Tofiq Abdin yaradıcılığı

 

Paşayeva Aynurə Niyaz qızı |

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi

 

Azad ruhlu qələm sahibi, vətənsevər şair, jurnalist Tofiq Abdin Azərbaycan mətbuatında özənəməxsus yaradıcılığı ilə seçilən publisist yazıçılarımızdandır. Onun əsərləri içərisində “Dövlət çevrilişi” adlı publisistik povesti öz xüsusi əhəmiyyəti ilə seçilir. Tofiq Abdin “Dövlət çevrilişi” əsərini 1993-cü ildə Türkiyə mətbuatı üçün yazıb, ancaq illər sonra ilk dəfə 2010-cu ildə “Azərbaycan” ədəbi-bədii jurnalının 2-ci sayında dərc etdirib. T.Abdin öz müsahibəsində qeyd edir: Orta Doğunun baş redaktor müavini İrfan Ülkü mənə dedi ki, gəl bu yazını ver, çap eləyək. İstəmədim, çünki onda Heydər Əliyev hələ sağ idi, bilən-bilməyən, əsəri oxuyan-oxumayan yarınmaq məsələsini ortaya atacaqdı. İrfan bəy isə, doğrudan da, Heydər Əliyevin vurğunu idi. Məni indi də ən çox incidən odur ki, bəziləri bu fikirdədi, yəni yarınmaq fikrində. Özünüzgörürsünüz ki, bu əsərdə yarınmaqdan-filandan söhbət gedə bilməz. Amma sidq-ürəklə deyirəm, fakt odur ki, o zaman mən DTK (Dövlət Təhlükəsizlik Komitəsi-A.P.) sədrinin müavini olan Heydər Əliyevin yox, başqa bir adamın əlinə düşsəydim, şəxsən özümü deyirəm, taleyim tamam başqa cür olardı”.

Əsərdə bir qrup azadlıqsevər gənc tələbə Azərbaycanın vahid, müstəqil olması üçün heç bir konkret proqrama söykənməyən, düşüncəli lider tərəfindən idarə olunmayan, əvvəlcə qrup, daha sonra gizli təşkilat kimi fəaliyyət göstərmişdir. Lakin səmimiyyətlə inanıb içərilərinə buraxdıqları “dostlardan” kimsə bu təşkilat haqqında Sovet DTK-sına məlumat verir, gənclərin “milli birlik” arzularının həyata keçməsinə mane olurlar.

T.Abdinin DTK əməkdaşları tərəfindən dindirilmə səhnələri zamanı keçirdiyi psixoloji yaşantılar, təbii qorxu hissinin kədərli aurası incə detallarına kimi təsvir edilib. Əslində çox geniş həcmə malik olmayan “Dövlət çevrilişi” yığcam şəkildə qələmə alınsa da, əsərin alt qatında qəsdən gizlədilən çoxsaylı məqamlar sənədli haşiyələrdə, qısa kənaraçıxmalarda bir neçə sadə cümlə ilə təqdim olunan fikir miqyasının genişliyi ilə diqqəti cəlb edir. Povestdə problemi yaradan səbəblər və nəti­cələr də göstərilib. Çıxılmazlıq kimi görünən bu situasiyalar qarmaqarışıqlığında, həmçinin yazıçı oxucusuna üstüörtülü şəkildə olsa da, problemin həlli yolunu göstərib: bizim qurtuluşumuz dost-düşmənimizi tanıyıb bir olmağı bacarmamağımızdadır.

Tofiq Abdin povestdə 60-cı illərin gəncini daxildən doğan yüksək vətənpərvərlik hissi nəticəsində “millətsevər” edən sadə səbəbləri göstərib: Ən yüksək pillədə mövqe tutan, ən gözəl evlərə sahib olan, vətənlərinin parçası olan Bakını həmin gənclərə yad edən qeyri-millətin nümayəndələri doğma şəhərimizdə meydan sulayırdılar. Bu millətin övladları isə hər addımda onların buyruq quluna çevrilməyə, onların dediklərini eləməyə, eləməyəcəkləri halda isə təzyiqlərə, təhqirlərə, səfalətə məhkum idilər. Tofiq Abdinsaf xəyallarla “Qaranquş” təşkilatının fəal öncüllərindən olmuş, ancaq bu fəaliyyətinə görə DTK tərəfindən tutularaq qorxu altında sorğuya çəkilir və mənəvi işgəncələrə məruz qalır. Ancaq o dövrdə DTK sədrinin müavini olan H.Əliyevin göstərişi ilə azadlığa buraxılır. Müəllif H.Əliyevlə bağlı təəssüratlarını belə izah edir: “Heydər Əliyev bizim hamımızı kabinetinə çağırdı, sütül, cılız cüssəli cavanlar idik. “- Sizsiniz bu hökuməti yıxmaq istəyənlər?”, -deyə güldü, -“gedin ağlınızı başınıza yığın, öz işlərinizlə məşğul olun və xalqımıza gördüyünüz işlərlə xidmət edin”” (Abdin Tofiq. Dövlət çevrilişi. “Azərbaycan” jurnalı, Bakı, 2010, ¹2).

T.Abdin H.Əliyevlə görüşən zaman hələ aqibətlərinin hansı qərar ilə başa çatacağını, bilmədən bu canlı şəxsiyyətin portretini həm zahiri əlamətlərinə görə, həm də obrazların psixoloji vəziyyətinin təsviri fonunda belə canlandırır:Uzun bir masanın o başında oturub, yaraşıqlı, şıx geyinmiş, son dərəcə səliqəli bir vəziyyətdə.

Tam vəzifə üçün doğulmuş birisi, düşünürəm. Bu adam bu masaya, bu kresloya yaraşdığı kimi, bu cansız əşyalar da ona çox yaraşır və sanki onlar da canlanır...

Vallah tam vəzifə üçün doğulmuş birisi. Və təsəvvür edin ki, bir kənd çocuğunun qarşısında uzun bir stol, uzun, upuzun bir stolstolun o başında birisi oturmuş, bu adam sənin taleyini həll edəcək birisi...

Amma ilk görünüşdə elə bir vahimə yaratmır. Bir doğmalıq duyursan..” (Abdin Tofiq. Dövlət çevrilişi. “Azərbaycan” jurnalı, Bakı, 2010, ¹2).

O dövrdə, Tofiq Abdinin vəziyyətinə düşən, can qorxusu yaşayan, gəncliyin aşıb coşan, həyatı hələ tam anlamı ilə dərk etməyən neçə-neçə gənclər öz milli qürur hissinin nəhayətsizliyi ucbatından “altmışıncılar” hərəkatına qoşulmuş, ancaq heç biri H.Əliyevin sayəsində cəzalandırılmamış, sərbəst buraxılmışdı. Bəzən T.Abdin əsərin sonunda gənclərin xilaskarının dəqiq kim olması ilə bağlı şübhələrlə də çıxış edir. Ancaq yenə də bu xilaskarlar içərisində başqalarının adını eşitsə də, sonda dəqiqliklə onun yeganə xilaskarı, gəncləri o dövrdə gələcəyini qaraldan DTK-nın təhlükəsindən qurtaranın məhz Heydər Əliyev olduğu qənaətinə gəlir. Bu, H.Əliyevin bir qayğıkeş, vətənpərvər siyasətçi, eyni zamanda gələcəyin uzaqgörən şəxsiyyəti olmasından irəli gəlirdi. Amma əsərdə bir nüans da diqqət cəlb edir: “Literaturnaya qazetada bir şərqşünas vardı, İqor Belyayev. Yadımdadır, məqalələrinin birində o yazmışdı ki, Heydər Əliyev 19 yaşında Azərbaycanı birləşdirmək haqqında düşünüb. Bəlkə də bizdən xəbər tutanda öz gənclik çağları yadına düşüb” (Abdin Tofiq. Dövlət çevrilişi. “Azərbaycan” jurnalı, Bakı, 2010, ¹2).

Heydər Əliyev müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi prosesində fədakar əməyi olan görkəmli şəxsiyyətlərdən biridir. Bu gün Azərbaycan gəncliyinin beynəlxalq miqyasda əldə etdiyi uğurların, qazandığı nailiyyətlərin təməlində məhz H.Əliyevin müdrik siyasəti dayanır. Heydər Əliyevin 29 iyul 1999-cu il tarixindəki “Dövlət gənclər siyasəti” haqqında fərmanı Azərbaycan gəncliyinin taleyində həlledici rol oynadı. Heydər Əliyev milli-mənəvi sferanı, humanitar elm sahəsini, ədəbi prosesi hər zaman yaxından izləyib, ələlxüsus da gənc ədəbi nəslin yaradıcılığına xüsusi diqqət göstərib. Ulu öndərin şəxsiyyəti gənc yazıçıların yaradıcılığında silinməz izlər buraxmış, bir çox qələm sahiblərimizin ilham qaynağı olmuş, onun bədii-tarixi obrazı əsərlərin baş qəhrəmanına çevrilmişdi. Real fakt və hadisələrə söykənən publisistik janrda yazılmış əsərlərdə də bu proses öz əskini tapıb.

Povestin əvvəlində müəllifin əsərin yaddaşa söykənərək yazılma mahiyyətini açıqlaması, yazıçı Anarın, millət vəkili Elmira Axundovanın müəllif barədə məlumatı onun sırf real faktlardan bəhs etdiyini bir daha təsdiqləyir. T.Abdinin “Dövlət çevrilişi” əsərinin əsas ünsürü olan yaddaşbu yaddaş nəticəsində meydana gələn retrospeksiya əsərdə bəzən xronoloji ardıcıllıqla, bəzən də üç zaman arasında qeyri-sabit şəkildə davam edir: Keçmiş hadisələrə müasir baxış (retrospektiv zaman) belə öz təbiətinə ca­vab verən, onun həqiqi tarixiliyinə uyğun olan, hissi, assosiativ əlaqəli, orijinal tarixi dəyərləri ilə faktların “oyanışı” prinsipi ilə istifadə olunmağa başlanıldı” (Qaranin L.Ə. Memuarnıy janr sovetskoy literaturı (istoriko-teoretiçeskiy oçerk). Minsk: Nauka i texnika, 1986).

Ümumiyyətlə, həmin dövrdə formalaşanXruşşov mülayimliyi” nəticəsində ədəbiyyatda, o cümlədən publisistikada öz sözünü deməyi bacaran, sovet dövrünün konyunkturasından uzaqlaşan, ədəbiyyatda “yeni insanyaratmağa çalışan “altmışıncılar” nəsli yetişdi. “Altmışıncılar”ın ədəbiyyatşünaslığın inkişafında oynadıqları rolundan bəhs edən zaman prof. Elçin Əfəndiyev onları belə təsvir edir: “Altmışıncılar”la bağlı bir cəhəti də qeyd etmək istəyirəm: bir obrazlı şəkildə desəm. Onlar gəmidə oturub, gəmiçi ilə dava etməyi bacarırdılar”.

T.Abdinin “Dövlət çevrilişi” əsərində göstərildiyi kimi, o dövrün gənc mühitə hakim olan milli ruh Moskvada Qorki adına Ədəbiyyat İnstitutundan məzun olan Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Cabir Novruz kimi gənclərin sayəsində ədəbiyyata gəlmişdi. “Azərbaycan müstəqil dövlət quruculuğunda aparan yolu, əslində, 1969-cu ildən-məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılıb. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır” (Bəkir Nəbiyev. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, “Şərq-Qərb”, 2009).

T.Abdin əsərdə siyasi işə başlayanda sonlarının can qorxusu ilə bitəcəyini ağıllarına belə gətirmirdilər. Çünki onlar M.Ə.Rəsulzadənin, 37-ci ilin repressiya qurbanlarının aqibətindən, işgəncələrindən xəbərsiz böyümüşdülər. Ancaq müəllif qorxu altında davam edən sorğulamadan sonra mübariz döyüşçü rolundan əl çəkir. Bunu müsahibəsində də belə izah edir: “Düzdü, məni orada döymədilər, söymədilər, işgəncə vermədilər, heç bir gecə də saxlamadılar. Yalnız qorxudurdular, çığırıb-bağırırdılar, vəssalam. Ancaq o dindirmədən sonra başa düşdüm ki, bu işin ardınca gedən adama oxşamıram, məndən inqilabçı çıxmaz. Gördüm ki, bir az da çətinə düşsəm, mən elə özüm də yoldaşlarımı sataram. Doğrudur, belə bir şey olmadı, amma ağlıma gəldi. Açıq deyirəm, tutalım, mən başqaları kimi meydanlarda çıxış eləyib evimə rahat gedə bilmərəm. Sonra gərək səhərə qədər yatmayam ki, məni öldürərlər. Mənim qorxularımın arxasında ailəm, uşaqlarım, doğmalarım, qohumlarım, dostlarım dururdu. Mənim kimi insanların ortalıqda olması üçün son dərəcə demokratik bir ortam olmalıdı, qorxu hissi keçirməməlisən. Şükürlər olsun ki, sonralarQobustan” dərgisi fəaliyyətə başladı. Və mən başa düşdüm ki, inqilabçı olub meydanlara çıxmaq yolu ilə deyil, yazmaqla da millətimə, dostlarıma, yoldaşlarıma xidmət edə bilərəm” (Sevinc Mürvətqızı. Tofiq Abdin: “Düşüncə tərzimizdə çevrilişə ehtiyac var”).

Tofiq Abdin həyatında məruz qaldığı sosial ədalət prinsipinin pozulması ucbatından bu təşkilata qoşulmağa məcbur olmuşdu. T.Abdin əsərin sonunda yazıçı Elmira Axundovadan sitat gətirərək əsərə belə son verir : “Və bu yerdə o, (Heydər Əliyev-A.P.) bir ifadə işlətdi ki, ömürlük yaddaşımızda həkk olunub: “İndi 37-ci il olsaydı, hamınızı tutub basardılar, heç valideynlərinizin də sizdən xəbəri olmazdı. Aparın onu!” (Abdin Tofiq. Dövlət çevrilişi. “Azərbaycan” jurnalı, Bakı, 2010, ¹2). Tofiq Abdin bu böyük siyasətçinin çıxılmaz vəziyyətini də fikirləşməkdən çəkinmir. Əlbəttə, H.Əliyev bəlkə də o şəraitdə gənc yaşında öz vəzifə borcunu artıqlaması ilə yerinə yetirib, gələcək karyerasının yüksəlişi naminə sərt addım ata bilərdi. Ancaq dövrün ağır və çətin vəziyyəti zamanında öz müdrik uzaqgörən addımını atır. Həqiqətən də, “Ümummilli liderimiz Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsi kimi intişar tapmasında, onun iqtisadi və mənəvi problemlərinin həlli istiqamətində böyük xidmətlər göstərmişdir. Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında, gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin müstəsna xidmətləri olmuşdur” (Rəhman Hacıyev. Azərbaycan gəncliyinin himayədarı (Heydər Əliyevin gənclər siyasəti (1993-2003-cü illər). Bakı, “Aspoliqraf”, 2014).

Tofiq Abdin gənc əqidə dostları ilə birlikdə duyduğu və mənəvi iztirablar içərisində böyük arzusuna görə vaxtilə günahlandırılsa da, illər sonra məhz Heydər Əliyevin sayəsində o zamankı gənc ədiblərin düşməni olan DTK təhlükəsindən təmizlənmiş Müstəqil Azərbaycanın vətəndaşı, həqiqətə xidmət edən əsl azad publisist yazarı adını qazanmağa nail oldu.

 

Palitra.-2015.-18 iyun.-S.16.