Aqrar məsləhət xidmətinin yaradılması təklif olunur

 

Ramil Əzməmmədov: “Azərbaycanda aqroturizmin inkişaf etdirilməsi üçün gözəl imkanlar var

 

Vaxtilə Azərbaycanın aqrar sahədə şöhrəti olub. İqtisadi inkişaf strategiyasında neftin önə çıxması kənd təsərrüfatı sahəsini nisbətən arxa plana atmışdı. Lakin postneft dövründə Azərbaycan üçün xarakterik olan kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi zərurəti yaranıb. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev çıxışında bu məsələni xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, kənd təsərrüfatının sürətlə inkişaf edən sahələri inkişaf etdirilməlidir: “Vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələr bərpa edilməlidir. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır”.

Kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssis, “Azərsun Holdingin Layihə Nəzarətçisi (Project Supervisor) Ramil Əzməmmədov bizimlə söhbətində mövcud vəziyyətdə kənd təsərrüfatının inkişaf etdirilməsi yollarından danışdı: “2015-ci ilin statistik məlumatlarına baxdıqda görürük ki, ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının həcmi ixrac olunanlardan çoxdur. Öncə kənd təsərrüfatı məhsullarına olan ehtiyacımızı qarşılamağı hədəfləməliyik. Kənd təsərrüfatı məhsullarına olan ehtiyacımızın yerli istehsalla tam qarşılaya bilməməyimizin səbəbləri ciddi şəkildə araşdırılmalı və lazımlı tədbirlər görülməlidir”.

 

“Dövlət kiçik fermerləri birləşərək aqrosənaye klasterlərinin yaradılmasına təşviq etməlidir”

Ramil Əzməmmədovun fikrincə, kiçik sahələri olan fermerlərin könüllü olaraq birləşib yeni təsərrüfat formaları yaratmalarına ehtiyac var: “Regionlara gedib fermerlərin təsərrüfat işləri ilə maraqlandıqda ortaya çıxan reallıq odur ki, fermerlər əkin sahələri azdır deyə, heç nə əkib-becərmək istəmirlər. Hər kəs deyir 1-2 haya daha az torpaqda əkib heçqazana bilmərik. Dövlət kiçik fermerlərin birləşərək aqrosənaye klasterlərinin yaradılmasına təşviq etməli və dəstək olmalıdır. Aqrosənaye klasterlərinin yaradılması fonunda fermerlər birləşərək böyük sahələrdə səmərəli işlər görə bilərlər. Nəticədə bazara daha ucuz qiymətə və keyfiyyətli məhsullar çıxara bilərlər. Bunun üçün öncə fermerlərə seminarlar təşkil edib yaradılacaq klasterlərin onlar üçün olan xeyrini izah etmək lazımdır”.

Ekspert Avropada tətbiq edilən aqrar məsləhət xidmətinin ölkəmizdə tətbiq edilməsinin səmərəli ola biləcəyini düşünür: “Aqrar məsləhət xidməti fermerlərin təhsilinin artırılması, seminar və treninqlərin təşkil edilməsinə dəstək olacaq. Bu xidmət nəticəsində fermerlərdə yeniliyin qavranması asan olacaq. Təşkil olunacaq seminar və treninqlərdə bu sahədə təcrübəsi olanuğur qazanmış fermerlər gəlib öz bilik təcrübələrini paylaşırlar. Bu xidmətin qurulmasına təkcə dövlət deyil, özəl sektor və QHT-lər dəstək ola bilərlər”.

 

“Gübrə və dərmanların

tələb olunandan qat-qat çox istifadəsi halları mövcuddur

Onun sözlərinə görə, aqrar sahədə fəaliyyət göstərən tədqiqat və inkişaf (R&D) mərkəzlərinin artırılmasına ehtiyac var: “Kənd təsərrüfatı sektorunun inkişaf yolu bundan asılıdır. Əvvəlki müsahibələrimin birində vurğuladığım kimi, universitetlərin, tədqiqat və inkişaf mərkəzləri və kənd təsərrüfatı müəssisələrinin sıx şəkildə fəaliyyət göstərməsinə ehtiyac var. Kənd təsərrüfatı müəssisələri tədqiqat və inkişaf mərkəzlərinə vəsait ayırmalı və bu qurumlarla əməkdaşlıqları gücləndirməlidir. Kənd təsərrüfatı məhsullarının minimum maddi, enerji və əmək sərfi ilə becərilməsi texnologiyasının hazırlanmasına ehtiyac var. Kənd təsərrüfatı müəssisələrində enerjisu sərfini araşdırmaq lazımdır. Eyni şəkildə gübrə və dərmanların tələb olunandan qat-qat çox istifadəsi halları da mövcuddur. Məsələn, fermer bitkini inkişaf etdirmək üçün azot gübrələrindən istifadə etməli olduğunu bilir, amma miqdarını bilmir. Azot gübrələri bitkini inkişaf etdirirsə, ondaçox istifadə etsəm daha tez inkişaf edər” düşüncəsi var. Bu sahədə kəndlilərə seminarlar təşkil edib maarifləndirmək lazımdır. Eyni zamanda ölkəmizdə aqroturizmin inkişafına diqqət yetirilməlidir. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi üçün gözəl imkanlar var. Bu vasitə ilə ölkəmizə turist cəlb edə bilərik. Aqroturizm həm regionlarımızın inkişafına təkan verəcək, həm də kəndlinin becərdiyi məhsulu dərhal yerində satmaq imkanı olacaq. Aqroturizmin inkişafının kiçik fermerlərin motivasiyasını artıracağından əminəm. Hal-hazırda bu sahədə araşdırmalar aparıram, yaxın zamanlarda ölkəmizdə aqroturizmin inkişafı üçün bir plan hazırlamağı düşünürəm”.

 

“1 region 1 məhsul”

Ramil Əzməmmədov dedi ki, istehsalı artırmaq üçün bir neçə beynəlxalq modeli nəzərdən keçirmək lazımdır: “Mən hər regionun bir məhsul üzərində fokuslaşması modelini təklif edərdim. Bizim torpaqlarda bütün məhsullar yetişir deyə, hamısının ixracı barədə fikirləşmək doğru deyil. Məsələn, 10 məhsul seçib onun üzərində işləmək, onların ixracını təşkil etmək lazımdır. Hər region bir məhsul üzrə ixtisaslaşıb. Hər regionda bir məhsulu inkişaf etdirmək olar. Yaponiyanın regionların inkişaf proqramına oxşar “1 region 1 məhsul” proqramını tətbiq etmək lazımdır. 1979-cu ildə Yaponiyada tətbiqinə başlanılan bu proqram nəticəsində hər kənd rəqabətlilik qabiliyyəti yüksək olan daha az xərclə daha keyfiyyətli bir məhsul üzərində ixtisaslaşmağa başladı. Buna bənzər “1 region 1 məhsul” proqramını Azərbaycanda tətbiq etmək olar. Məsələn, respublikamızda kənd təsərrüfatı üzrə ixrac klasterlərini belə qurmaq olar: Cənub-Şərq regionunda - Subtropik bitkilər klasteri, Quba-Xaçmazda - Alma klasteri, Mərkəzi aranda - Nar klasteri, Şimal-Qərb regionunda Qərzəkli meyvələr klasteri, Qərb regionunda - Xurmaüzümçülük klasteri, Abşeronda Zeytun, zəfəran və balıqçılıq klasteris. kimi məhsulları regionlara görə inkişaf etdirmək olar. Məhsullar üzrə ixtisaslaşmış regionlardan daha çox, daha keyfiyyətli və maya dəyəri az olan məhsulları ixrac etmək olar”.

 

İxrac etmək üçün ekoloji təmiz məhsulların istehsalına diqqəti artırmalıyıq”

Ekspert bildirdi ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı salınmasına ehtiyac var: “Bu, bizə xarici bazarda məhsulumuzun rəqabətliliyinin artmasına kömək edəcək. Təbii ki, bunun üçün dövlətin dəstəyi zəruridir. Eyni zamanda Qərb ölkələrinə məhsullarımızı ixrac etmək üçün ekoloji təmiz məhsulların (orqanik məhsullar) istehsalına diqqəti artırmalıyıq. Son zamanlar Qərb ölkələrində orqanik qidalardan istifadə sürətlə artır. Ekoloji təmiz məhsullardan istifadə bir trend halına gəlib. Dövlət ekoloji təmiz məhsullar istehsal edən fermerlərə dəstək olarsa, bu sahə bizim ölkədə də inkişaf edəcək”.

Xatırladaq ki, R.Əzməmmədov magistr təhsilini BMT-nin FAO təqaüd proqramı çərçivəsində 2010-2012-ci illərdə Macarıstanın Szent İstvan (SZIE) Universitetində Kənd təsərrüfatının inkişafı və idarə edilməsi fakültəsində alıb. Onun bir müddət öncə “Avropa Birliyindən kənar ölkələrin məhsullarının AB və Macarıstan meyvə şirəsi bazarına girişi” (Access to The EU and Hungary Fruit Juice Market: With Product of Non-EU Countries) adlı ingilis dilində kitabı nəşr olunub. Beynəlxalq ticarət mövzusunda olan kitabda Avropa Birliyindən kənar ölkələrin öz məhsullarını Avropa bazarına necə çıxara bilər, hansı prosedurlardan keçməli, məhsul hansı şərtlərə cavab verməlidir və s. kimi lazımlı məlumatlar yer alıb.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-20 aprel.-S.7.