BANM Almaniya ilə əməkdaşlığını genişləndirir

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempeli qəbul edib. Rektor Elmar Qasımov səfiri ali məktəbdə görməkdən məmnunluğunu bildirib. Rektor qonağa ali məktəb haqqında məlumat verərək BANM-in 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını vurğulayıb. O, bildirib ki, ali məktəbin əsas məqsədi neftkimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. Azərbaycanda neft-qaz sənayesinin iqtisadiyyatın əsasında durduğunu deyən rektor bu baxımdan bu ixtisasa Azərbaycanda hər zaman ehtiyac olduğunu bildirib. O, ali məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırıb. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. O, sözügedən universitetin kurikulumları əsasında dərslərin tədris olunduğunu vurğulayaraq imtahanların Heriot-Vatt Universitetinin professorları tərəfindən keçirildiyini və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirib. O, hər il ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-i seçdiyini deyib, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının ildən-ilə artdığına diqqət çəkib. Bu tədris ilində I qrup üzrə Prezident təqaüdünü qazanan 25 tələbədən 17-nin BANM-də təhsil aldığını deyən rektor E.Qasımov 700 bal toplayan tələbələrdən 3 nəfərinin ali məktəbə qəbul olduğunu bildirib. E.Qasımov ümumi orta bal göstəricilərinə görə BANM-in öndə olduğunu nəzərə çatdırdı. Ali məktəbin kampusu haqqında söz açan rektor yaxın aylarda tamamlama işlərinin başa çatacağını diqqətə çatdıraraq Azərbaycanda bütün komponentləri özündə əks etdirən yeganə kampus olacağını deyib. Kampusun layihəsi ilə səfiri tanış edən Elmar Qasımov orada tələbələr üçün yaradılan şəraitdən söz açaraq dünya səviyyəli ali məktəbin quruculuğunun həyata keçirildiyini nəzərə çatdırıb. E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də səfirin diqqətinə çatdırıb. O, ali məktəbdə tədrislə yanaşı, tədqiqata xüsusi önəm verildiyini bildirdi. BANM-in bir sıra şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Almaniyanın E.ON şirkəti ilə əlaqələrin qurulmasından söz açıb. Almaniyanın Axen Universitetinin prezidenti ilə bərpaolunan enerji mərkəzinin yaradılması ilə bağlı əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirib. O, Axen Universiteti ilə əlaqələrin yaradılmasında SOCAR-ın tərəfdaşı olan E.ON şirkətinin dəstəyini vurğulayıb. Elmar Qasımov Almaniya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Səfir Haydrun Tempel səmimi qəbula görə öz təşəkkürünü bildirib. O, E.ON şirkəti ilə SOCAR arasında olan əməkdaşlıqdan söz açıb. Bərpaolunan enerji ilə bağlı birgə layihələrin, o cümlədən konfransın həyata keçirilməsi təklifini irəli sürən səfir konfransın təşkilində əməkdaşlığa ümidini ifadə edib. O, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Səfir Almaniya universitetlərində yüksək keyfiyyətli texniki proqramların olduğunu deyib. O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan ali məktəbin gələcəkdə mühüm yer tutacağını vurğulayıb. BANM-də dinamizmin şahidi olduğunu deyən səfir DAAD (Alman Mübadilə Proqramı) xətti ilə almaniyalı mütəxəsislərin, expertlərin əməkdaşlığa sövq edilməsi və mövcud əlaqələrin davam etdirilməsinin faydalı olacağına əminliyini ifadə edib. O, BANM-in əməkdaşlarını öz ölkəsində keçirilən beynəlxalq seminarkonfranslara dəvət edib.

Sonda Elmar Qasımov səfiri BANM tələbələri üçün mühazirə oxumağa dəvət edib. Xanım səfir bu təklifi məmnunluqla qəbul etdiyini bildirib.

 

Nigar

Palitra.-2015.-20 noyabr.-S.15.