Ədəbi dil normalarını pozmaq milli-mənəvi dəyərlərimizə ziddir

 

Dil ictimai hadisə olub, onu yaradan xalqın tarixi ilə bilavasitə bağlılıq təşkil edir. Ana dilimiz olan Azərbaycan dilinin də minilliklərə söykənən zəngin inkişaf yolu, inkişaf tarixi vardır. Şübhəsiz ki, onun keçdiyi inkişaf mərhələləri asan olmamış, dilimiz zaman-zaman təqiblərlə, təzyiqlərlə üzləşmiş, müxtəlif vaxtlarda sıxışdırılmış, yad təsirlərə məruz qalmışdır. Lakin, buna baxmayaraq, dilimiz bütün dövrlərdə tarixin sərt sınaqlarından çıxmış, minilliklərin süzgəcindən keçmiş, müəyyən fonetik, leksikqrammatik dəyişmələrlə bu günümüzə kimi gəlib çatmışdır. Təsadüfi deyildir ki, öz qrammatik quruluşuna, ifadəliliyinə, təsir gücünə görə Azərbaycan dili dünyanın ən zəngin dillərindən biri kimi qiymətləndirilir. Vaxtilə M.Y.Lermontov Azərbaycan dilini yüksək qiymətləndirmiş, onun Qafqazda və Asiyadakı rolunu fransız dilinin Avropadakı rolu ilə müqayisə etmişdir. Ümumiyyətlə, mənsub olduğumuz bu dil öz musiqiliyinə, ahəngdarlığına, avazlılığına görə dünyanın ən musiqili dili olan italyan dili ilə müqayisə edilir.

Hazırda Azərbaycan dili əvvəlki dövrlərlə müqayisədə özünün ən yaxşı inkişaf mərhələsini yaşayır. Çox yaxşı haldır ki, dilin bu inkişafı, dildə baş verən kəmiyyət və keyfiyyət dəyişmələri bilavasitə diqqət mərkəzində saxlanılır. Bu gün davamlı dil siyasəti dövlətin əsas inkişaf mexanizmlərinin aparıcı bir qolunu təşkil edir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi məqamlarda ədəbi dil normalarına əməl olunmur, buya digər dərəcədə norma pozuntularına rast gəlinir. Demək olar ki, süni alınmalardan, yersiz, qondarma sözlərdən istifadə, orfoqrafikorfoepik normaların pozulması halları getdikcə artır. Burda əsas üzücü məqam ondan ibarətdir ki, bu norma pozuntularına bir çox hallarda ictimai nüfuza malik xadimlərin, müxtəlif peşə fəaliyyəti ilə məşğul olan ziyalıların, ayrı-ayrı Kütləvi İnformasiya Vasitələrinin, sosial media və şəbəkələrin, qəzet və jurnalların dilində daha çox rast gəlinir.

Dil kobudluğu, süni dəbdəbəni sevmir. Bir körpənin ata qayğısına, ana nəvazişinə ehtiyacı olduğu kimi, dilin də xalqın sevgisinə, nəvazişinə böyük ehtiyacı vardır! Dilimizə gətirilən, süni olaraq işlədilən və milli düşüncədən uzaq olan yersiz alınma sözlər, ifadələr nitqimizdə, xüsusən də yazılı nitqimizdə sabitləşməmiş onlara qarşı mübarizə aparmaq lazımdır. Bu qrupa daxil olan sözlərin şifahi nitqdə işlənməsi də dilə ağırlıq gətirir, dinləyicidə sünilik təəssüratı yaradır. Hələ vaxtilə mərhum professorumuz Əziz Əfəndizadə demişdir ki, əgər yazılı nitq açılmamış qönçədirsə, şifahi nitq rayihəli çiçəyə bənzəyir. Müqayisə olduqca orijinal, bənzərsiz və aydındır. Kim görüb ki, aşiq öz məşuquna qönçə gül bağışlasın?! Kim görüb ki, biri öz sevdiyinə, öz yaxınına, öz doğmasına qönçə - açılmamış gül-çiçək bağışlasın?! Məgər biz hədiyyə edərkən güllərin ən gözəlini, qoxusu, ətri adamı məst edənini, pardaxlanmışını, zahiri görünüşü göz oxşayanını axtarmırıqmı?! Hədiyyə etmirikmi?! Bax, dil də belədir. Ədəbi dil normalarına əməl etdikdə, nitqin ifadəliliyi təmin olunduqda, onun təmizliyini gözlədikdə dil, nitq daha şirin, cəzbedici, anlaşıqlı olur. Buna görə də ixtisasından, işindən asılı olmayaraq hər kəs bu qaydalara əməl etməli, dilimizin saflığının qorunmasına çalışmalıdır. İndi bu sahədə də müəyyən islahatlar aparılır. Çünki bu, dilin inkişafı və milliliyin təmin olunmasında taleyüklü bir məsələdir. Dövlətin də bu məsələyə həssas münasibəti vəziyyətin ciddiliyindən xəbər verir.            

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində ölkə başçısı cənab Prezident İlham Əliyevin Azərbaycan dili haqqındakı çıxışı bu cəhətdən xüsusi aktuallığa malikdir. Hesab edirəm ki, cənab Prezidentin həmin çıxışı 2013-cü ilin 9 aprelində imzalananböyük tarixi əhəmiyyət daşıyan sərancama əsasən təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın məntiqi və uğurlu davamıdır. Bu çıxış bir daha göstərdi ki, davamlı dil siyasəti dövlətin diqqət mərkəzindədir və ölkə başçısı bilavasitə buna nəzarət edir. Şübhəsiz ki, AMEA-nın 70 illik yubileyində cənab Prezidentin səsləndirdiyi fikirlər dilimizin gələcək inkişafına və onun milliliyinin qorunub saxlanmasına böyük təkan verəcək. Ölkə başçısı çıxışında dilimizə olan yad, kənar təsirləri xüsusilə vurğulayıb: " Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətandaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər".        

Göründüyü kimi, süni alınma sözlər, dilə kənar müdaxilələr, dildəki norma pozuntuları ölkə başçısının çıxışının əsas məzmumunu təşkil edir. Hətta cənab Prezident bu məsələyə xüsusi olaraq münasibət də bildirdi: "Bəzi ictimai xadimlərin, hökümət üzvlərinin çıxışlarında, bəzi televiziya verlişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə hec bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaq".

Təbii ki, ədəbi dil normalarını pozmaq, yersiz alınma sözlərdən istifadə etmək bizim milli-mənəvi dəyərlərimizə ziddir. Bu, eyni zamanda dilin gələcək inkişafı və varlığı üçün potensial təhlükə mənbəyidir. Gec olmadan, nitqimizə tam şəkildə oturuşmadan onları lüğət fondumuzdan çıxarıb atmalıyıq. Təəssüflər olsun ki, dilimizdə belə sözlərə yüzlərlə nümunə gətirmək olar. Məsələn: tirajlamaq, tirajlanmaq, inbox, izahlamaq, qayət, fotoşəkil, seyv, seyv eləmək, yanıtlamaq, yorumlamaq, layk, trafik, konu, afişalandırmaq, jüri, qolkiper, referi, fovard, korner, font, user, təpki, adminka, ledi, abartmaq, sensasion, politika, selfi, hoca, komment, ödül, kreativ, sori, ok, ajiotaj, manşet, projes. Biz daha əvvəllər də mətbuatda bubu kimi sözlərin işlənməsinə öz münasibətimizi bildirmişik. Bu sözlərin böyük əksəriyyətinin dildə qarşılıqları mövcuddur. Olmayanları isə axtarıb tapmaq lazımdır. Heç olmasa, cəhd göstərilməlidir. Bunların dilimizdə işlənməsinə heç bir ehtiyac yoxdur, yalnız məqsəddən asılı olaraq üslubi məqamlarda işlədilə bilər. Axı "tirajlanmaq" sözünün dilimizdə işlənməsinə nə ehtiyac var?! Sözün kökü alınma, şəkilçisi milli olub süni olaraq "yaradılmışdır". Onun əvəzinə dilimizdə təpədən dırnağa qədər milli olan və hamı tərəfindən dərk və qəbul olunan "yayılmaq" sözünü işlətmək olmaz ki?! Yaxud da "seyv (ing.save)" sözünə nəzər salaq. Bu söz dilimizdə niyə işlənir? Nə ehtiyac var? Teleşərhçilərin süni olaraq işlətdikləri bu sözün dilimizə zərrə qədər də olsun aidiyyəti yoxdur. Onun dilimizdə "saxlamaq, qaytarmaq" kimi qarşılığı var. Madam ki, bu sözü dilimiz tutursa, deyə biliriksə, hamı başa düşürsə, qəbul edirsə, onda onu niyə işlətməyək ki?!       

Ümumiyyətlə, bu kimi misallar dildə çoxdur və bunların dildə belə sürətli inkişafı heç bir halda dilin inkişafına fayda verə bilməz. Onların işlənmə dairəsi olduqca məhduddur, demək olar ki, müəyyən bir "dairədə" işlədilir. Hətta bəzi məqamlarda bu tip sözlərin işlənməsinə yazılı nitqdə də təsadüf olunur. Əlbəttə, bu, oxucunu yorur, materialın dərk olunmasını çətinləşdirir. Buna görə də həmin qrupa mənsub sözlərin işlənmə arealı genişlənməmiş, onları istifadədən çıxartmaq, müvafiq qarşılıqlarını axtarıb tapmaq lazımdır.

İlkin Əsgər

Palitra.-2015.-24 noyabr.-S.7.