“Müəllim yaradıcı və təşkilatçı olmalıdır ki, fəal təlimin formalarından düzgün istifadə edə bilsin

 

Ülviyyə Eyvazova: “Tədris prosesində fənlərarası inteqrasiya dərslərin canlı və maraqlı keçməsinə, şagirdlərin tədqiqatçılıq meyillərinin güclənməsinə zəmin yaradır”

 

Layihə çərçivəsində müsahibimiz Qaradag rayonu Lökbatan qəsəbəsi F.Rəfiyev adina 166 nömrəli məktəbin fizika müəllimi Ülviyyə Eyvazovadır. O, müsahibəyə tədris prosesində tətbiq edilən yeniliklər barədə məlumat verməklə başladı:

- Yeni kurikulumlarda milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, təlim prosesində interaktivlik ön plana çəkilir. İnteqrasiya zamanı şagirdlərdə tədqiqatçılıq, tənqidi yanaşma, səmərəli ünsiyyət, problemin həlli, informasiyaların idarə olunması kimi bacarıqlar formalaşır. Tədris prosesində fənlərarası inteqrasiya dərslərin canlı və maraqlı keçməsinə, şagirdlərin tədqiqatçılıq meyillərinin güclənməsinə zəmin yaradır. Bu baxımdan 166 nömrəli məktəb-liseydə fizikanın tədrisi ilə məşğul olan bir müəllim kimi tədris prosesində xüsusilə də fizika fənninin tədrisində fəal təlimdən istifadə edilməsi, şagird fəallığının artırılmasına, məntiqi təfəkkürün inkişaf etdirilməsinə, yaradıcılıq qabiliyyətinin formalaşmasına və bütövlükdə təlimin keyfiyyətinin yaxşılaşmasına şərait yaradaraq təhsildə demokratikləşdirmə, fərdiləşdirmə, inteqrasiya prinsiplərini həyata keçirməyə çalışıram. Pedaqoji fəaliyyətə başladığım dövrdən daim axtarışdayam. Fikrimcə, müəllim yaradici və təşkilatçı olmalıdır ki, fəal təlimin forma və üsullarından düzgün istifadə edə bilsin. Fizika fənni digər təbiət fənləri ilə yanaşı, ədəbiyyatla əlaqəli tədrisi daha maraqlıdır. Məsələn, fizika fənnini 6-cı siniflərdə tədris edərkən onlarda bu fənnə maraq oyatmaq üçün belə misralardan istifadə edirəm:

Fizikadır bu aləmin

xassələrin öyrənən

Cisimlərin ölçüsünü ,

sürətini söyləyən

Bizləri çox bilikli

elmli şəxs eyləyən

Fizikadır bizə yoldaş,

bizə sirdaş əsl fənn

Bu misralar fizika fənninin bizə nə qədər yaxın oldugunu və lazımlı fənn olduğunu göstərir. Tədris prosesində bütün elmləri, ictimai-siyasi həyatın ən mühüm məsələlərini, cəmiyyəti düşündürən və narahat edən məsələlərin cavabını özündə cəmləşdirən İslam dininin müqəddəs kitabı olanQurani -Kərim“dən çox sayda nümunələr göstərmək olar. Odur ki, mən bəzi mövzuların tədrisi zamanı “Qurani -Kərim”in müxtəlif ayələrinə müraciət edirəm. Yerin hərəkətini və atmosferin onunla birlikdə eyni sürətlə hərəkət etdiyini göstərən ayədə “Dağlara baxıb onu donmuş zənn edirsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedirlər. Bu hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətəndə də O,etdiyiniz əməllərdən xəbərdardır” kimi ifadələr bu mövzuya məsuliyyəti daha da artırır. Tədris prosesində müxtəlif motivasiyalardan istifadə edirəm. Belə tapşırıqların yerinə yetirilməsi tədrisi emosianallaşdırır, bilik və bacarıqları formalaşdırır. Maraqlı tədqiqat sualları isə şagirdlərin tədqiqatçılıq qabiliyyətini inkişaf etdirir. Fizika gecələrini keçirməklə, divar qəzetlərinin hazırlanması, bilik yarışlarının təşkili şagirdlərin estetik qabiliyyətini formalaşdırır.

-Yeniliklər öyrənmək üçün təşkil edilən təlimlərə qatılırsınızmı?

-Bəli, yeniliklərdən bəhrələnmək üçün fəal təlim metodları üzrə keçirilən seminar, treninqkurslarda iştirak edərək, peşəkarlıq səviyyəmi artırmağa səy göstərirəm. Bu baxımdan Təhsil Problemləri İnstitutunda təşkil edilən "Elektron məktəb üçün elektron müəllim" kursu böyük əhəmiyyət kəsb edir. İnstitutda "Elektron məktəb üçün elektron müəllim" kursu Əməkdar müəllim, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilir.

 

“Məktəbimizin şagirdləri fənn olimpiadalarında və müsabiqələrdə daim fəal iştirak edirlər. Valideynlər də öz növbəsində övladlarının yaxşı oxumasında və onların milli ruhda formalaşmasında pedaqoji kollektivə yaxından köməklik göstərir. Doğrudan da, yeni təlim üsulları şagirdlərdə əyaniliyin təmin olunmasına şərait yaradır, mükəmməl bacarıqların əldə edilməsinə geniş imkanlar açır”

 

Kursun 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilir, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam edir. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur. Təhsil Problemləri İnstitutu nəzdində təşkil olunmuş kursun keçirilməsi zamanı aşağıdakı mövzulara toxunulub: "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. daxildir. Kurslarda sonda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır. Kursda Azərbaycan Respublikasının pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri iştirak edirlər. Belə kurslarda iştirak bu sahədə peşəkarlığın artmasına yardım edir.

- Məktəbinizin şagirdlərinin ümumi savad səviyyəsi necədir?

- Bizim məktəbimizdə şagirdlərin təhsilinə, dərsə davamiyyətinə, nizam-intizamına, milli dəyərlər ruhunda tərbiyəsinə, vətənpərvər vətəndaş kimi yetişməsinə böyük diqqət yetirilir. Müasir dövrdə uşaq və yeniyetmələrin milli ruhda tərbiyəsi, fiziki-mənəvi inkişafı çox aktualdır. Bu gün respublikamızda milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində bir çox işlər görülür. Qədim tarixə malik olan Azərbaycan xalqının çox zəngin mədəni dəyərləri varbizim xalqın bütün dövrlərdə milli kimliyini qoruması məhz bu milli-mənəvi, mədəni dəyərlərimiz sayəsində mümkün olub. Bu gün həmin dəyərləri təbliğ edib, gənc nəslə aşılamaq bəlkə də, heç vaxt indiki qədər vacibaktual olmayıb. Bu məsələdə məktəblərin üzərinə çox düşür. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Son illərdə dövlət başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilibya təmir olunub. Təhsil ocaqlarının kompüter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı hökumət müvafiq proqram qəbul edib. Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verib. Bizim məktəbimiz də bu məsələlərə çox böyük önəm verir. Məktəbimizin şagirdləri fənn olimpiadalarında və müsabiqələrdə daim fəal iştirak edirlər. Valideynlər də öz növbəsində övladlarının yaxşı oxumasında və onların milli ruhda formalaşmasında pedaqoji kollektivə yaxından köməklik göstərir. Doğrudan da, yeni təlim üsulları şagirdlərdə əyaniliyin təmin olunmasına şərait yaradır, mükəmməl bacarıqların əldə edilməsinə geniş imkanlar açır.

 

Anar Miriyev

Palitra.-2015.-19 iyun.-S.11.