Toğrul Niyazlı: “Oxuduğum Edinburq Universiteti Böyük Britaniya universitetləri arasında 5-ci yerdədir”

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Şotlandiyada ali təhsilini davam etdirən Toğrul Niyazlıdır. Toğrul Azərbaycanda uğurlu təhsil almaqla yanaşı, ictimai işlərdə də kifayət qədər aktiv olub. Bu fəal, savadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Toğrul Niyazlı 1993-cü il 19 avqust tarixində Bakı şəhərində doğulmuşam. 1999-cu ildə Sumqayıt şəhər N. Tusi adına 12 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2010-cu ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 675 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Menecment ixtisasına daxil oldum və oranı da fərqlənmə diplomu ilə bitirdim. Orta məktəbdə təhsil aldığım müddətdə “LG Bilik Akademiyası”, “Xəmsə Milli İntellektual Oyunu”, “Mən Azərbaycanlıyam” kimi bilik yarışlarının qalibi olmuşam. Bunlardan əlavə isə ali təhsil aldığım müddətdə həmin təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri olmuşam. Eyni zamanda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini vəzifəsində fəaliyyət göstərmişəm, ATGTİ-nin Avropa Tələbələr Birliyinə (ESU) üzv olmasına nail olmuşESU-nun bir neçə İdarə Heyəti iclaslarında iştirak etmişəm.

Qeyd etmək istərdim ki, DİA-da təhsil aldığım müddətdə Gənclər Fondu (AzGF), ATGTİ-nin maliyyə və təşkilati dəstəyi ilə DİATGT tərəfindən Bakıda “Boloniya prosesi və Azərbaycan” adlı beynəlxalq layihənin həyata keçirilməsinə nail olmuşam. Hazırda isə təhsilimi MSc Management proqramı üzrə dünyada 17-ci olan Böyük Britaniyanın Edinburq Universitetində davam etdirirəm.

- Yüksək bal toplayıb, ölkənin ən perspektivli ali təhsil ocağına qəbul olan gəncin xaricdəki təhsili də uğurlu olar.

- Öncə onu deyim ki, xaricdə təhsil almaq fikrim çox əvvəldən var idi. Hələ məktəbin son siniflərində təhsil aldığım vaxt bir çox aparıcı universitetlərin qəbul tələbləri və ixtisaslaşma sahələri ilə yaxından tanış idim. Daha sonra isə Dövlət İdarəçilik Akademiyasına qəbul olduğum üçün xaricdə təhsil almaq planımı bir qədər sonraya saxlamağı düşündüm. Çünki DİA-da təhsil almağı da uşaqlıqdan arzulayırdım. Bakalavr təhsili aldığım müddətdə ictimai fəaliyyətlə məşğul olmağa başladım və fəaliyyətimi ATGTİ-də başlamağı düşündüm. Həmin il gənclərin mübadilə proqramı çərçivəsində Koreya Respublikasına səfər etdikdən sonra ATGTİ-nin MDB ölkələri tələbə-liderləri üçün yay məktəbinin iştirakçısı oldum. Daha sonrakı dövrdə ATGTİ-də qazandığım təcrübə bir çox sahələrdə köməyimə çatdı. Magistr təhsilimi xaricdə almaq haqqında düşündükdə isə bir çox kəsdən dəstək aldım. Bu şəxslər arasında ailəm və müəllimlərimi qeyd etmək istəyirəm ki, bütün seçim prosesi boyunca dəstəkləyici və ruhlandırıcı yanaşmaları ilə mənə çox dəstək oldular. Lakin onu da qeyd etməliyəm ki, xüsusi mənəvi və fərdi dəstəyi çox dəyər verdiyim Gənclər İttifaqının sədri Şahin İsmayılov və ümumi ATGTİ ailəsindən aldım. Düşünürəm ki, indi belə bir təhsil təcrübəsindən və ictimai aktivlikdən sonra xaricdə ali təhsilimi uğurla davam etdirə bilirəm.

- Oxuduğunuz ali təhsil ocağı barədə də oxucularımıza məlumat verərdiniz.

-Hazırda Böyük Britaniyanın Edinburq Universitetində Menecment ixtisası üzrə magistr təhsili alıram. Qeyd edim ki, 1583-cü ildə əsası qoyulan Edinburq Universiteti Böyük Britaniya universitetləri arasında 5-ci, dünya universitetləri arasında isə 17-ci yerdə qərarlaşıb. Bundan əlavə “Global Employability University Rankingin açıqladığı siyahıya görə məzunların işlə təmin olunması baxımından dünyada 15-ci yerdədir. Edinburq Universiteti təhsil səviyyəsinin yüksək olması, həmçinin, tədris prosesində ən son texnologiyaların tətbiqi ilə xüsusilə fərqlənən universitetlərdən biridir. Onu da qeyd etmək yerinə düşər ki, Edinburq şəhəri çox qədim olmaqla yanaşı, tarixi binalarının çox böyük hissəsinin qorunub saxlanması və yeni binaların az olması ilə diqqət çəkir. Şəhərin mərkəzində yerləşən bu qədim binaların əksəriyyəti isə universitetə məxsusdur. Tarixelm arasında olan ən incə ahəngi hiss etmək üçün Edinburq Universitetində təhsil almaq çox gözəl vasitədir. Lakin universitet tələbələrin məmnunluğu baxımından aşağı pillələrdə qərarlaşan ali təhsil müəssisələrindən biridir. Bunun da əsas səbəbi keçirilən fənlərin çoxluğu, təhsilin çətinlik səviyyəsi və tələbələrin asudə vaxtının az olmasıdır.

- Bu şəhərin yerli əhalisi haqqında da ətraflı söz açardınız.

-Edinburq şəhəri Şotlandiyanın paytaxtı olduğu üçün burada rast gəlinən əsas mədəniyyət nümunələri də şotlandlara məxsusdur. Edinburqda olduğunuz zaman ən çox rast gələcəyiniz sözlərdən birikilt”, digəri isə “haggisdir. “Kiltşotlandlara məxsus kişi geyimdir və “tartanadlanan xüsusi parçadan hazırlanmış ətəkdir. Parçaların rəngləri isə onu geyinən şəxsin mənsub olduğu ərazidən və ailədən asılı olaraq dəyişir. Bu günEdinburq küçələrində bu geyimdə olan insanlara tez-tez rast gəlinir. “Haggis” isə Şotlandiya xalqına məxsus yemək növüdür. Müxtəlif növ ətlərdən və ədviyyatlardan hazırlanan bu yemək çox ləzzətli sayılır və qonaqlara təqdim olunur. Bunlardan əlavə onu da qeyd edim ki, Edinburqda hər il avqust ayında dünyanın ən böyük mədəniyyət festivalı keçirilir. “Edinburgh Festival Fringeadlanan bu festivala dünyanın hər yerindən mədəniyyət nümayəndələri və minlərlə turist qatılır. Növbəti illərdə Azərbaycandan olan mədəniyyət nümayəndələrini də burada görməyi çox istərdik.

- Azəbaycanlı bir gəncin belə bir universitetdə və ölkədə təhsil alması qürurverici haldır. Bəs, ümumilikdə xaricdə təhsil alan “gənclər ordusunun genişlənməsini necə dəyərləndirərdiniz?

- Çox sevindirici haldır ki, bu gün Azərbaycan gəncləri dünyada yeniliklərə imza atır, aparıcı mövqelərdə qərarlaşırlar. Təbii ki, bütün bunların səbəbi Azərbaycan xalqına mənsub olan əzmkarlıq, məsuliyyətlilik və eyni zamanda gənclərə fəaliyyət göstərmələri üçün yaradılan şəraitdən irəli gəlir. Bu gün bacarığına, biliyinə güvənən istənilən gənc xaricdə təhsil almaq imkanından, Azərbaycan Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqələrində qalib gəlməklə, həyata keçirmək istədikləri arzunu və məqsədi reallaşdırmaq imkanından istifadə edə bilərlər. Xaricdə təhsil almağın üstünlüklərindən biri də məhz müxtəlif ölkələrdə həyata keçirilən gənclər siyasəti, gənclərin özlərini reallaşdırmaları üçün yaradılan şəraitlərlə tanış olmaq imkanıdır. Bu baxımdan deyə bilərəm ki, Azərbaycanda gənclər üçün yaradılan imkanlar, onların həyat və fəaliyyətlərini dəstəkləmək üçün qəbul olunan dövlət proqramları xarici ölkələrdən olan tələbələr üçün çox maraqlıdır.

 

Çox sevindirici haldır ki, bu gün Azərbaycan gəncləri dünyada yeniliklərə imza atır, aparıcı mövqelərdə qərarlaşırlar. Təbii ki, bütün bunlar Azərbaycan xalqına mənsub olan əzmkarlıq, məsuliyyətlilik və eyni zamanda, gənclərə fəaliyyət göstərmələri üçün yaradılan şəraitdən irəli gəlir”

 

- Sizcə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın hansı böyük əhəmiyyəti olacaq?

-“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması və reallaşdırılması təbii ki, tələbələrimiz ən çox sevindirən məqamlardan biri kimi qəbul oluna bilər. Belə ki, bu cür imkanın yaradılması gənclərimizə özlərini təsdiq etmək, müxtəlif mədəniyyətləri, təcrübələri öyrənmək, Azərbaycan reallıqlarını dünyaya çatdırmaq və dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ probleminə, eləcə də ölkəmizin sürətli iqtisadi inkişafına çəkmək baxımından çox əhəmiyyətlidir. Bu cür proqramların qəbul olunması eyni zamanda gənclərimiz üçün daha geniş imkanlar, yaşamaq və fəaliyyət göstərmək üçün daha geniş coğrafiiqtisadi məkanlara sahib olmaq mənası daşıyır. Bütün bu sadaladığım məqamların cəmi- gənclərimiz üçün yaradılan şərait və gənclərimizin yüksək potensiala sahib olmaları Azərbaycanın gələcəyi haqqında daha inamlı düşünməyə bizə əsas verir.

-Xaricdə təhsil almağın sizin üçün hansı üstünlükləri olacaq?

-Xaricdə təhsil almağın ən üstün cəhəti kimi, təhsilimi bitirdikdən sonra ixtisaslaşdığım sahədə mütəxəssis olaraq fəaliyyət göstərmək imkanımın olmasıdır. Bu baxımdan düşünürəm ki, ixtisasımı dərindən bilmək və xaricdə təhsil aldığım müddətdə öyrəndiyim təcrübələri və yenilikçi yanaşma tərzini Azərbaycana qayıdaraq işlədiyim sahədə tətbiq etməyim daha çox uğur qazanmağım və xalqımıza töhfə verməyim baxımından əhəmiyyətlidir. Eyni zamanda düşünürəm ki, akademik fəaliyyətimi də davam etdirəcəyəm.

 

Tural Tağıyev

Palitra.-2015.-22 yanvar.-S.6.