“Azərbaycan Avropa İttifaqının strateji və enerji tərəfdaşıdır”

 

Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dünən rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti deyib ki, bu səfər Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında mühüm addımdır: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Biz çox şeyə nail olmuşuq və sözsüz ki, gələcək üçün planlarımız var. Bu gün biz əməkdaşlığımızın perspektivlərini müzakirə edəcəyik. Hələlik isə bizim mövqeyimizə gəlincə, biz gündəliyin çox geniş olmasından, Azərbaycan, Avropa və regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələri əhatə etməsindən razıyıq. Biz sözsüz ki, əsas diqqəti siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi və digər ənənəvi sahələrə cəmləşdirməklə tərəfdaşlığımızı dərinləşdirməyi, əlaqələri intensivləşdirməyi və əməkdaşlıq üçün yeni sahələr tapmağı planlaşdırırıq. Ona görə də ümidvaram ki, səfəriniz zamanı nə etdiyimizi və hansı işləri planlaşdırdığımızı müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri yüksələcək və qarşılıqlı şəkildə faydalı, Avropa və Azərbaycanın maraqlarını, regional təhlükəsizlik və regional inkişaf kimi məsələləri əks etdirən yeni mərhələyə qədəm qoyacaq”. Avropa İttifaqı Şurasının prezidenti Bakıya ilk səfərini çox yaxşı xatırladığını deyib: “Bu, 5 il bundan əvvəl olub. Lakin bu, mənim Avropa İttifaqı Şurasının prezidenti kimi ilk səfərimdir. Təmkinli olduğunuza görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mən Avropadakı problemlərlə əlaqədar Azərbaycana səfərimi təxirə salmalı olmuşdum. Məni başa düşdüyünüz üçün Sizə təşəkkür edirəm. İndi mən buradayam və razıyam. Bildiyiniz kimi, mənim üçün burada olmaq təkcə dostluq baxımından deyil, ilk növbədə, Sizin qeyd etdiyiniz sahələrdəki əlaqələrimizin vacibliyi baxımından böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim üçün əməkdaşlığımızla əlaqəli olan “Enerji Birliyi” adlanan ideya baxımından əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Avropa olaraq bizim üçün bu sahədə əməkdaşlığımız təkcə işbirliyindən ibarət deyil, əslində bu, enerji resursları marşrutlarının şaxələndirilməsi üçün strateji seçim və strateji imkandır”. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bildirilib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olunub. Sonra Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının prezidenti arasında söhbət təkbətək görüşdə davam etdirilib. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub. Dövlət başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk əvvəlcə bəyanatlarla çıxış ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb.

 

"Ümid edirəm ki, beynəlxalq ictimaiyyət təcavüzkara Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək üçün daha çox təzyiq göstərəcək"

 

“Trend”in məlumatına görə, Azərbaycan Prezidenti deyib ki, regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi və bu münaqişənin həlli yolları müzakirə edilib: “Mən danışıqların hazırkı vəziyyəti və münaqişənin tarixi barədə məlumat verdim. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır". Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. Prezidentin sözlərinə görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 ətraf rayonu işğal edib, milyondan artıq azərbaycanlı bu təcavüzün qurbanına çevrilib, qaçqın, məcburi köçkün vəziyyətinə düşüb. Dövlət başçısı vurğulayıb ki, münaqişənin müvafiq hüquq normaları və BMT qətnamələri əsasında ən qısa müddətdə həlli Cənubi Qafqazda bütün xalqların xeyrinədir. Prezident ümid edir ki, beynəlxalq ictimaiyyət təcavüzkara Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək üçün daha çox təzyiq göstərəcək.

 

“Beynəlxalq ictimaiyyət

təcavüzkar və onun qurbanı arasında

dəqiq fərq qoymalıdır”

 

Prezident qeyd edib ki, Azərbaycanla və digər qonşu ölkələrlə münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi qeyri-müəyyən ola bilər. Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sərkisyanın bu yaxınlarda D.Tuskla keçirdiyi mətbuat konfransında Azərbaycana dair bəyanatı ilə bağlı sualı cavablandırıb: “Sözün düzü, bu gün ən az Avropa İttifaqı Şurasının prezidenti ilə mətbuat konfransından Azərbaycanı demokratiyanı pozmaqda və təcavüzdə ittiham etmək üçün istifadə edən cənab Sərkisyanın bəyanatı barədə danışmaq istərdim. Bu, tamamilə mənasızdır, çünki Sərkisyan yəqin ki, demokratiyadan danışmalı olan son insandır. 2008-ci ildə öz sələfi tərəfindən Ermənistan rəhbəri təyin edilmiş bu insan seçkiləri saxtalaşdırıb, sonra isə ordudan dinc nümayişləri yatırtmaq üçün istifadə edib. Onun demokratiyadan danışmağa haqqı yoxdur". Azərbaycan və Ermənistanın eyni səviyyəyə qoyulması ilə bağlı ittihamlara gəlincə, belə demək mümkündürsə, daha çox Azərbaycan belə ittiham irəli sürə bilər. Bu, daha təbii olardı, çünki beynəlxalq ictimaiyyət təcavüzkar və onun qurbanı arasında dəqiq fərq qoymalıdır. Təcavüzkar öz cəzasını almalıdır”. İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi öz vəziyyətini nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirməklə özünü Azərbaycan və digər qonşularla regional əməkdaşlıqdan məhrum edir. Sərkisyanın idarəçiliyi dövründə Ermənistanda müşahidə edilən yoxsulluq bunun nəticəsidir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı yaşayır”.

 

Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas investorlarıdır

 

Azərbaycan Prezidenti mətbuat konfransında Avropa İttifaqı ilə iqtisadi əlaqələrə toxunub. Prezident deyib ki, Azərbaycanın xarici ticarətinin təqribən yarısı Avropa İttifaqının üzv ölkələrinin payına düşür. Prezidentin sözlərinə görə, Aİ-nin üzv ölkələri Azərbaycanın əsas investorlarıdır: "Ölkəyə investisiyaların təqribən 50 faizi Avropa İttifaqından gəlir. İqtisadi əməkdaşlığın və iqtisadi fəaliyyətin digər formalarının inkişafı üçün yaxşı potensial mövcuddur". Dövlət başçısı qeyd edib ki, mümkün əməkdaşlığın elementlərindən biri nəqliyyat sahəsidir. İlham Əliyev bəyan edib ki, bu, Avropa və Asiya arasında qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək yeni İpək yolu olacaq. Prezident sonra vurğulayıb ki, Azərbaycan bu layihədə vacib tranzit rolunu oynayacaq. Prezident deyib ki, Azərbaycanın qaz ehtiyatları Avropaya on illər ərzində tədarükü təmin etmək üçün kifayət qədərdir. Prezident bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi artıq reallaşdırmanın fəal mərhələsindədir. Dövlət başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi" ölkələri birləşdirən və investorlar, tranzit ölkələr və istehlakçılar üçün mənfəətli layihədir. İlham Əliyev deyib ki, TANAP enerji təhlükəsizliyi layihəsidir, hazırda isə enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı nəzərdə tutula bilməz.

 

Donald Tusk: “Aİ Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir”

 

Donald Tusk qeyd edib ki, Azərbaycan Avropa İttifaqının etibarlı strateji və enerji tərəfdaşıdır. Onun sözlərinə görə, Avropa İttifaqının məqsədi qazın təhdid qismində istifadə edilməsinin aradan qaldırılmasıdır. Tusk bildirib ki, bu səbəbdən Aİ tədarüklərin şaxələndirilməsinə istiqamətlənib, Azərbaycan isə bu istiqamətdə İttifaqın əsas tərəfdaşıdır: “Hər iki tərəf üçün strateji cəhətdən əhəmiyyətli olan “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı üzrə səylərimizi birləşdirməklə bağlı razılığa gəldik”. O, qeyd edib ki, rəqiblərinin fəaliyyətinə baxmayaraq, Azərbaycan və Aİ layihənin vaxtında başa çatmasını təmin etməlidir: “Bu məsələ Avropa üçün tədarüklərin diversifikasiyası olduğu halda, Azərbaycan üçün ixrac imkanlarının genişlənməsi deməkdir”. Avropa İttifaqı Şurası prezidentinin sözlərinə görə, Azərbaycanın regionda Aİ-nin ən iri ticarət tərəfdaşı olmaq potensialı var: “Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı olmaqla yanaşı, ölkədə mühüm investorlardan biridir”. O bildirib ki, Aİ Azərbaycanla gələcək ticarət əlaqələrinin genişlənməsində maraqlıdır. O deyib ki, tərəflər strateji tərəfdaşlıq sazişi üzrə danışıqların tezləşdirilməsinin zəruriliyini də qeyd ediblər. Avropa İttifaqı Şurasının prezidenti həmçinin vurğulayıb ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.

 

Palitra.- 2015.- 23 iyul.- S. 3.