Xaricdə təhsil problemləri

 

Dosent İlham Əhmədov: “Dövlət proqramı xətti ilə gənclərin xaricdə təhsil alması 8 ildir ki, uğurla həyata keçirilir və artıq minlərlə gənc bu proqram çərçivəsində təhsil alıb ölkəmizə qayıdıblar”

 

Bu gün dünyada təhsilin rolu durmadan artır. İnnovasion inkişaf yolunu tutan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi inkişafın özülünü elm və təhsilə qoyulan investisiyalar təşkil edir. Sivil dünyada ayrı-ayrı fərdlərin karyera inkişafı da onların bilik səviyyəsindən, oxuduğu universitetin nüfuzundan daha çox asılıdır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda ADPU-nun “İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi”nin direktoru, dosent İlham Əhmədovun bu məsələlərlə bağlı fikirlərini təqdim edirik:

-Hər bir gənc daha keyfiyyətli təhsil almağa, daha nüfuzlu universitet məzunu olmağa can atır. Belə nüfuzlu universitetlər isə qlobal reytinq cədvəllərində yüksək yer tutan universitetlərdir. Bu səbəblərdən bəzən gənclərimiz ali təhsil almaq üçün xarici universitetlərə üz tuturlar. Amma seçim bəzi hallarda düzgün olmur. Dünyada gedən qloballasşma prosesləri universitetlərdən də yan keçməyib. Bir çox tanınmış universitetlər xarici ölkələrdən təhsil almağa gəlmiş tələbələrin hesabına həm iqtisadi vəziyyətini yaxşılaşdırır, həm də öz müsbət imicini formalaşdırır, daha rəqabətədavamlı universitet olaraq öz beynəlxalq reytinqini yüksəldirlər. Əbəs yerə deyil ki, universitetlərin qlobal reytiniqlərinin müəyyən edilməsi prosesində burada təhsil alan əcnəbi tələbələrin sayı mühüm əhəmiyyət kəsb edir. Bu amil universitetlərarası rəqabətin güclənməsinə , ölkələr arasında təhsil rəqabətinin yaranmasına səbəb olur. Belə bir rəqabət nəticəsində təhsil xidmətləri ixracı genişlənir, ölkəyə əlavə valyuta axınına şərait yaradır. Məsələn, xaricdən gəlmiş yüz minlərlə gənc ABŞ-ın müxtəlif universitetlərində təhsil alır. Bu sıraya ABŞ-ın universitetlərində distant təhsil alan on minlərlə əcnəbi tələbələri də əlavə etsək görərik ki, ABŞ universitetlərində bir milyondan çox əcnəbi tələbə təhsil alır və bunun müqabilində ölkəyə on milyardlarla dollar həcmində əlavə vəsait daxil olur. Çin Xalq Respublikasında ildə on milyondan artıq məktəbli məzun olur. Bunlardan bir milyonu xarıcdə ali təhsil almağa gedir, onlar əsasən ABŞ və Avropa universitetlərinə qəbul olunurlar. Təbii ki, ÇXR universitetlərinə də hər il on minlərlə əcnəbi tələbə qəbul edilir ( onlar əsasən ingilis dilli təhsil qruplarında oxuyurlar). Əcnəbi tələbələrin universitetlərə cəlb edilməsi həm də bu ölkələrə gənc, perspektivli, savadlı kadrların axınına, onların diqqətlə seçilib perspektivdə bu gənclərin potensiallarından səmərəli istifadə edilməsinə şərait yaradır.

 

“Xarici universitetlərdə təhsil almaq istəyən gənclər və onların valideynlərinin müəyyən məsələlərə diqqət yetirməsi, bu işə ciddi məsuliyyətlə yanaşması vacibdir”

 

Beləliklə “beyin axını” nəticəsində bu tələbələri qəbul edən ölkələr daha istedadlıları müəyyən stimullaşdırıcı təkliflərlə, yüksək əmək haqqı və s. şərtlərlə şirnikləndirirək yerli şirkətlərdə işləməyə yönəldirlər. Nəticədə bu ölkələrin insan kapitalı daha da güclənir. Müvafiq olaraq bu tələbələrin gəldiyi ölkələr gənc və perspektivli milli kadrlarını itirərək, milli insan kapitalını daha da zəiflədir, nəticə etibarı ilə öz iqtisadiyyatlarının gələcək inkişafını ləngidirlər. Hətta bəzi ölkələr əcnəbi tələbələri öz universitetlərində pulsuz təhsil almasına dəstək də verirlər. Məsələn, son illər Almaniyada ali təhsil həm yerli, həm də əcnəbi tələbələr üçün pulsuzdur (əcnəbi tələbələr alman dilindən və ümumtəhsil fənnlərindən yüksək bilik nümayiş etdirdikləri halda). Bu addım Avropada olan demoqrafik problemlər fonunda digər ölkələrdən perspektivli gənclərin bu regiona axınını təmin edir.

-Bu məsələ ilə bağlı ölkəmizdə olan vəziyyəti necə

dəyərləndirirsiniz?

- Son illər bizim respublikamızdan da xeyli gənclər əcnəbi universitetlərdə təhsil alırlar. Bunların bir qismi 2007- ci ildən başlayaraq müvafiq dövlət proqramı çərçivəsində təhsil alırlar. Gənclərimizin digər qismi isə öz təşəbbüsləri ilə müxtəlif universitetlərə üz tuturlar. Bu zaman müxtəlif gözlənilməz problemlər də yarana bilir. Məsələn, bu yaxınlarda mətbuatda yazılmışdı ki, Türkiyə universitetlərində təhsil alan 3 nəfər azərbaycanlı tələbə naməlum şəraitdə yoxa çıxıb. Bu kimi neqativ halların olması xaricdə təhsil məsələlərini cəmiyyət olaraq diqqətdə saxlamağı bizdən tələb edir. Dövlət proqramı xətti ilə gənclərin xaricdə təhsil alması artıq 8 ildir ki, uğurla həyata keçirilir və artıq minlərlə gənc bu proqram çərçivəsində təhsil alıb ölkəmizə qayıdıblar. 2016- ildən başlayaraq bu istiqamətdə yeni dövlət proqramının icrası nəzərdə tutulub. Bu proqram çərçivəsində təhsil alma şərtləri nazirliyin saytında ətraflı şərh edilib. Dövlət proqramından kənar, öz təşəbbüsü ilə xarici universitetlərdə təhsil almaq istəyən gənclərin və onların valideynlərinin müəyyən məsələlərə diqqət yetirməsi, bu işə ciddi məsuliyyətlə yanaşması vacibdir.

-Əsasən hansı məsələlərə diqqət edilməlidir?

-Bunun üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır. Əvvəlcə hər hansı gənc düşünməlidir ki, mənim xaricdə təhsil almağa potensialım yetərlidirmi? Əgər abituriyent 300 baldan aşağı bal toplamışsa və seçdiyi ölkənin dilini yaxşı bilmirsə, onun həmən ölkədə universitet təhsili alması çətin olacaq, əbəs yerə vaxtını və pulunu sərf etməsin. Bəzi şirkətlər imtahansız, yalnız attestatla müxtəlif xarici universitetlərə tələbə yollayırlar. Abituriyent bilməlidir ki, qəbul prosedurasının imtahansız olması “ bu universitetdə oxumaq asandır” mənasını verməməlidir. Belə universitetlərin giriş qapısı geniş, çıxış qapısı isə çox dardır. Adətən bu universitetlərə qəbul olan tələbələrin 20- 30 %-i 2-ci kursa keçə bilmir, qəbul edilənlərin isə yalnız 50% -i diplom ala bilir. Ona görə də, bizim milli qiymətləndirmə sistemində (TQDK-nın təşkil etdiyi imtahanlarında) 300 baldan az toplayan gəncin əcnəbi universitetlərdə təhsil alması real deyil . Xaricdə təhsil arzusunda olan gənclər məktəb illərində ümumtəhsil fənlərini yaxşı mənimsəməklə bərabər, lazımi xarici dili də dərindən öyrənməlidir, çünki universitetdə həmən dildə mühazirə dinləməli, referat yazmalı, fikrini sərbəst izah etməlidir. Əgər universitetdə təhsil ingiliscə olacaqsa, əvvəlcədən dil üzrə test imtahanı verilməli və müvafiq beynəlxalq sertifikatlar (TOEFL, İELTS ) alınmalıdır. Bəzi hallarda xaricdə təhsil almaq istəyən abituriyent orada hansı çətinliklərlə rastlaşacağını da əvvəlcədən bilmir, ölkəyə gedərkən də müəyyən sıxıntılar keçirir. Yerli tələbələrdən fərqli olaraq əcnəbi tələbə dil problemindən əlavə, məişət tipli problemlərlə ( qidalanma- əcnəbi ölkənin mətbəxi milli mətbəximizdən xeyli fərqləndiyi üçün tələbələrin buna uyğunlaşması çətin olur, paltarların vaxtlı-vaxtında yuyulması, yataqxanada yerləşmək problemi və s.) qarşılaşır. Bu tip problemlərin həlli tələbənin vaxtını xeyli alır. Yerli tələbələr öz ana dilində hər hansı mühazirə materialını 1 saata öyrənə bilərsə, bu dili zəif bilən əcnəbi tələbə bu materialı ən azı 2-3 saata mənimsəyir. Digər problem təhsil müddətində tələbənin hərbi xidmətə çağırılmasıdır . Bu yaxınlarda Milli Məclis müvafiq dövlət proqramından kənar, öz təşəbbüsü ilə xarici universitetlərdə oxuyan oğlan tələbələrin hərbi xidmətə çağırılması ilə bağlı qərar qəbul edib. Bu qərar xaricdə təhsil alan oğlanlar üçün ciddi problemlər yaradacaqdır, belə ki , hərbi xidmətdən sonra xaricdə təhsili davam etdirmək sanki hər şeyi yenidən başlamaq kimi çətin görünəcək (xarici dil unudulacaq, elmi səviyyə aşağı düşəcək vəs.). Məlum olduğu kimi, bu gün bir sıra ölkələrdə hərbi, siyasi və iqtisadi gərginliklər var. Belə bir şəraitdə 18 yaşlı gəncin bu tip ölkələrdə sərbəst yaşayıb təhsil alması risklidir. Digər tərəfdən bir sıra tanınmış xarici universitetlər distant təhsil texnologiyası əsasında bakalavr və magistr hazırlığı üzrə təhsil proqramları reallaşdırırlar. Bu texnologiya əsasında ali təhsil alınması xeyli ucuz, daha keyfiyyətli və az risklidir. Hesab edirik ki, xaricdə təhsil almaq arzusunda olan gənclərimiz bu imkanlardan daha çox istifadə etməlidir. Başqa bir problem xaricdə təhsil nəticəsində alınmış diplomun ölkəmizdə tanınması ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının bir sıra ölkələrlə ali təhsil sənədlərinin tanınması haqqında saziş imzalamasına baxmayaraq, diplomların tanınması prosesində süründürməçilik və süni maneələrə hələ də rast gəlinir. Xaricdə təhsil almaq arzusunda olan gənclərimiz öz gələcək taleləri barədə qərar qəbul edərkən, bütün bu amilləri nəzərə alsalar , daha düzgün qərar qəbul edərlər.

Anar Miriyev

Palitra.-2015.-2 noyabr.-S.11.