Dilə sayğı bağça yaşlarından aşılanmalıdır”

 

Ceyhunə Hüseynova: “Universitetlərarası dil müsabiqələri keçirilə bilər, yaxud dilimizi sevdirəcək təlimlər təşkil oluna bilər”

 

Bu gün gənclərimiz üçün vacib olan mənəvi ehtiyac intellektual səviyyənin yüksəldiləmsi, dilimizə, ümumiyyətlə, milli-mənəvi dəyərlərimizə sevgidir. Əlbəttə ki, ali məktəblərdə də bu istiqamətdə dərslər tədris olunmalıdır. Sumqayıt Dövlət Universitetinin Azərbaycan diliümumi dilçilik kafedrasının baş müəllimi Ceyhunə Hüseynova bu mövzuda qəzetimizə müsahibə verib.

-Bugünkü gənclikdə çatışmayan xüsusiyyətlər nədir?

-Bugünkü gənclik deyərkən, əlbəttə, mən daha çox dərs dediyim, müşahidə etdiyim tələbələri müqayisə edə bilərəm. Müasir gənclərimizdə məni qane etməyən xüsusiyyətlərdən biri nitq mədəniyyəti vərdişlərinin olmamasıdır. Bu, əslində, cəmiyyətimizin böyük problemidir. İnsan nitqi ilə ifadə olunurbu gənclərin cəmiyyətin bir parçası olduğunu nəzərə alsaq, bütövlükdə cəmiyyət özünü dünyada nitqi, dili ilə təqdim edir. Odur ki, məni bir müəllim kimi gənclərdə nitq mədəniyyətinin olmaması narahat edir. Əcnəbi tələbələrin hazırlıq mərkəzində dərs dediyim xarici ölkə vətəndaşlarında məni onların necə gözəl ifadə etmələri cəlb edir. Təəssüf ki, bizim tələbələrdə bu vərdişlər çox zəifdir. Əslində, bu mədəniyyətin özülü orta məktəblərdən qoyulmalıdır. Bu gün yeni təlim metodlarının orta məktəblərdə tətbiqi, əslində, bu vərdişlərə yiyələnməni də təmin edir. Məncə, işə qəbul zamanı bu tələblər də nəzərə alınmalıdır. Daha sonra düşünürəm ki, bugünkü gəncliyə mənəviyyat dərsləri keçirilməlidir. Bu istiqamətdə də boşluq nəzərəçarpacaq dərəcədədir. Məncə, cəmiyyəti güclü edən başlıca amillərdən biri də mənəviyyatdır (Türkiyə təhsil sistemindən yararlanmaq olar). Bugünkü gənclikdə milli qürur hisləri azdır. Milli varlığımız olan dilimizə sevgi yetərincə deyil. Mütəmadi olaraq biz dərslərdə bu keyfiyyətləri aşılamağa çalışırıq. Amma bu keyfiyyətlər orta məktəblərdən formalaşdırılsa daha çox nailiyyət əldə etmiş olarıq. Əlbəttə, bu nöqsanlar hamıya şamil olunmur.

-Tələbələrdə dilə sevgi yaratmaq üçün nə edilməlidir?

-Məncə, dilə sevgi bağça yaşlarından aşılanmalıdır. Balaca fidanlara milli dəyərlərimiz-bayraq, gerb, himnlə yanaşı, dilimiz də təbliğ olunmalı, onlarda dilə sevgi oyadılmalıdır. Daha sonra müxtəlif dil müsabiqələri təşkil oluna bilər, həvəsləndirici mükafatlar ayrıla bilər. Türkiyə dövlətinin apardığı dil siyasətini, əslində, çox bəyənirəm. “Türk dili” olimpiadası təşkil etməklə bütün dünyanı öz dilini öyrənməyə sövq edir. Universitetlərarası dil müsabiqələri keçirilə bilər, yaxud dilimizi sevdirəcək təlimlər təşkil oluna bilər. Bu gün universitetlərdə bütün fakültələrdə “nitq mədəniyyəti” fənni nəzəri şəkildə tədris olunur, məncə, bu fənn təlimlər şəklində mütəxəssislər tərəfindən keçirilsə, ixtisasından asılı olmayaraq bütün tələbələrə praktiki natiqlik öyrətməklə yanaşı, dilə sevgi də aşılana bilər (belə olan halda dilə maraq daha çox artar). Tələbə nitq mədəniyyətinə yiyələnməklə dilimizisevmiş olar. Bu gün şəhərimizin küçələrində mənası anlaşılmayan əcnəbi onomastik vahidlər dəyişdirilməli, rəsmilər bu halların qarşısını alacaq tədbirlər görməlidir. Şirkətlərdə isə işə qəbuletmə şərtlərindən biriana dili biliyinə yiyələnmə səviyyəsi olmalıdır. Necə ki əcnəbi şirkətlər ingilis dili bacarığını əsas şərt kimi irəli sürür. Məncə, burada da bir boşluq vardır. Ulu öndərimiz Heydər Əliyevin dil siyasəti uğurla davam etdirilməlidir. Dahi rəhbər ana dilində danışa bilməyən alimlərə kəskin iradını bidirərək, bunu vacib şərt kimi onların qarşısına qoymuşdu. Yaxud cənab Prezidentimiz və ailəsi bir neçə dil bilsələr də bütün tədbirlərdə öz fikirlərini ana dilinin incəliklərini gözləməklə ifadə edirlər. Bunun özübir dil siyasətidir, əslində. Kiçik dövlət adlandırdığımız ailələrdə də ana dilinə məhəbbət aşılansa məqsədə doğru getmiş olarıq.

-Tələbələrlə açıq dərslər keçirirsizmi?

-Universitetimizdə mütəmadi olaraq açıq dərslər keçirilir. Hər bir müəllim iki dəfə olmaqla il ərzində açıq dərs verir. Eyni zamanda müəllimlərə seçkiqabağı elmi fəaliyyətlə yanaşı, qoyulan tələblərdən biri də keyfiyyətli açıq dərslərin verilməsidir. Bu cür dərslərdə kafedra əməkdaşları, fakültə dekan və müavinləri, metodbirləşmənin üzvləri, bəzən rektorumuz da iştirak edir. Xüsusilə rektorumuzun açıq dərslərdə iştirakı biz müəllimlərin məsuliyyətini artırır, həm də öz üzərimizdə daimi işləməyə sövq edir.

-Ali məktəblərdə dəyərlərimiz lazımi qədər təbliğ olunurmu?

-Əlbəttə, təbliğ olunur. Hər bir azərbaycanlının borcu milli-mənəvi dəyərlərimizi sevmək, qorumaq, tanımaq və tanıtdırmaqdır. Xüsusilə ali məktəblərdə bu təbliğat aparılmalıdır. Vaxtaşırı universitet tədbirlərində dəyərlərimizə sevgi aşılanır. Xüsusilə əcnəbi tələbələrlə dərsə Azərbaycanın milli-mənəvi dəyərləri, ərazisi, sərhədləri, sərvətləri kimi mövzularla başlayırıq. Yuxarıda qeyd etdiyim kimi, yaxın günlərdə keçirdiyim açıq dərs 16.10.2015-ci ilə təsadüf etdiyindən motivasiya olaraq dərsə, bayrağımızı tərənnüm edən videomaterialla başladım. Əlbəttə, qarşıdan Müstəqillik Gününün gəlməsini nəzərə almışdım və dərsin slaylarını da, tapşırıqlarını da milli ruha kökləmişdim. Dərsə dilimizi sevmək, qorumaq kimi tövsiyələr verərək Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirilə yekun vurdum. Yəni istər dərslərdə, istərsə də tədbirlərdə dəyərlərimizin təbliği yetərincə həyata keçirilir.

-Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?

-Gələcək gənclərin əlində olduğu kimi, cəmiyyətin inkişafı da bilavasitə gənclikdən asılıdır. Bu səbəbdən gənclərimizin yüksəkkeyfiyyətli təhsilə yiyələnmələri mütləq şərtdir. Diqqət etsək, dünyanın qabaqcıl ölkələrində təhsilin səviyyəsi çox yüksəkdir. Bu gün Yaponiya bilik səviyyəsilə, az qala, bütün dünyanı fəth edir. Azərbaycan kimi qüdrətli dövlətin də intellektual gəncliyə böyük ehtiyacı var. Düşünürəm, artıq bu cür gənclik yetişməkdədir. Doğudur, gənclərimiz arasında savadsızlıq da hökm sürür, amma bununla yanaşı çox savadlı kadrlarımız da yetişməkdədir. Bilirsiniz, gənclərin fizikizehni fəaliyyəti daha güclü olur, odur ki, müəyyən təcrübəyə yiyələnmiş müəllim onlara cəmiyyətin inkişafına töhfə verə bilmək üçün yol və istiqamət göstərməlidir. Bəzən dərslərdə dildə mübahisəli mövzuların müzakirəsi olur. Elə tələbələr olur ki, tutarlı arqumentlərlə müəllifin fikri ilə razılaşmır. Müəllim öz münasibətində faktlara əsaslansa da, onların subyektiv fikrinə hörmətlə yanaşdığını bildirməlidir, əgər tələbənin fikirlərində həqiqətə uyğunluq varsa, onu dəstəkləməli, müəyyən istiqamət verməlidir ki, tələbə öz fikrilə gələcəyə, elmə töhfə bəxş edə bilsin.

-Təhsilin keyfiyyətini yüksəltmək üçün daha hansı tədbirlər görülməlidir?

-Təhsilin keyfiyyətini yüksəltmək üçün yalnız tələbələri yetişdirməklə kifayətlənmək olmaz. Müəllimlərin də inkişafının təminatı üçün aparılan islahatlar davam etdirilməli, tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, ildə ən azı bir dəfə də olsa ölkədə və xarici dövlətlərdə keçirilən treninqlərdə müəllimlərin iştirakını təmin etmək, universitetlərə təlim metodları ilə bağlı təlimçilər göndərilməli, müəllimlərarası rəqabəti gücləndirmək üçün müxtəlif tədbirlər görülməli, tez-tez universitetlərdə pedaqoqlarla görüş keçirilməlidir. Ən əsası müəllimin maddi rifahı yüksək olmalıdır. Mən fəaliyyətə yeni başlayanda o qədər də mahiyyətinə varmamışdım bu sənətin. Müəllimlik böyük bir sənətdir. Lakin işlədikcə müəllimliyin nə qədər çətin və şərəfli sənət olduğunu anladım. “Mən müəllimdən yüksək ad tanımıram” deyərkən bu sənəti çox gözəl ifadə etmişdir ulu öndər. Anamız bizi bioloji varlıq olaraq dünyaya gətirsə də fərd olaraq bizi həyatda məhz müəllimlərimiz yetişdirir. Müəllim həm də ana qədər müqəddəsdir. Müəllim bizi, cəmiyyəti, bütövlükdə bəşəriyyəti formalaşdıran bir qüvvədir. Hər kəs müəllimin kim olduğunu başa düşməli, onun qiymətini verməlidir. Bu gün mən fəxr edirəm ki, müəlliməm və cəmiyyətin formalaşmasında azacıq da olsa payım var! Müəllim yetişdirən müəllimlərimin qarşısında baş əyirəm!

Fuad Hüseynzadə

Palitra.-2015.-28 oktyabr.-S.11.