Akif Əsgərov yaradıcılığında gözəllik və poetikanın tərənnümü

 

Akif İzzətulla oğlu Əsgərov çağdaş Azərbaycan heykəltəraşlığının inkişafında mühüm rol oynayan sənətkarlardandır. Heykəltəraş 1940-cı ildə Azərbaycanın dilbər guşələrindən biri sayılan, Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş etmiş Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1958-63-cü illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1963-69-cu illərdə isə Leninqrad indiki Sankt-Peterburq şəhərində M.K.Anukişinin emalatxanasında təhsil almışdır. 1970-72-ci illərdə SSRİ Rəssamlar İttifaqına üzv olmuşdur. 1978-ci ildə tuncdan tökülmüşSu içərkən” adlı heykəl kompozisiyası Rəssamlıq Akademiyasının diplomuna layiq görülmüşdür. Mütənasib proporsiyalara malik bu kompozisiyada lirik əhvali-ruhiyyə aparıcı rol oynayır. 1986-cı ildə “Rəfiqələr” adlı tuncdan hazırlanmış heykəl kompozisiyasında zəriflik və incəlik, qadın gözəllikləri və onun daxili dünyası yüksək səviyyədə öz əksini tapmışdır və “BiennalleZaqafqaziya Respublikaları sərgisində qızıl medala layiq görülmüşdür. Elə həmin ildə heykəltəraş A.Əsgərov “Balerina” adlı mərmərdən portret heykəli yaratmışdır. Mərmər, şübhəsiz ki, qadın zərafətini vurğulamaq üçün əvəz edilməz materialdır. İncəlik, plastik həll və həcm baxımından seçilən bu əsər dəzgah heykəltəraşlığında özünəməxsus yerlərdən birini tutur. Balerinanın üz ifadəsində teatrallıq, obrazlılıq səciyyəvidir (B.D.I.V.X. gümüş medal).

Akif Əsgərov yaradıcılığında önəmli yerlərdən birini təşkil edən kompozisiyalardır. 1989-cu ildə heykəltəraş “Mənim qızım” adlı bürüncdən hazırlanmış kompozisiyasını yaratmışdır (Volqoqrad İncəsənət muzeyində saxlanılır). Heykəltəraş bütün kompozisiyalarını naturadanbir seans ərzində icra etmişdir. “Mənim qızım” kompozisiyasında heykəltəraş gənc yeniyetmə qızın xəyal dünyasını, düşüncələrini əks etdirmişdir. Mürəkkəb pozada əyləşmiş gənc qızın üz ifadəsi sakitdirbir qədər melanxoliya bu kompozisiyada özünü göstərir.

Eyni ildə (1989-cu il, bürünc Tretyakov qalereyası) Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi sayılan H.Cavidin heykəl kompozisiyasında şairin romantik hislərlə dolğunlaşmış yaradıcılıq aləmini poetik şəkildə vurğulamışdır. Şairin daxili aləmi, yaradıcılıq axtarışları və düşüncələri A.Əsgərov tərəfindən məharətlə göstərilmişdir.

1992-ci ildə “Oturan qız” adlı heykəl kompozisiyası (bürünc) “İlin yaxşı işi” adına layiq görülmüşdür. Şübhəsiz ki, Akif Əsgərovun yaradıcılığında bütün bu əldə edilən nailiyyətlər heykəltəraşı daha da ruhlandıraraq yeniliklər yaratmağa həvəsləndirmişdir.

Tehran - Azərbaycan sərgisində “Xalça üzərində qız” (1994, bürünc), Fransa-Azərbaycan sərgisində “Oğlan uşaqları xalça üstündə” kimi əsərlərində Azərbaycan xalqının milli-mənəvi sərvəti sayılan və bir çoxlarının sahib çıxmaq istədiyi xalça sənətinin heykəl kompozisiyalarında yer alması təqdirəlayiqdir. Azərbaycan xalqının folklorunu, adət-ənənələrini özündə cəmləşdirən xalça sənətimizin tərənnümü baxımından kompozisiyaları, eyni zamanda məişətimizi də nümayiş etdirmək baxımından yüksək dəyərə malikdir. 1994-cü ildə “Ayaq üstə duran qız” (bürünc), “Çılpaq” (bürünc, ölçüləri 45x17x12sm) heykəl kompozisiyalarında gənc qızın bədən konturları, zərif və gözəl bədən quruluşu öz plastik həllini tapmışdır.

1996-cı ildə təxminən 3m hündürlüyündə İranda Urmiya şəhərində İran-İraq müharibəsində həlak olan azərbaycanlı generalların xatirəsini əbədiləşdirmək məqsədilə “General şəhidlərə abidə” qoyulmuşdur. Həmid BakiriMehdi Bakiri, Əmini adlı generallara ithaf olunmuş heykəllərdə onların şücaəti, igidliyi əsas rol oynayaraq onların pozalarında, portret cizgilərində öz əksini taparaq abidəyə dolğunluq qazandırmışdır. Heykəltəraş Akif Əsgərov Səlhab Məmmədovla birgə Masazır qəsəbəsində “Əliağa Vahid”, Novxanı kəndində “Mehdi Hüseynzadə”nin heykəlini, 2010-cu ildə Macarıstanın paytaxtı Budapeştdə “Frides Podmaninskinin xatirə lövhəsini” yaratmışlar. Frides Podmaninski macar xalqının yaddaşında mesenat, xeyriyyəçi, islahatçı və mədəniyyətin keşikçisi kimi qalmışdır. Podmaninskinin üz cizgilərində xalqının keşikçisi, gələcəyi düşünən bir insan olması öz əksini tapmışdır. Podmaninskinin xatirə lövhəsində onun düşüncələri əsərə dolğunluqbitkinlik qazandırmışdır.

Akif Əsgərov 1998-ci ildə Bakı şəhərində Akademik Yusif Məmmədəliyevin memorial xarakterli abidəsini yaratmışdır (bürünc, qranit). Bu heykəldə Yusif Məmmədəliyevin kübar obrazı akademikin kürsüdə əyləşərək müəyyən düşüncələrə dalması öz əksini tapmışdır. Sanki bu abidə insanları yeni-yeni ixtiralar üzərində düşünməyə, elmi tərəqqiyə səsləyir.

Azərbaycan ədəbiyyatının dühası olan Nizami Gəncəvinin 2000-ci ildə Moldovada paytaxt Kişinyovda qoyulmuş büstü (tunc qranit) Akif Əsgərovun təəssübkeşliyindən, klassik ədəbiyyatımızı sevməsindən irəli gəlir. Mütəfəkkir, şair Nizaminin büstündə şairin baxışları, üz cizgiləri onun daxili aləmini qabarıq şəkildə ön plana çıxarmış və Nizami irsinin Avropa və digər ölkələrdə təbliğ edilməsi baxımından dəyərləndirilməlidir.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi xadim, hüquqşünasparlament sədri Əli Mərdan bəy Topçubaşovun 2002-ci ildə Parisdə qoyulmuş qəbirüstü abidəsində onun alicənablığı, yüksək nüfuz sahibi olması, təvazökarlığı ilə bərabər kübar cəmiyyətin üzvü olması öz əksini tapmışdır. Parlament sədri Topçubaşovun şəxsi inikası və möhürü, “Bir yolumuz var İstiqlal” şüarı Akif Əsgərov tərəfindən ayrı-ayrı lövhələrə həkk edilərək obrazın kimliyinin açılmasına xidmət edir.

Faşizmə qarşı mübarizə aparan Azərbaycanımızın igid oğullarından biri olan Mehdi Hüseynzadənin (tunc, qranit) həlak olduğu Sloveniyada qəbirüstü abidəsində vüqarlı, rəşadətli obrazı verilmişdir.

2004-2005-ci illərdə Azərbaycanın regionlarında Ümummilli lider H.Əliyevin Şamaxı, Xaçmaz, Quba, Balakən, Zaqatalada abidələri ucaldılmışdır. Azərbaycan xalqının xilaskarı qətiyyətli, məğrur milli ideologiyamızın təmsilçisi kimi məziyyətləri A.Əsgərov ön plana çıxarmışdır. Obrazın psixoloji-daxili aləmi, liderə xas olan uzaqgörənlik kimi keyfiyyətlər Akif Əsgərovun bədii formaplastik həll axtarışlarını özündə birləşdirir. 2009-cu ildə Bakıda Milli Məclisdə qoyulmuş H.Əliyevin büstündə ümummilli liderin təmkinli, düşüncəli, qətiyyətin təntənəsi kimi hislər tərənnüm olunmuşdur. Tunc, qranit kimi materiallar vasitəsilə obrazın möhkəm iradəsi, əzmkarlığı, temperamentliyi nəzərə çarpır və sanki heykəl kütləsinə yenidən canlılıq bəxş edir. Ölkəmizin hüdudlarından kənarda da Akif Əsgərov H.Əliyevin xatirəsini əbədiləşdirmişdir. Misir və Türkiyədə Gürcüstanda qoyulmuş abidələr buna bariz nümunə ola bilər.

2011-ci ildə Berlində S.Məmmədov, Əli İbadullayevlə birgə xalqımızın faciəsini əks etdirən “Xocalı abidəsi”ni Akif Əsgərov barelyef kompozisiyalarla yapmışlar. Burada çoxfiqurlu insan kompozisiyaları xalqımızın başına gətirilən dəhşətlərdən qurtulmaq üçün çarəsiz şəkildə yuxarıya doğru hərəkət etməkdədirlər. Konseptual xarakterli bu abidə 3 təpəni xatırladır. Ah-nalə içərisində sanki inləyən bu insan fiqurları soyqrımı dəhşətinə biganə qalmamağa insanları səsləyir. Burada güclü ekspressiv təqdimat, yapma manerası sənətkarların üzərlərinə düşən bu məsuliyyətli işin öhdəsindən gəldiklərini göstərir.

2012-ci ildə musiqimizin görkəmli siması “Bül-Bül” abidəsi paytaxtımızda özünəməxsus gözəlliyi ilə seçilən heykəllərdən sayılır. Bu heykəldə ifaçının obrazında uğurlu səhnə çıxışından sonrakı təəssürat, melodik, ritmik elementlər nəzərə çarpır. İfaçının əynindəki frakın qırçınları, səhnənin pərdəsinin açılışı və çıxışın kulminasiyasının başa çatması heykələ lirik əhvali-ruhiyyə qazandırmışdır. Bədii forma, faktura, plastikanın vəhdəti obrazın ovqatı ilə sintez təşkil edir.

Akif Əsgərov Xaçmazda muzey binasının ekstryerində 28 heykəl kompozisiyasını yaratmışdır. Astronom - Nəsirəddin Tusi əlində qlobusu ilə, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, H.Cavid, S.S.Axundov, Qara Qarayev, Üzeyir Hacıbəyov, Muğam üçlüyü - Xan Şuşinski, Qurban PirimovHabil Əliyev və başqalarının heykəllərini poliestrdan yaratmışdır. N.Tusinin simasında onun müdrikliyi, M.Füzuli, Məhsəti və H.Cavidin poetik təfəkkürü öz əksini tapmışdır.

Akif Əsgərov yaradıcılığında “Məhsəti Gəncəvinin rübailəri ilə şeir məclisində deyişmə” kompozisiyası xüsusilə seçilir. Şairənin əhatəsində qadınlar və onların rübailərlə bir-birilə deyişməsi lirik əhvali-ruhiyyəni yüksəldərək kompozisiyaya poetik ifadəlilik qazandırmışdır. Muğam” kompozisiyası, “Kəndli” və digər kompozisiyaları həm mövzu baxımından, həm də texnikasına görə seçilsələr də, hər biri üçün oxşar cəhət estetiklik məfhumunun əsas olmasıdır. 2015-ci ildə “Nizami Gəncəvi və Xəmsə” heykəl kompozisiyası Misirdə İsgəndəriyyə kitabxanasında portal hissədə icra edilmişdir. N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Sultan Səncər və Qarı”, “Leyli və Məcnun”, “XosrovŞirin”, “İsgəndərnamə” poemasından “Nüşabə və İsgəndərin görüşü kimi motivlər barelyef kompozisiyalar şəklində ayrı-ayrı lövhələrdə həkk edilmişdir. Mərkəzdə isə şair, mütəfəkkir Nizaminin obrazı verilmişdir. Kompozisiyada barelyeflər şairin əsərlərindən götürülmüş motivlərin və buradakı obrazların lakonik həlli, “Xəmsə” müəllifi olan Nizaminin portretinin aşağısında kitabın üzərindəki “Xəmsə” yazısının 3 dildə yazılması ilə Akif Əsgərov sanki tamaşaçını bu açıq kitab rolu oynayan əsəri ilə onun daşlaşmış versiyasını oxuyub düşünməyə dəvət edir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Zirvə” mükafatına layiq görülən Əməkdar incəsənət xadimi, professor Akif Əsgərov Azərbaycan Rəssamlıq Akademiyasında gənc heykəltəraşlara bu sənətin sirlərini öyrədir.

10 fevral 2016-cı ildə Akif Əsgərov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilmişdir.

Pedaqoji fəaliyyəti dövründə Akif Əsgərov bir neçə diplom işlərinin rəhbəri olmuşdur. Harmoniya, gözəllik kimi dəyərlər Akif Əsgərov yaradıcılığının əsas meyarlarıdır.

 

Toğrul Ağayev

Heykəltəraş-sənətşünas

Togrulaghayev01@gmail.com

Palitra.-2016.-24 avqust.-S.13.