“Turizm Azərbaycan
iqtisadiyyatına ən çox gəlir gətirən
sahələrdən biri olmalıdır”
Əbülfəs
Qarayev: “Ərəb ölkələrindən
gələn turistlərin sayında nəzərəçarpacaq
artım müşahidə olunub. Koreyadan, Yaponiyadan gələnlərin
sayında da artım var.
Azərbaycanın turizm potensialının
həmin ölkələrdə təqdim olunması üçün müvafiq
tədbirlər həyata keçiriləcək”
Nazirlər Kabinetinin 2016-cı ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı
zamanı bir sıra məsələlərə
toxunan Prezident İlham Əliyev turizmin
inkişafı istiqamətində həyata keçirilən tədbirlərin
vacibliyini bildirib. Turizm sənayesinin
yaradılması istiqamətində görülən tədbirlərin
davamlı olması ilə bağlı
tapşırıqlarını verən ölkə
başçısı son illərdə
Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin
“Formula 1” Avropa Qran-prisinin ölkəmizdə turizmin
inkişafına ciddi dəstək verdiyini bildirib.
Bu gün ölkəmizdə turizmin
inkişafı mövcud vəziyyət müvafiq qurumların da
diqqət mərkəzindədir.
“Azərbaycanda
turizm bazarı
inhisarçılığa məruz qalmır”
Mədəniyyət
və Turizm Nazirliyi və
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı
ilə birgə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət”
mövzusunda konfrans keçirildi. Tədbirdə
çıxış edən Mətbuat Şurasının sədri
Əflatun Amaşov mövzunun
aktuallığına diqqət çəkərək bildirdi ki, bu
gün bir çox dünya ölkələrinin
gəlirlərinin əsas hissəsini turizm
təşkil edir: “Bu
sahədə çoxlu sayda
iş yerləri açılır.
Türkiyənin turizm sahəsindən gələn
gəliri təqribən 25 milyard dollara bərabər olur. Bəzi
ölkələrdə isə bu rəqəm
50 milyard dollara
çatır”. Ə.Amaşov
vurğuladı ki, media
turizm sahəsində gedən işlər,
yeniliklər, qanunvericilik bazası və
digər məsələlər barəsində cəmiyyəti
məlumatlandırmaqla turizm sahəsinin
inkişafında mühüm rol oynaya bilər. Prezident
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli
çıxışında son illər
Azərbaycanda turizm sahənin inkişaf etdiyini, ildən-ilə
ölkəmizə gələn turistlərin sayının
artdığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanın
dünyada tanıdılması
baxımından turizm çox
vacib sahədir: “Bu
istiqamətdə dövlət səviyyəsində tədbirlər
həyata keçirilir. Təsadüfi deyil ki, 2011-ci il ölkəmizdə “Turizm
ili” elan olunmuşdu. İldən-ilə Azərbaycana gələn
turistlərin sayı çoxalıb. Bu
sahədə media üzərinə böyük iş düşür. Turizm sahəsində
görülən işləri media cəmiyyətin
diqqətinə çatdırmalıdır. Media
turizm sektorunu daim diqqətdə saxlamalı və
işıqlandırmalıdır”.
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev KİV-lər
arasında monitorinqlər apardıqlarını diqqətə
çatdıraraq nəticələr barədə məlumat verdi. Bildirdi ki, nazirliyin rəsmi internet saytında 2015-ci ildə 800 informasiya yerləşdirilib, bu
rəqəm 2016-cı ildə 1642 olub. Həmçinin
informasiya agentlikləri və saytlarda mədəniyyətlə bağlı
2015-ci ildə 76 min, 2016-cı ildə 99 min, turizmlə bağlı ötən il 34700, bu il
isə 56280 informasiya verilib.
Televiziyalarda mədəniyyət
verilişləri ilə müqayisədə turizmə həsr
olunmuş veriliş və
süjetlərin sayında artım müşahidə olunub. Qəzetlərdə isə mədəniyyət
və turizm xəbərlərində azalma özünü
göstərir.
Nazir bildirdi ki, Nazirlər Kabinetinin son iclasında
ölkə başçısı da
turizmlə bağlı çıxışında mühüm məqamları vurğulayıb.
Ə. Qarayev ölkədə turizmin vəziyyəti barədə
danışaraq bildirdi ki,
dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir
və qiymətlər fərdi sahibkarlar tərəfindən
müəyyən olunur: “Dövlət olaraq biz sahibkarları
maarifləndirə, onlara treninqlər
keçə və qiymətlərin
formalaşdırılmasında onlara
tövsiyələr verə bilərik”. Nazir
qeyd etdi ki, Azərbaycanda turizm
bazarı inhisarçılığa məruz qalmır: “Hər
kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə
hər şey çox
şəffafdır və ona görə də
dövlətin bura müdaxilə etməsi
yersizdir. Azərbaycanda turizmin
inkişafı prioritet istiqamətlərdən
biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir.
Daxili turizm ona görə inkişaf
etməlidir ki, Azərbaycan vətəndaşları
kənara getməsin, ölkədən kənara valyuta axını olmasın. Turizm
Azərbaycan iqtisadiyyatına ən çox
gəlir gətirən sahələrdən biri
olmalıdır. Artıq "Turizm
haqqında" qanun yenidən işlənməsi
üçün Milli
Məclisə təqdim olunub. Bəzən
mətbuatımız Gürcüstanın turizmin
fenomeni olduğunu
yazır. Elə bil ora
cənnət, bura cəhənnəmdir. Amma belə deyil. Gürcüstanda da kifayət qədər problemlər
var. Onlarda neft yoxdur. Azərbaycanda yaradılan bütün
şəraitlər dövlətin
gücü hesabına
başa gəlir”.
“Hamı rayonlara axışır”
Nazir bildirdi ki, bu
gün Azərbaycanın
13 rayonunda 11 mehmanxana,
3 hotel tikilib: "Hazırda
Azərbaycanda 535 mehmanxana
var və 30-u da tikilməkdədir. Şənbə və bazar günləri Azərbaycanın
rayonlarında olan mehmanxanada boş yerlər olmur. İnsanlar rayonlara axın edirlər. Azərbaycana
2015-ci ildə 2,6 milyon turist gəlib".
Ə.Qarayev bildirdi ki, daxili turizm
ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara
getməsin, ölkədən
kənara valyuta axını olmasın. Nazir əlavə etdi ki, Azərbaycanda keçirilən beynəlxalq
tədbirlər turizmin
inkişafına xeyli müsbət təsir edib. Belə tədbirlərdən biri də bugünlərdə
təşkil olunan “Jara” (“İsti günlər”) Beynəlxalq
Musiqi Festivalı olduğunu deyən nazir qeyd etdi
ki, onu izləmək
üçün ölkəmizə
gələnlər var
və onlar Azərbaycanla yaxından tanış olmaq imkanı qazanırlar.
Nazir Ə.Qarayev ümumilikdə Azərbaycana
gələn turistlərin
sayında artım olduğunu bildirdi. Qeyd edildi ki, Rusiya
turizm bazarını xüsusi nəzarət altında saxlayan Azərbaycan son bir ildə orada öz rəqabətliliyini
qoruyub saxlayıb.
Onun sözlərinə
görə, Azərbaycanda
sadələşdirilmiş vizanın tətbiqi nəticəsində ölkəyə
gələn turistlərin
sayında xeyli artım qeydə alınıb: “Ərəb
ölkələrindən gələn
turistlərin sayında
nəzərəçarpacaq artım müşahidə
olunub. Eyni zamanda Koreyadan,
Yaponiyadan gələnlərin
sayında artım
var. Sözsüz ki, bu istiqamətdə işlər daha da gücləndiriləcək,
Azərbaycanın turizm
potensialının həmin
ölkələrdə təqdim
olunması üçün
müvafiq tədbirlər
həyata keçiriləcək”.
Bölgələrdə otellərin tikintisi barədə məlumat verən nazir vurğuladı ki, Sahibkarlığa Kömək
Milli Fondu vasitəsilə müəyyən
olunmuş zonalarda turizm müəssisələrinin
yaradılması, yeni
otellərin tikilməsi
mexanizminin üzərində
iş gedir. Bu mexanizm ölkədə
iki və üç ulduzlu otellərin tikilməsini stimullaşdıracaq.
Turizmin inkişafının ancaq bir qurumdan asılı
olmadığını deyən
nazir onu da vurğuladı ki, bu il Azərbaycan Turizm və Menecment Universitetindən
336 nəfər məzun
olub. Onlardan 32 nəfəri magistr,
304 nəfəri bakalavr
pilləsini bitirib.
Beləliklə, ATMU-dan məzun
olanların sayı ümumilikdə 1706-ya çatıb.
Onlardan
106 nəfəri magistr
dərəcəsi olanlardır.
ATMU-nun builki məzunlarından
27 nəfəri eyni zamanda Avstriyanın İMC
Krems Tətbiqi Elmlər Universitetinin diplomunu qazanıb. Ümumilikdə universitet məzunlarından
151 nəfəri iki diplom alıb. Növbəti tədris ilində
universitetə bakalavr pilləsi üzrə 470, magistraturaya 96 nəfərin
qəbulu nəzərdə
tutulub.
"Turistlərin təhlükəsizliyi müvafiq
dövlət orqanları
ilə birgə təmin olunur"
Nazir onu da bildirdi
ki, “ASAN Viza”nın
texniki şərtləri
dəqiqləşdirilir. Üç gün
müddətində insanlar
sərbəst, telefon vasitəsilə vizaların
əldə edilməsinə
nail olacaqlar”. O da
vurğulandı ki,
"ASAN Xidmət"lə Mədəniyyət və
Turizm Nazirliyi əməkdaşlıq edir,
turizm şirkətləri
viza işi ilə məşğul olur və bu,
davam edəcək: “Proses gedir və
düşünürəm ki, sentyabrın 1-dən bu iş başlanacaq”.
Nazir bildirdi ki, hazırda
tək ərəb ölkələri deyil, Yaponiya, Çin, Koreya Respublikası, İndoneziya üçün
vətəndaşlarına sadələşdirilmiş viza
rejimi tətbiq olunur. Ona görə də
əsas məqsəd bu ölkələrdə də marketinqi gücləndirməkdir. O da vurğulandı ki, beynəlxalq turizm sərgilərində
mövcud imkanlarımız
tanıdılır.
Ə. Qarayev əlavə etdi ki, turistlərin təhlükəsizlik məsələləri
müvafiq dövlət
orqanları ilə birgə təmin olunur: “Biz otellərdə təhlükəsizlik ölçülərinin
götürülməsi haqqında
müvafiq tövsiyələr
və nizamnamələr
hazırlayıb, Fövqəladə
Hallar Nazirliyinə təqdim etmişik. Eyni zamanda, bu gün
dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı
yerlərə daha həssaslıqla yanaşmağa
məcbur edir. Biz buna hazır
olmalıyıq. Daxili İşlər
Nazirliyi, Dövlət
Təhlükəsizlik Xidməti
bu işə cəlb olunub və lazımı işlər görülür”.
Turizmin inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinin
vacibliyini deyən nazir onu da
bildirdi ki, bu həftə Novxanıda girişi pulsuz olan çimərlik
açılacaq". Onun sözlərinə görə,
çimərliyin açılışı
iyulun 14-15-də baş
tutacaq.
Çıxışlardan sonra “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti”
mövzusundakı fərdi
jurnalist yazıları
müsabiqəsinin qalibləri
də mükafatlandırıldı.
Mayın
20-dən iyunun 20-dək keçirilən
müsabiqəyə 28 KİV təmsilçisindən 56 yazı
daxil olub. Yazılar ekspertlər tərəfindən
qiymətləndirilib. Nəticələrə əsasən bir
nəfər 1-ci, iki nəfər 2-ci və üç nəfər isə 3-cü yerə layiq görülüb.
Nigar Abdullayeva
Palitra.- 2016.- 12 iyul.- S.7.