“Həm klassik, həm də müasir ədəbiyyatımız xarici dillərdə yayımlanmalıdır”

 

Gülnar Qasımlı: “Nəzərə alsaq ki, dünyanın ən böyük mükafatlarından olan “Nobel” mükafatı ədəbiyyatçılara da şamil edilir, onda bu sahənin nə qədər önəmli olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur”

 

Azərbaycan ədəbiyyatı ilə bağlı elmi araşdırmalar aparılması və bu araşdırmaların dünya çapında tanıdılması həqiqətlərimizin, ədəbiyyatımızın və dəyərlərimizin dünya elmi kontekstində tanıdılması baxımından böyük önəm daşıyır. Bu baxımdan alimlərimizin, xüsusən də Azərbaycan ədəbiyyatı ilə bağlı fundamental tədqiqatlar ortaya qoyan elm adamlarımızın beynəlxalq elmi konfranslarda çıxışları çox vacibdir. Mövzu ilə bağlı layihə çərçivəsində müsahibimiz AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktorantı Gülnar Qasımlıdır.

- Öncə özünüzü təqdim edərdiniz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

- Mən - Qasımlı Gülnar Vaqif qızı bakalavriat təhsilimi Bakı Dövlət Universitetində, magistr təhsilimi Azərbaycan Müəllimlər İnstitutunda almışam. 2014-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktorantıyam. Elmi rəhbərim f.e.d Vaqif Yusiflidir. Gənclər və İdman Nazirliyinin mükafatçısı, gənc yazar kimi Prezident təqaüdçüsüyəm.

- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?

- Ədəbiyyat cəmiyyətin formalaşmasında birbaşa təsiri olan elm olduğu üçün onun inkişafının öz qanunauyğunluqları var. Dünya xalqları daha çox mədəni inkişafı ilə özünü təqdim edir, bu mənada ədəbiyyatda olanların xüsusi çəkisi olur. Ona görə də, yazıçı və şairlərin necə yazmağımdan başlamış, onların necə araşdırılmasına kimi hər bir işdə ciddi məsuliyyət olmalıdır. Hal-hazırda elmi işim müstəqillik illərində yazılmış poemaları araşdırmaqdır.

- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- Poema janrı dünya ədəbiyyatında işlənən bir janr olub. Bizim ədəbiyyatımızda isə XII əsrdən mütəmadi müraciət edilən janrdır. Hal-hazırda dünya ədəbiyyatında bu janr işləkliyini itirir, eləcə də qardaş Türkiyə ədəbiyyatında artıq belə bir janr sıradan çıxır. Təbii ki, janrın taleyi onun tədqiqatına da təsirsiz qalmır. Azərbaycan ədəbiyyatında sovet dövründə yazılmış poemalar barəsində əsaslı tədqiqat əsəri Rafiq Yusifoğlunun monoqrafiyasıdır. Müasir dövrdə yazılan poemaların isə monoqrafik araşdırılması hələ ki, hiss olunmur.

- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Əgər nəzərə alsaq ki, dünyanın ən böyük mükafatlarından olan “Nobel” mükafatı ədəbiyyatçılara da şamil edilir, onda bu sahənin nə qədər önəmli bir sahə olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Çağdaş ədəbiyyatımızda əsas məqsəd o cür böyük hədəflərə nail olmaq olmalıdır. Həm klassik, həm də müasir ədəbiyyatımız xarici dillərdə yayımlanmalıdır. Düzdür, xarici şərqşünaslar və ya türkoloqlar bu sahədə bəzi işlər görüblər, müəyyən araşdırmalar aparıblar, ancaq onlar bunu bizim üçün etməyiblər, öz işlərini görüblər. Digər bir tərəfdən böyük kinoşirkətlərin Azərbaycan ədəbi nümunələrinə də müraciət etmələri üçün məqsədyönlü fəaliyyət olmalıdır.

- Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Bu sahədə müəyyən islahatlar artıq aparılır, bu, özünü magistr və doktorant qəbulunda göstərir. İlkin olaraq, əsas diqqət xarici dil biliklərinə yönəldildi, bunu da uğurlu addım hesab etmək olar. Kadr seçiminə gəldikdə isə tanıdığım kifayət qədər gənc tədqiqatçılar var ki, onlar elmə ciddi və məsuliyyətli yanaşmağı bacarır. Elmi məqalələrin çapında kifayət qədər ləngimə ödənişlərə görə olur. AMEA-dan başqa əksər təhsil müəsisələrinin elmi jurnalları ödənişlidir. Xaricdə çap olunan məqalələr də araşdırmaçının öz xərci hesabına olur.

- Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Ədəbiyyat özlüyündə dünyaya inteqrasiya edən elmdir. Lakin buna da müəyyən təkan olmalıdır. Gənc tədqiqatçılarımız xaricdə təşkil olunan konfrans və simpoziumlara nə qədər çox cəlb edilərsə, bu, ümumi elmimizin xeyrinə olar. Təhsilimizlə bağlı vaxtilə ucqar sərhəd kəndində müəllim işləmiş biri kimi onu deyə bilərəm ki, ən əsas şərt kadrdır. İndi ixtisasına sahib, ixtisasını mükəmməl bilən kadrlar təhsilimizə öz töhfəsini verə bilər. Hazırkı tədris proqramı elə bir formaya malikdir ki, burada savadsız kadr öz-özünə geri çəkilmək məcburiyyətində qalır. Ali məktəblərimizdə isə müasir texnologiyalara cavab verən tədis auditoriyaları kifayət qədər deyil.

Öz institutumuza gəldikdə isə son zamanlar həyata keçirilən önəmli tədbirləri bildirmək olduqca məqsədəuyğun olardı. Belə ki, Nizami adına Ədəbiyyat İnstitutunun çox hörmətli direktoru, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrdən elmi mühitimizdə böyük bir canlanma müşahidə olunmaqdadır. Çünki akademik İsa Həbibbəyli xüsusən də gənc elmi kadrların hərtərəfli inkişafı və keyfiyyətli tədqiqatlar aparması üçün çox çalışır. Zənnimcə, Azərbaycan mətbuatının nümunələrinin (Azərbaycan mühacirət mətbuatı da daxil olmaqla) transliterasiyalı nəşrlərini, yəni əski Azərbaycan əlifbasından latın əlifbasına çevrilərək çap olunub, oxucularımıza təqdim olunması da olduqca məqsədəuyğun olardı. Bunlar gələcək tədqiqatçılar üçün dəyərli mənbələrdir. Bütün bunlar mətbuat tariximizin inkişafı istiqamətində atılan uğurlu addımlardır. Azərbaycan elmini dünya elm meydanında tanıtmaq ən vacib amillərdən biridir. Bunun üçün ən birinci növbədə ingilis dilini və dünyada geniş yayılmış dillərdən müvafiq olanlarını bilmək mühüm şərtdir. Mən istərdim ki, ümumiyyətlə, zəngin Azərbaycan ədəbiyyatı, publisistikası ilə bağlı dünyanın ən nüfüzlü impakt faktorlu jurnallarında bizim tədqiqatçıların elmi əsərləri geniş yer alsın. Bizim tədqiqatçılar heç də dünyanın ən nüfuzlu elm xadimlərindən geri qalmır.

Bundan başqa, dünyanın beynəlxalq elmi konfranslarında azərbaycanlı ədəbiyyat tədqiqatçıları daha çox məruzə etməli, tədqiqatlarını dünyada tanıtmalıdırlar. Həmin tədqiqatlar içərisində Azərbaycan mədəniyyəti, həqiqətləri, Qarabağ mövzusuna daha çox geniş yer verilsə, öz həqiqətlərimizin dünya ictimaiyyətinə tanıdılması yolunda daha böyük işlər görmüş olarıq.

Bundan başqa gənc alimlərin müxtəlif yollarla stimullaşdırılması işləri daha intensiv şəkildə davam etdirilməlidir. Bu baxımdan, onların elmi dərəcə almaları da böyük önəm daşıyır.

- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Əgər onlar xaricdə təhsil almağa qədər inkişafa nail ola biliblərsə, bunun özü ən böyük uğurdur. Biz sadəcə onlarla mütəmadi əlaqələrimizin olmasını istərdik. Bir də ki, onların Azərbaycan elmini təbliğ etmək üçün daha geniş imkanları var, bunu lazımınca dəyərləndirsinlər.

- Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Təbii ki, təhsil aldığım müddətdə elmi işin tamamlanması ən vacib məsələdir. Mütəmadi olaraq beynəlxalq konfrans və simpoziumlara qatılıram. Elmi pillənin müəyyən səviyyəsinə qədər gəlmiş bir mütəxəssisin əsas məqsədlərindən biri daha irəli getmək olar. Planımda monoqrafik kitabların çap olunması da var.

 

İlkin AĞAYEV

 

Palitra.- 2015.- 14 iyul.- S. 11.