Siyavuş Aslanın 80 illiyi qeyd olunub

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Siyavuş Aslanın anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev S. Aslanı Azərbaycan teatrının nəhəng sənətkarlarından biri kimi dəyərləndirib: “Siyavuş Aslan unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsl sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan teatrı, Azərbaycan kinosu, mədəniyyətimiz var, Siyavuş Aslanın sənəti də yaşayacaq”. Teatrın baş rejissoru-bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemət, S. Aslan haqqında xatirələrini bölüşüb, onu Azərbaycan teatrının, kinosunun böyük sənətkarı kimi xarakterizə edib. Tədbirdə Xalq artisti Hacı İsmayılov, kinoşünas, Əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kinoteatr fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Gecədə Siyavuş Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalarından səhnələr nümayiş olunub.

 

Palitra.-2015.-27 noyabr.-S.13.