Əcnəbi qonaqlar Musiqili Teatrda

 

Azərbaycan Dövlət Musiqili Teatrında J.B. Molyerin Skapenin kələkləri tamaşası nümayiş olunub. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşanı I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gəlmiş bir sıra əcnəbi qonaqlar Almaniyadan, Rusiya Federasiyasından və Ukraynadan olan turistlər izləyiblər.

Rus dilində oynanılan səhnə əsəri xarici qonaqlara eyni zamanda ingilis dilində tərcümə sətirlər qaçan titrlər vasitəsilə təqdim olunub. Tamaşa bitdikdən sonra qonaqlar əsərin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşüblər. Səmimi şəraitdə keçən söhbət zamanı qonaqlar tamaşadan razı qaldıqlarını, təqribən iki saat ərzində çox böyük mənəvi zövq aldıqlarını bildiriblər.

Teatrınızın çox unikal və möhtəşəm binası var. Tamaşa da yüksək səviyyədə hazırlanıb. Tamaşanı izlədikcə bizə elə gəlirdi ki, sanki Avropanın ən inkişaf etmiş ölkələrindən birinin teatr salonundayıq. Hər şey super idi. Ümumiyyətlə, Azərbaycan son illərdə Avropada ən çox inkişaf etmiş ölkələrdən biridir. Elə təkcə I Avropa Oyunlarının açılış mərasimi bunun əyani subutudur, - deyə qonaqlar söyləyiblər.

Qeyd edək ki, tamaşada rolları Əməkdar artist Boris Qrafkin, aktyorlar Emil Heydərov, Marina Litvinenko, Nadejda Povelisina, Kamil Osmanlı, Firuz Məmmədov, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova ifa edirlər.

 

Tural

Palitra.-2015.-23 iyun.-S.13.