“Türkiyədəki tələbələrimiz Azərbaycanı layiqincə təmsil edirlər”

 

Toğrul Həsənli:“Azərbaycan Respublikası gənc bir dövlət olmasına baxmayaraq, elm və təhsil sahəsində çox böyük uğurlarımız var

Xaricdə təhsil alan bir sıra gənclərimiz elmi, biliyi, həmçinin vətənpərvərliyi ilə də seçilir. Son zamanlar xaricdəki tələbələrimizin vətənin haqq səsinin müdafiəsi və yayılması uğrunda gördüyü işlər bunun bariz nümunəsidir. Elə müsahibimiz Toğrul Həsənli də bu baxımdan xaricdəki fəal tələbələrimizdəndir. Qeyd edək ki, Toğrul Həsənli Türkiyə Cümhuriyyəti Kars Kafkas Universitetinin Çağdaş türk dilləri və ədəbiyyatı (Filologiya) bölümünün 2-ci kurs tələbəsidir.

 

-Öncə sizi tanıyaq.

-Mən 1992-ci ildə Azərbaycanın ayrılmaz diyarı olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kəndində dünyaya gəlmişəm. Xanlıqlar kənd Zülfüqar Hüseynov adına orta məktəbdə oxumuşam. 8-ci sinifdən Heydər Əliyev adına hərbi liseyə daxil olmuşambir il hərbi liseydə oxumuşam. Səhhətimə görə Ana ərizəsilə Hərbi liseydən çıxmışam. Mənim bu dünyada ən çox sevdiyim peşə hərbçi olmaqdır, inşallah.

1 illiyi təkrar Xanlıqlar kənd orta məktəbində davam etdirmişəm. 2010-cu ildə 11-ci sinfi bitirmişəm. Bundan sonra həm Sərhəd qoşunlarına, həm də ali məktəbə sənəd vermişəm. Ali məktəbə qəbul olsam da, maddi imkana görə oxumamışam və 2014-cü ildə Türkiyənin Kars Kafkas Universitetinin Mühəndislik ixtisasını qazansam da, üstünlüyü Çağdaş türk dilləri və ədəbiyyatı ixtisasına vermişəm

-Ölkəmizdə elm və təhsilin inkişafı özünü necə büruzə verir?

- Elm və təhsil dövlətimiz və xalqımız üçün çox vacib bir məsələdir; istər iqtisadiyyatda, istər siyasətdə və başqa sahələrdə güclü elm və təhsil birinci yerdə durmalıdır. Azərbaycan Respublikası 1991-ci ildən 2016-cı ilə qədər elm və təhsil sahəsində çox böyük nailiyyətlər əldə edib və etməkdədir. Məsələn, əvvəllər müalicə üçün xarici dövlətlərə gedirdilər. İndi isə bizim güclü və savadlı həkim kadrlarımız var.

Elm və təhsil həm dövlətimiz, həm də xalqımız üçün mühüm bir məsələdir. Ali təhsili hər bir vətəndaş ala bilər. Əsas odur ki, savadlı bir kadr olaq, vətənimiz, dövlətimiz, xalqımız üçün çalışaq, lazımi yerdə haqqımızı, hüququmuzu qoruyaq, insanları məlumatlandıraq və maarifləndirmə işi aparaq.

Azərbaycan Respublikası gənc bir dövlət olmasına baxmayaraq, elm və təhsil sahəsində çox böyük uğurları var. Mənim fikrimə görə, bir dövləti elm və təhsilsiz təsəvvür etmək olmaz. Hər şey elm və təhsil, savadlı kadrlardan asılıdır.

-Xaricdə təhsil alan gənclərimiz dövlətimizi layiqincə təmsil edə bilirlərmi?

- Hal-hazırda Azərbaycanda təhsilə çox önəm verilir. Xaricdə oxumağın, mənim fikrimə görə, üstün tərəfləri dünyagörüşlü olmaq, Azərbaycanımızı, xalqımızı birbaşa təmsil etməkdir. Biz həm özümüzü, həm Azərbaycanımızı və xalqımızı təmsil edirik. Bu, həm məsuliyyətli, həm də şərəfli bir işdir.

Xaricdə təhsili bitirib Azərbaycana qayıdanda 90% tələbələrimiz Azərbaycanımızı çox layiqincə təmsil edirlər. 10% -i isə oxuduğu ölkədə yaşamaq istəyir, hətta bəziləri oxuduğu ölkədə qalıb Azərbaycanı təmsil edir.

-Təhsil aldığınız universitetdəki əcnəbi tələbələrə ölkəmizi necə tanıdırsız?

-Mən oxuduğum TC Kars Kafkas Universitetində, eləcə də fakültəmizdə Azərbaycanımız, tariximiz, coğrafiyamız, mədəniyyətimiz, işğal olunan torpaqlarımız və s. haqqında məlumat verirəm. Konfranslar olanda əcnəbi tələbələri də dəvət edirik. Mən oxuduğum ixtisasda türklər çoxluq təşkil edir və artıq Azərbaycan haqqında hər şeyi bilirlər.

Mən bir azərbaycanlı olaraq Azərbaycanımız, xalqımız, tarixi torpaqlarımız, adət-ənənəmiz və s. haqqında Türkiyənin müxtəlif şəhərlərində olarkən ətraflı bilgilər verirəm. Xüsusən Türkiyəyə gələn turistlərə də bu haqda məlumat verirəm. Bu, bizim vətəndaşlıq borcumuzdur.

-Azərbaycan dili və ədəbiyyatı nə dərəcədə Türkiyə alimlərinin araşdırma mövzusudur?

-Azərbaycan dili və ədəbiyyatı Türkiyə alimləri tərəfindən çox layiqincə öyrənilir, araşdırmalar aparılır. Nəinki Azərbaycan dili və ədəbiyyatı, eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri, coğrafiyası, əski Azərbaycan yazıları və s. Türkiyə alimləri və araşdırmaçılarının diqqət mərkəzindədir.

-Türkiyədəki azərbaycanlı gənclərin həmrəyliyi necədir?

- Tələbələrimiz Türkiyə Cümhuriyyətində fərqli-fərqli universitetlərdə oxusalar da, hər zaman həmrəydirlər və Azərbaycanımızı layiqincə təmsil edirlər. Belə ki, müxtəlif mövzularda konfranslar, toplantılar keçirir, Azərbaycanımızı tanıdır və tanıtdırırıq. Bu və digər işlərdə bir-birimizə dəstək oluruq.

-Tələbələrimizin bilik səviyyəsi necədir?

-Tələbə öyrənməlidir və hər zaman yadında saxlamalıdır ki, o, təkcə ailəsi üçün yox, həm də dövlət üçün dəyərli bir varlıqdır. Bunun fərqi yoxdur, Azərbaycanda və ya xaricdə oxuyur. Ölkəmizdəki elm və təhsil sisteminə əgər töhfə verəcəyiksə, ilk növbədə bunu bir aksiom halına gətirməliyik.

-Xaricdə təhsilin hansı üstünlüyü var?

- Məncə, xaricdə oxumağın bir sıra üstün tərəfləri var. Əvvəla, xarici dilə yiyələnirsən və dünya tərəfindən tanınan diploma sahib (amma bütün hallarda diploma görə yox, bilik üçün oxumaq lazımdır) olursan. Bundan başqa, dünyagörüşün artır. Ən əsası da Azərbaycanımızı təmsil etmək və dövlətimizi tanıtmaq kimi bir şərəfli işi görə bilirsən. Bunu da 90% tələbələrimiz canla-basla edir. Bu da Azərbaycanımızın böyük uğurlarından biridir.

Xaricdə oxumağın bir özəlliyi də odur ki, təhsilini bitirdikdən sonra vətənə nəzəri və praktiki bilikləri mükəmməl bilən kadr kimi dönürsən. Elə dövlətimiz üçünvacib olan budur. Çünki dövlətimizin xaricdə təhsil alan gənclərdən bu baxımdan böyük gözləntiləri var. Biz xaricdə təhsil alan gənclər vətənə qayıtdıqdan sonra dövlətin bu etimadını doğrultmalıyıq.

- Bir qədər də gələcək planlarınızdan danışardınız?

-Düzdü, mən Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə oxuyuram. Amma bakalavrı bitirdikdən sonra magistr təhsili də almaq fikrim var. Məni tanıyanlar bilir ki, tarix və siyasətlə çox maraqlanıram. İnşallah, gələcəkdə Azərbaycanımızı siyasi olaraq bütün dünyaya tanıtmaq istəyirəm. Hətta mənim indiki planımda Naxçıvan Muxtar Respubilkasının, eləcə də ətraf rayonların tarixiişğal edilmiş torpaqları haqqında bir kitab yazmaq istəyirəm. Gələcəkdə türk dünyası haqqında bir kitab yazmaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıram və aparacam. Hər şey vətən üçün olmalıdır. Bunu da qeyd edim ki, hər zaman haqqı müdafiə etmişəm və edəcəm.

Fuad Hüseynzadə

Palitra.-2016.-9 aprel.-S.11.