“Müasir dərs şagirdlərin şəxsiyyət kimi formalaşmasına xidmət etməlidir”

 

Anar Mustafazadə: “Yeni metodlarla qurduğum dərslərin təhlilini apararkən hiss edirəm ki, şagirdlər belə dərsləri daha yaxşı qavrayır və özlərinə lazım olan informasiyaları və digər insani keyfiyyətləri daha yaxşı mənimsəməyi bacarırlar”

Layihə çərçivəsində müsahibimiz Qax rayon Qaratala kənd tam orta məktəbinin coğrafiya müəllimi Anar Mustafazadədir. O, müsahibəyə müasir dərslə bağlı məlumat verməklə başladı:

-Artıq 7 ildir ki, məktəblərdə kurikulum proqramları ilə fənlər tədris olunur. Bu proqramlar da öz tətbiqini dərs prosesində tapır. Artıq ənənəvi dərs şagirdlər üçün öz marağını getdikcə itirməkdədir. Bu səbəbdən müasir dövrün tələblərinə cavab verən şagirdyönümlü müasir dərslərin keçirilməsi günümüzün aktual məsələlərindəndir. Müasir dərslərə qoyulan tələblər isə daha fərqli və daha cəlbedici məzmunu ilə şagirdlərin diqqətini daha çox özünə cəlb edir. Müasir dərs necə olmalıdır sualına isə cavab vermək bir qədər məsuliyyətli məsələdir. Mənim fikrimcə, müasir dərs şagirdlərin şəxsiyyət kimi formalaşmasına xidmət etməli, onlarda bütün kompetensiyaları aşkara çıxarmağa və olmayanları formalaşdırmağa xidmət etməlidir. Bu proses olduqca ciddi və məsuliyyətli məsələdir. Günümüzdə müasir dərsin bir neçə mərhələsi pedaqoqlar və metodistlər tərəfindən təklif olunub. Bu mərhələlərdə interaktivlik ən vacib şərt hesab olunur. İnteraktivlik isə interaktiv metodların dərs prosesində tətbiqi ilə reallaşa bilər. Fikrimcə, müəllim artıq yeni nəslin təhsil tələbinə cavab vermək üçün yenilikləri qəbul etməli və onlardan məqsədyönlü istifadəni ustalıqla bacarmalıdır. Müəllimlərin yeniliklərdən faydalanmaları isə bu gün o qədər də çətin proses deyil. Həm informasiya bolluğu, həm Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar, həm də müasir təlim prosesi ilə bağlı keçirilən seminarlar, treninqlər və kurslar müəllimlərin yeniliklərdən faydalanmasına geniş imkanlar yaradır. Bir gənc müəllim kimi mən də öz fəaliyyətimdə bu yeniliklərdən bacardığım qədər istifadə edirəm. Hər dəfə çalışıram ki, dərslərimi müasir formada qurum və şagirdlərin diqqətini tamamilə dərs prosesinə yönəldə bilim. Yeni metodlarla qurduğum dərslərin təhlilini apararkən hiss edirəm ki, şagirdlər belə dərsləri daha yaxşı qavrayır və özlərinə lazım olan istər informasiyaları, istərsə də digər insani keyfiyyətləri daha yaxşı mənimsəməyi bacarırlar. Yeni metodlarla keçirilmiş dərslər şagirdlərin təfəkküründə özünə bir hadisə, bir film kimi daha möhkəm yer tapır.

-Yeniliklərin tətbiqi hansı səviyyədədir? Bəzi müəllimlər hesab edir ki, ənənəvi qayda ilə dərs keçmək daha effektli olur.

-Yeniliklər, təbii ki, köhnələrin üzərində bərqərar olur. Yeniliklərin qəbul olunması da insanların təfəkkür səviyyəsindən asılı olaraq dəyişir. Doğru buyurursunuz ki, günümüzdə elə müəllimlər var ki, ənənəvi qayda ilə dərs keçməyin daha effektli olduğunu söyləyirlər. Bu fikrə münasibət bildirməzdən öncə bir haşiyə çıxmaq istərdim. Mən orta təhsil aldığım müddətdə ənənəvi qaydalarla dərslər tədris olunurdu. O günün tələbatı, şagirdlərin dünyanı dərk etmə qabiliyyəti başqa idi. Və o zaman üçün ənənəvi metodlar daha səmərəli idi və nəticəsi müsbət olurdu. Amma bu gün ənənəvi dərslə nəyə isə nail olmaq çox çətindir. Bunun çətinlikləri nədən ibarətdir? İlk öncə şagirdlərin dünyagörüşü və informasiya bilikləri daha çoxdur. Bilik əldə etməyin yolları və üsulları olduqca sadələşib. Bu vacib məsələlərə görə, şagirdin diqqətini dərsə cəlb etmək çox da asan iş deyil. Bu baxımdan ənənəvi üslub müəllimlər üçün keçici olmaya bilər. Biz şagirdləri fərqli formalarda biliklərə və digər keyfiyyətlərə yönləndirməyi bacarmalıyıq. Mənim fikrimcə bu, ənənəvi qayda ilə heç cür mümkün deyil.

-Şagirdlərin dərsə diqqətini artırmaq üçün nə etmək lazımdır?

-Zamanın elə axarına gəlib çıxmışıq ki, insanların diqqətini hansısa vacib məsələyə yönləndirmək çox çətinləşib. O ki qaldı bu zamanın övladlarının diqqətini dərsə cəlb etmək. Çətin və çox ağır prosesdir. Bu işdə müəllimlər qədər valideynlərin də məsuliyyəti böyükdür. Dağınıq fikirlərə, fərli psixologiyaya, fərqli məqsədlərə malik olan şagirdlərin hər hansı bir fənnə və ya dərsə diqqətini cəlb etməkdən söhbət gedirsə yəqin ki, bunun da həlli yolları var. Mənim fikrimcə, şagirdlərin diqqətini dərsə cəlb etməyin aşağıdakı üsulları ola bilər:

1. Hər dərsdə müxtəlif metodlardan istifadə.

2. Bütün şagirdlərin dərs prosesində aktiv iştirakını təmin etmək.

3. Sıxıcı olmamaq üçün vaxtaşırı oyunlardan istifadə etmək.

4. Şagirdlərlə yalnız məktəbdə deyil, həmçinin məktəbdənkənar tədbirlərdə aktiv iştirak etmək.

5. Şagirdlərin maraq göstərdiyi sahələrdən istifadə etməklə onlara lazım olan bilikləri ötürmək.

6. Daha diqqətli olanlar üçün stimullaşdırıcı tədbirlər görməklə rəqabətli mühit yaratmaq.

7. Hər hansı bir predmetin öyrənilməsinin zəruriliyini və onun həyatdakı əhəmiyyətini şagirdlərə dərk etdirmək.

8. Şagirdlərə keçirilən dərs və ya mövzu ilə bağlı daha maraqlı biliklər təqdim etmək.

Mənə elə gəlir ki, bu 8 bəndi tətbiq edən müəllimin dərsi maraqsız ola bilməz.

-Siz gənc müəllim kimi coğrafiya dərslərində hansı yeniliklərədən istifadə edirsiniz?

-Dünya və bizi əhatə edən aləm haqqında şagirdləri ətraflı məlumatlandıran coğrafiya fənni hazırda məktəbimizdə və həmçinin respublikamızın bütün ümumtəhsil müəssisələrində müxtəlif üsul və metodların köməkliyi ilə tədris olunur. Bu üsullar fənni daha maraqlı etməklə bərabər, həmçinin şagirdlər tərəfindən mövzuların mənimsənilməsini asanlaşdırır. Amma bir şeyi unutmaq olmaz ki, hər bir metodun tətbiq olunduğu mövzunu və vaxtı dəqiq müəyyənləşdirmədən yuxarıda qeyd olunan məqsədə nail olmaq olmaz. Bəlkə də, işimizi çətinləşdirmiş olarıq. Bu baxımdan mən də öz dərslərimdə yeri gəldikcə müxtəlif metodlardan istifadə edirəm. Bu metodların içində şagirdlər tərəfindən ən çox seviləni və daha effektli olanları sırasında qabaqcıl yerlərdə dayanan həm də ümumiyyətlə, respublikamızın ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən daha tez-tez istifadə olunanı “klaster”, yəni “şaxələndirmə” metodudur. Bu metod şagirdlərin hər hansı bir anlayış və ya mövzu barədə dərin biliklərini ortaya çıxaran metoddur. Onun köməkliyi ilə yekunda ortaya çıxan anlayışların araşdırılan və ya şaxələndirilən bilik və anlayışlarla əlaqəsini müəyyənləşdirmək və şagirdin biliklərinin qısa müddətdə mübadiləsini təmin etmək məqsədi daşıyır. Şagirdlərin sərbəst fikir yürütmə qabiliyyətlərinin və şagirdlər tərəfindən analiz və sintez etmənin inkişafını təmin edir. Coğrafiya həyatla bilavasitə əlaqəli olduğuna və insanların dünya görüşündə müəyyən yer tutduğuna görə fənnə daxil olan istənilən anlayışı analiz və sintez etmək daha asandır. Bu baxımdan “klaster” metodu coğrafiya dərslərində daha effektlidir. Bir çox pedaqoqlar və təhsil mütəxəssisləri bu metodu tətbiq edərkən ortaya qoyulmuş anlayışın sonda yaranan anlayışlarla əlaqəsi olmaya da bilər- fikirlərini doğru qəbul etmirəm. Mənim fikrimcə, bu tip ifadələr “klaster” metodunun səmərəlilik prinsipini şübhə altında qoyur və metod sanki söz oyunu xarakteri daşımağa başlayır. Halbuki təlim metodları konkret məqsədə xidmət edir. Öyrənməni maraqlı və daha asan etmək. “Klaster” metodundan coğrafiya dərslərində ən çox nə zaman istifadə edirəm?

1.Şagirdlərin dünyagörüşlərində kifayət qədər yer tutan və yeni keçilən mövzuların tədrisində.

2.Şagirdlər materiklər və okeanların hər birinə aid ətraflı biliklərə yiyələndikdən sonra təkrar dərslərdə.

3. Müstəsna hallarda şagirdlərin biliklərində çox az yer tutan yeni mövzuların tədrisi zamanı və s.

“Klaster” metodu bilikləri dərinləşdirir, düşünməyə sövq edir, yaradıcı və əlaqələndirici xassələrə malikdir, fikir mübadiləsində əhəmiyyətli rol oynayır. “Klaster” metodunun mənfi cəhətləri də var. Belə ki, doğru tətbiq olunmadıqda mahiyyətdən uzaqlaşma müşahidə olunur. Bəzi hallarda əsas anlayışa zidd olan fikirlər formalaşdırır. Bir çox “klaster” sxemlərində mərkəzi anlayışla kənar anlayışlar arasında əlaqə tapmaq olduqca çətinləşir. Doğru tədqiqat aparılmadıqda şagirdlərin diqqətini mövzudan uzaqlaşdırır. Qısa təcrübəm ərzində müəyyən etmişəm ki, coğrafiya dərslərində “klaster” metodunu bütövləşdirmək və daha dərindən öyrənməni səmərələşdirmək məqsədilə klaster metodunun yarım əksi olan anlayışın çıxarılması metodu ilə tamamlamaq daha məqsədə uyğundur. Əgər eyni mövzunu və ya anlayışı bir-neçə dəfə təkrarlayırıqsa, ilk öncə “klaster” və daha sonra anlayışın çıxarılması metodundan istifadə etmək olar.

 

Anar Miriyev

 

Palitra.- 2015.- 22 iyul.- S. 11.