Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun başçılığı altında institut əməkdaşlarından ibarət nümayəndə heyəti Şəki şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında və Türk dünyasının mədəniyyət paytaxtı Şəki-2016 ilinin bağlanış mərasimində iştirak edib.

Şəki şəhərindəki Marxal müalicə-istirahət kompleksində Türk dünyasının mədəniyyət paytaxtı Şəki-2016 ili çərçivəsində Tarix İnstitutunun çap etdirdiyi kitabların sərgisi təşkil olunub.

Bu sərgidə Tarix İnstitutunun son illərdə Azərbaycanın və türk dünyasının tarixinə həsr olunmuş 100-dən çox adda kitabları yer alıb.

Azərbaycanın müxtəlif bölgələrinin tarixinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarına, Azərbaycanın beynəlxalq əlaqələri tarixinə həsr olunmuş kitablar TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısında iştirak edənlərin böyük marağına səbəb olub.

Bu kitablar arasında müxtəlif dillərdə çap olunmuş İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, Real tarixBöyük Ermənistan uydurması, İrəvan xanlığının tarixi ilə bağlı 12 broşür, Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış və digər kitablar yer alıb.

Qeyd edək ki, Şəki Türk dünyasının mədəniyyət paytaxtı estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb.

 

Mahmud

Palitra.-2016.-3 dekabr.-S.15.