirinə bunu edirlər. Halbuki normal halda, elmdə hər hansı bir sensasiyanın arxasında müəyyən əsaslandırıcı müddəalar dayanmalıdır ki, bizim “ekspertlər”in də həmin əsaslandırıcı müddəalarla çıxış etmək bacarığı hələ ki, özünü göstərə bilmir. Beləliklə, bu cür hallar ona gətirib çıxarıb ki, bəzi “alim” və “ekspertlər” internet vasitəsilə cəmiyyətin informasiyasız, təhsil səviyyəsi aşağı olan hissəsinin daha da savadsızlaşmasına səbəb olurlar, dünyagörüşü olmayan insanlar bu “ekspert”lərin təsiri altına düşür.

Bütün qeyd edilənlər göstərir ki, ciddi xəbər daşıyıcısı kimi çıxış etmək iddiasında olan, imicini qorumağa çalışan saytlar sözügedən “ekspertlərdən” və onların cəfəng müddəalarından, mülahizələrindən uzaq olmalı, onlara yer ayırmamalıdırlar. Əksinə, bu cür “ekspertlərin” hər bir fikrinə qarşı əsl ekspertlərdən fikirlər öyrənilməli və işıqlandırılmalıdır.

Həmçinin sosial şəbəkələrdə elm və tariximizə, mədəniyyətimizə, ideologiya məsələlərinə aid çoxlu düzgün maarifləndirici qruplar yaradılmalı, bu cür qruplar olduqca aktiv fəaliyyət göstərməlidirlər ki, sosial şəbəkələrdən istifadə edənlərin tarix, mədəniyyət, dəyərlər, ideologiya baxımından bilikləri, kulturoloji səviyyəsi yüksəlsin. Eləcə də elmi müstəvidə məhz bu məqama hesablanmış tədqiqatların aparılmasına və layihələrin reallaşdırılmasına ehtiyac var.

 

İlkin AĞAYEV

 

Palitra.- 2015.- 9 iyul.- S. 10.