İndiki bəstəkarlar klassik musiqi janrına, vokal musiqisinə müraciət etmirlər

 

Müsahibimiz Respublika İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin vokal müəllimi Emma Zeynalovadır:

- Emma xanım, tədrisimizdə vokal sənətinin inkişafı haqqında nə düşünürsünüz?

- Bizim məktəb 11 illlik orta ixtisas musiqi məktəbidir. Bizim məktəb incəsənət məktəbi olduğu üçün nəinki vokal, həmçinin musiqinin bütün istiqamətləri tədris edilir. Vokal sənətindən söhbət açırıqsa, biz müəllim olaraq, şagirdin ilk növbədə səsinin inkişafına diqqət edirik. Səsə uyğun əsərlər seçirik tədris proqramına əsasən, ildə iki dəfə əsərləri dəyişirik.

Vokal sənətinin inkişafı üçün bir çox müsabiqə festivallar təşkil olunur. Bununla yanaşı, gimnaziyamızda ənənəvi olaraq, incəsənət xadimlərinin, bəstəkarların, şairlərin yaradıcılıq gecələri keçirilir. Tədbirlərdə istedadlı uşaqlarımızın çıxışları olur. Burada təkcə vokal sənəti göstərilmir. Həmçinin ifaçılıq, rəqs başqa istiqamətlər nümayiş etdirilir. Əlbəttə ki, yaradıcılıq gecələri təşkil olunduğu zaman sənətkarın nəinki yaradıcılığı ilə tanış oluruq, həmçinin istedadlı uşaqlarımızın qabiliyyət bacarığından da agah oluruq.

-Vokal sənəti üzrə xaricdə təhsil alan gənclərimizin sənətə addımlarını bir müəllim kimi necə qiymətləndirirsiniz?

- Xaricdə təhsil almaq əlbəttə ki, gözəl addımdır. Bu yöndə gənclərimiz gözəl addımlar atırlar. Çox sevinirəm ki, 2014-cü ildə şagirdim Əli Əliyev Sank-Peterburq Konservatoriyasının Vokal fakültəsinə qəbul olub. Hal-hazırda da onun tədris prosesini yaxından izləyirəm. İnternet vasitəsilə əlaqə saxlayıram. Sankt-Peterburq şəhərində çıxış etdiyi konsert proqramlarından videokadrlar göndərir. Əli, həmçinin mənə bir qəzet göndərdi. Qəzetdə onun haqqında yazılıb: Gənc Müslüm Maqomayev Əli Əliyev öz səsi ilə hər kəsi heyran etdi. Bu sözləri oxumaq belə mənim üçün qürurvericidir.

-Bəstəkarların vokal sənətinə diqqətini necə dəyərləndirirsiniz? Bəstəkarın yaradıcılığında vokal musiqisi yer alırmı?

- Mən deməzdim ki, bu gün yeni vokal musiqiləri bəstələnir. Biz əsasən I-V sinif proqramına Ağabacı Rzayevanın, Oqtay Zülfüqarovun, Hökümə Nəcəfovanın, Əfsər Cavanşirovun bir çox bəstəkarların əsərlərini daxil edirik. Yuxarı sinif proqramına isə dünya Azərbaycan klassiklərinin əsərləri daxildir. Məsələn, dünya klassiklərindən Bethovenin, Şubertin, Çaykovskinin, Bramsın digərlərinin, Azərbaycan klassiklərindən isə Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Tofiq Quliyevin başqa bəstəkarlarımızın vokal əsərləri tədris proqramında yer alır. Ancaq təəssüflər olsun ki, bu günün bəstəkarları klassik musiqi janrına, vokal musiqisinə müraciət etmirlər.

-Gənclərimizin vokal sənətinə münasibətini necə görürsünüz?

- Bu suala cavab vermək mənim üçün bir az çətindir. Düzü, bu hal, bu vəziyyət məni çox narahat edir. Gənclərimizin əksəriyyəti estrada musiqisinə, müasir musiqilərə meyil edirlər. Klassik musiqiyə, vokal musiqisinə maraq çox azdır. Məsələn, elə şagirdlərimiz var ki, ona dəfələrlə deyirik ki, sənin gözəl səsin var, sənədlərini Bakı Musiqi Akademiyasına ver. Lakin bu fikrə biganə yanaşırlar. Bu da yəqin, indiki zamanla əlaqədardır.

- Pedaqoq olaraq, gənclərin təfəkkürü, müasir həyatla ayaqlaşmaları haqqında hansı fikirdəsiniz?

- İndiki dövrdə gənclərin tək fikri ali məktəbə qəbul olmaqdır. Daha sonra maddi cəhəti düşünürlər. El şənliklərində oxumaq maddi cəhəti təmin etmək. Bu, əlbəttə, vacibdir. Ancaq təhsili daha da genişləndirmək, dünya universitetlərində təhsil almaq daha vacibdir. Lakin əvvəlki dövrlərə nəzər salsaq, gənclər ilk növbədə təhsillərini düşünürdülər. Konservatoriyanı bitirən tələbə İtaliya, Fransa dünyanın bir çox ölkələrində təhsil almağı qarşına məqsəd qoyurdu. Çox təəssüf ki, bu istək arzuları bu günün gəncliyində görmürəm.

Qeyd edim ki, mənim dərs dediyim şagirdlərin hamısı ixtisası üzrə təhsillərini davam etdiriblər. Bu baxımdan da çox xoşbəxt müəlliməyəm.

-Sənət yolunda arzularınız...

- Arzum odur ki, dərs dediyim şagirdlərimin hamısı ali məktəblərə qəbul olsunlar. Tanınmış ifaçı olsunlar mən onlara baxıb, fəxr edim.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-11 iyun.-S.15.