Heykəltəraş Azad Zeynalovun yaradıcılıq dünyası

 

Təsviri sənətin maraqlı növü sayılan heykəltəraşlıq insan həyatında geniş yayılmışdır. Belə ki, o həqiqətdə olan gözəlliyi əks etdirərək, öz növbəsində bizim yaddaşımızı, zövqümüzü və gözəllik haqda olan anlayışımızı formalaşdırır. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltəraşlıq abidələri yüksəlir. Azərbaycanın professional heykəltəraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir.

Azərbaycan heykəltəraşlıq məktəbinə 1980-ci ildə gələn heykəltəraşlardan biri Azad Zeynalovdur. Azad Zeynalov 1961-ci ildə Bakı şəhərində anadan olub. 1976-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub və 1980-ci ildə bu Rəssamlıq məktəbinin "Heykəltəraşlıq" şöbəsini bitirib. 1983-cü ildə M.Əliyev adına İncəsənət İnstitutunun "Heykəltəraşlıq" şöbəsini qəbul olub və 1989-cu ildə bu Universiteti bitirib. 1989-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heykəltəraşlıq kafedrasında müəllim, baş müəllim vəzifələrində işləmişdir. 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heykəltəraşlıq kafedrasında müəllim, sonra isə kafedra müdiri işləyib. Hal-hazırda həmin kafedranın dosenti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektor vəzifəsində çalışır.

Heykəltəraş Azad Zeynalov 1989-cu ildə diplom işi olanVaqif Mustafazadə” əsərini uğurla müdafiə etdikdən sonra yaradıcılıq aləminə daxil olur. Bu hal-hazırda bəstəkar Vaqif Mustafazadənin ev muzeyində tamaşaçılara nümayiş etdirilir.

Azad Zeynalov pedaqojiictimai işlərlə yanaşı, yorulmaq bilmədən yaradıcılıq işləri ilə də məşğul olur. Müxtəlif dövrlərdə General Akim Abbasovun xatirə lövhəsinin, akademik Yusif Məmmədəliyevin yubiley medalının, Ağdaş və Xızı rayonlarındakı ümummilli lider Heydər Əliyevin abidələrinin, şair Rəsul Rzanın, bəstəkar Xəyyam Mirzəzadənin portretini və digər çoxsaylı əsərlərin müəllifidir. Əsərləri Türkiyə, RusiyaAlmaniyada saxlanılır. Heykəltəraş Azad Zeynalov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və Rəsul Rza mükafatı laureatıdır.

Heykəltəraş Azad Zeynalov 2007-ci ildə yaratdığı “Rəsul Rza” əsərində mərmərin portretin daha təsirli və cəlbedici bədiiləşməsinə xidmət edə biləcək xüsusiyyətlərini çox incəliklə duyaraq inandırıcı plastika nümunəsi yaratmağa nail olmuşdur. Digər tərəfdən müəllifin Rəsul Rzanın portretini məhz ağ-işıqlı materialda gerçəkləşdirməsi ona yaradıcılığı təzadlı məqamlarla zəngin olan şairin ümumiləşdirilmiş obrazını yaratmağa imkan vermişdir. Belə ki, şairin Göyçay şəhərindəki ev muzeyində nümayiş etdirilmək üçün nəzərdə tutulan bu əsərdə başlıca yaradıcı vəzifəsi yaratdığı “Rənglər” şeirlər silsiləsi ilə Azərbaycan poeziyasında dərin iz buraxmış söz xiridarının gerçəkçi-inandırıcı portretini yaratmaq olub. Rəsul Rzanın portretinin təsirliliyi üçün seçdiyi bir qədər sərt fakturalı səth onun əhatələndirdiyi və şairin incə-yumşaq yapma manerası ilə işıqlı və cəlbedici görünən çöhrəsinin yaddaqalan görkəmini əldə etməyə nail olmuşdur. Elə müəllifin portretin başının arxa hissəsini fon-yerliklə bitişik həll etməsi də məqsədli olmaqla, obrazın daha cəlbedici görünməsi üçün düşünülmüşdür. Odur ki, bir qədər sərt fakturanın qonşuluğunda şairin bütün əzaları aydın və dəqiq görünməklə, onunla göz-gözə qalanlara bədii-estetik məziyyətlər aşılamaq gücündədir.

Heykəltəraşın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyətinə həsr etdiyi əsərlər ilk növbədə bu mövzuda yaradılan abidə və portretlərdən bədii həllin səmimiliyinə görə diqqəti cəlb edir. Heç şübhəsiz o, bu mövzu üzərində çalışarkən qarşısında dayanan yaradıcı vəzifənin məsuliyyətini dərindən dərk edirdi Təbii ki, bu çətinlik və mürəkkəblik, yəni görkəmli dövlət xadiminin yaddaqalan obrazını yaratmaq bilavasitə obrazın böyüklüyü, müdrikliyi, aliliyindən irəli gəlirdi.

Azad Zeynalov Heydər Əliyevi müasir Azərbaycanın əsl vətəndaşı, onun dövlətinin memarı, ilk demokratik konstitusiyasının müəllifi kimi təqdim etmişdir. Sanki xalqın gələcək taleyini müdrikcəsinə görürmüş kimi onun nəzərləri irəliyə dikilmişdirbu işıqlı gələcəyi heç kəs və heç bir qüvvə şübhə altına ala bilməz.

Sənətkar yaratdığı obrazın şəxsiyyətini hərtərəfli öyrənəndən sonra, özünün təsəvvüründə canlandırdığı obrazın plastik şərhini məhz Heydər Əliyevin məqsədyönlü və məntiqli siyasətindən alınan təəssüratla qovuşaqda vermişdir. İlkin eskizlərlə tanışlıqdan məlum olur ki, heykəltəraş fiqurunkürsülüyün ölçüsünü, duruşun, jestingeyimin plastik şərhini dəfələrlə korrektə etmişdir. O, xeyli vaxt fiqurun və əllərin hərəkətlərini tapa bilməmişdir. Yalnız işin son variantında obrazın ahəngdar addımı, əllərin vəziyyəti daha artıq təbii və arzulanan təsir bağışlamışdır. Eskizdən son - tamamlanmış varianta kimi olan yol bir məqsədə - təfərrüatdan qaçaraq obrazın və plastikanın şərhində ümumiləşməyə və monumentallığın əldə olunmasına tabe edilmişdir.

Azad Zeynalovun yaradıcılığında da ovqat daşıyıcılığı qabarıq olan əsərləri az deyil. Onun müstəqillik illərində ərsəyə gətirdiyi “Bəstəkar Xəyyam Mirzəzadə” (2006), “Sevinc” (2010), “Tənha qadın” (2011) və s. nümunələr məhz bu qəbildəndir.

Onun mərmərdə icra olunmuşSevinc” (2010) əsəri bədii-plastik ümumiləşdirmələri ilə yadda qalır və bu baxımdan əvvəlki işlərindən kəskin şəkildə fərqlənir. Əslində bu cür plastik həll heykəltəraşlığın yaradıcılığında özünəməxsus bir səhifəni təşkil edir desək, həqiqəti söyləmiş olarıq. Əsərin ən önəmli bədii-estetik məziyyəti onun plastik həllinin qədim Azərbaycan heykəltəraşlığı ənənələrinə tapınmasıdır. Elə bu səbəbdən də balaca qızı təsvir obyekti seçən müəllif bilavasitə bu cür təfsir ilə tutum etibarilə kiçik olan fiqurun duyulası monumentallığına nail olmuşdur. Duyulası ümumiləşdirmənin qarşılığında görünən yalnız fiquru tamamlayan portretşaquli formanın üzərində yüngülcə “cızılmış” uşaq əlləridir. Mərmərin ağlığının obraza nikbin ovqat bəxş etməsi, onun sevinc qaynağı kimi qəbulunu şərtləndirmişdir.

Heykəltəraşın görkəmli Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadəyə həsr etdiyi portret-kompozisiya da özünəməxsus özəlliklərə malikdir. Belə ki, musiqiçini yaxından tanıyan Azad Zeynalov apardığı davamlı müşahidələrin nəticəsində onun səciyyəvi xüsusiyyətlərini özündə yaşadan əsər yaratmağa nail olmuşdur. Bu dəzgah heykəltəraşlığı nümunəsində müəllif bədii ümumiləşdirmələrdən geniş istifadə etsə də, musiqiçini elə oturuşundan tanımaq mümkündür. Doğrudan da, əllərini ciblərinə qoymaqla, ayağını ayağının üzərinə aşırmasında nümayiş etdirdiyi duyulası sərbəstlikdə məhz Xəyyam Mirzəzadənin obrazı “oxunur”. Düşüncələrə dalmış vəziyyətdə təsvir olunan musiqiçinin dünyası ilə dialoqunun yaradıcılığa kökləndiyi duyulandır. Ona görə də bəstəkarın fiquru detal xırdalıqlarına yol verilməsə də, elə səciyyəvi pozasına görə yaradıcı yükü daşıdığını göstərir.

Azad Zeynalovun “Tənha qadın” (2011) əsərində ovqat ifadəsi qabarıqdır. Adından da göründüyü bu təkfiqurlu kompozisiyada özünə qapılmış tənha qadın təsvir olunmuşdur. Ayaqlarının və əllərinin qeyri-iradi hərəkətində, eləcə də düşdüyü vəziyyətdə nə edəcəyini bilməyən bu qadının ümumi durumunda ümidsizlik kifayət qədər qabarıqdır. Tənhalığın bu dərəcədə qabardılmasına nail olan heykəltəraş, əslində bu arzuolunmaz insani yaşantının yaddaqalan plastik obrazını yarada bilmişdir.

Heykəltəraş Azad Zeynalovun zənginliyi ilə seçilən bədii irsini monumental və dəzgah heykəltəraşlığı, eləcə də memorial - xatirə nümunələri təşkil edir. Memorial xatirə sahəsində heykəltəraş SSRİ xalq artisti Firəngiz Əhmədovanın və Xalq rəssamı Yusif Hüseynovun qəbirüstü abidəsini düzəltmişdir.

Heykəltəraş Azad ZeynalovCaspian Energi” beynəlxalq mükafatın müəllifidir. Bununla yanaşı, mədəniyyət və incəsənət sahəsində gördüyü işlərə görə “Caspian Energi” beynəlxalq mükafatı heykəltəraşın özünə də təqdim edilmişdir.

Azad Zeynalov fəal vətəndaş mövqeyində dayanan insanlardandır. Bu mövqe onun yaradıcılıq maraqlarını davamlı olaraq mənəvi axara salmaqdadır. Odur ki, çoxsaylı keyfiyyətləri onun böyük istedadının təzahürü saymaq olar.

Samir Sadıqov

Sənətşünas

Palitra.-2015.-16 yanvar.-S.13.