“Strasburq
Universitetinin bəzi fakültələrində imtahanlar
elektron üsulla keçirilir”
Fərid
Əliyev: “Müasir dövrdə İKT-nin inkişafı rəqabət
qabiliyyətinin və iqtisadi inkişafın katalizatoru rolunu
oynayır”
Layihə çərçivəsində Strasburq Universitetinin magistri Fərid Əliyevlə müsahibəni təqdim edirik
-Fransa təhsil
sistemində İKT-nin tətbiqi özünü necə
göstərir?
-İKT Fransa təhsil sisteminin artıq ayrılmaz hissəsinə
çevirilib.
Fərdi olaraq tələbələr imtahanlara
hazırlaşarkən, dərsdə qeydlər apararkən, təqdimatlar
hazırlayarkən öz şəxsi və ya universitetin
kompüterlərindən geniş şəkildə istifadə
edirlər. İKT-nin daha
genişmiqyaslı tətbiqi universitet səviyyəsində həyata
keçirilir. Belə ki, universitet tələbələri
və professorları üçün bir internet portalı fəaliyyət
göstərir və bu insanların həmin portalda şəxsi
kabinetləri mövcuddur. Tələbələr
həmin portallar vasitəsilə universitet, dərslərin
qrafiki, imtahanların nəticələri və vaxtı, tədbirlər,
tələbə işləri, yataqxanalar, yeməkxanalar, təqaüdlər
və bir sözlə, akademik həyatlarını
asanlaşdıracaq istənilən bir şey haqqında məlumat
alırlar. Bundan əlavə, professorlar həmin
portalda öz dərs proqramlarını, istifadə etdikləri
ədəbiyyatı və ən əsas keçəcəkləri
dərsin qeydlərini əvvəlcədən yerləşdirirlər.
Fransa təhsilində məqsəd tələbələri dərsə
gəlməmişdən öncə keçiləcək
mövzu ilə tanış etmək və
dərs zamanı yaranan sualları cavablandırmaqdır. Bir tələbə müəyyən bir səbəbə
görə dərsdə iştirak edə bilməsə də
həmin dərslərin qeydlərini və istifadə olunan
kitabları asanlıqla bu portaldan götürüb özü
imtahanlara hazırlaşa bilər. Həmin
portalda tələbələrə və professorlara şəxsi
elektron ünvanlar da verilir. Bu
ünvanları universitetin məlumatlar bazasından
asanlıqla əldə etmək olur. Bu da
öz növbəsində həm tələbələr, həm
də tələbə və professor heyəti arasında
kommunikasiyanı asanlaşdırır. Eyni
zamanda xüsusi bir hal və ya digər fakültələrdə
hər hansı bir tədbir olduqda məlumatlar bu elektron
ünvanlar vasitəsilə çatdırılır.
-Bəs kitabxanalar nə dərəcədə
elektronlaşdırılıb?
- Hər
bir universitetin kitabxanalarındakı bütün kitabları əhatə
edən vahid bir məlumat bazası mövcuddur. Tələbələr
internet portalındakı şəxsi kabinetlərindən və
ya kitabxanalardakı elektron məlumat bazalarından istənilən
kitabın hansı kitabxanada olduğunu və həmin
kitabın kitabxananın hansı hissəsində yerləşdiyini
asanlıqla öyrənə bilərlər.
Oxuduğum Strasburq Universitetinin bəzi fakültələrində
imtahanlar elektron üsulla keçirilir. Belə ki,
imtahanlar zamanı tabletlərdən istifadə olunur.
Deyə bilərəm ki, İKT Fransa təhsil sisteminin
bir çox sahələrində tətbiq olunur, lakin
görüləcək işlər də hələ
çoxdur. İKT-nin tətbiqində fransız universitetləri
anqlo-sakson universitetlərindən geridədirlər.
-Strasburq Universitetində,
xüsusən, sizin təhsil aldığınız fakültədə
dünyanın iqtisadi böhranının həlli yolları
müzakirə olunurmu?
-Mən təhsilimi
Strasburq Universitetinin İqtisadiyyat elmləri və idarəetmə
fakültəsində Beynəlxalq layihələrin idarə
olunması üzrə magistratura pilləsində davam etdirirəm.
İqtisadi və maliyyə böhranları periodik olaraq
dünyanın müxtəlif bölgələrində
müşahidə olunur. Dünya iqtisadiyyatının və maliyyə sisteminin
son 60 ildə, xüsusilə də Bretton Woods
müqaviləsindən sonra qloballaşması nəticəsində
dünyanın hər hansı bölgəsində baş
vermiş böhranlar digər bölgələrə də
dolayı yollarla təsir edir. Bu səbəbdən
dünyanın hər hansı bölgəsində baş
vermiş böhranları dünyanın ən güclü
iqtisadiyyatlarından birinə malik olan Avropa iqtisadiyyatı və
beyin mərkəzləri, o cümlədən Strasburq
Universiteti daima diqqətdə saxlayır. Bildiyimiz kimi,
son dövrlərdə Avropa iqtisadiyyatına ən çox 2008-ci
il maliyyə böhranı təsir
etmişdir. Xüsusilə də sözügedən
böhrandan Yunanıstan iqtisadiyyatı daha çox zərbələr
almışdır. Avrozonada
iqtisadiyyatın inteqrasiyası və qloballaşması ən
yüksək səviyyədə olduğu üçün
Aİ-yə üzv olan ölkələrdən birində cərəyan
edən problem digər ölkələrə də
asanlıqla yoluxur. Bu səbəbdən Strasburq
Universitetində Yunanıstan böhranı ilə bağlı
keçirilən müzakirələrin, konfransların və
seminarların əsas istiqamətini Avropa Mərkəzi
Bankının mövqeyi və pul siyasəti, eləcə də
bu böhranın Avrozona iqtisadiyyatına mümkün təsirləri
təşkil etmişdir. Bu mövzuda
apardığı fəaliyyətlərə görə
Strasburq Universitetinin bir professoru Nobel mükafatı alıb.
-Təhsil aldığınız sahəni
Azərbaycanda necə inkişaf etdirmək olar?
-Yuxarıda
da qeyd etdiyim kimi, Strasburq Universitetində beynəlxalq layihələrin
idarə olunması üzrə magistr təhsili alıram. Bu sahə özlüyündə gənc bir sahədir.
Əsası 1968-ci ildə Layihələrin
İdarə olunması İnstitutunun yaradılması ilə
qoyulub. Bu institutun məqsədi layihələrin
idarə olunmasına elmi bir yanaşma gətirməkdir. Buna görə də nəinki Azərbaycanda, eləcə
də dünyada bu sahəni təkmilləşdirmək
üçün hələ görüləcək çox
işlər var. Avropada da bu ixtisas üzrə təhsil verən
universitetlərin sayı barmaqla sayılacaq qədərdir.
Azərbaycan universitetlərində isə bu
ixtisas üzrə təhsil verən bir fakültə yoxdur.
Buna görə də ölkəmizdə bu işin əlifbasından,
yəni bu ixtisasın ali təhsilindən
başlamaq lazımdır. Digər tərəfdən
bunu da qeyd etmək lazımdır ki, bu sahə Azərbaycanda gələcək
vəd edən ixtisaslardandır. İstehsal
iqtisadiyyatına keçən və bir çox mötəbər
layihələrə ev sahibliyi edən Azərbaycanda
yerli layihə menecerlərinin yetişdirilməsinə
çox böyük ehtiyac var.
-Azərbaycan təhsilində Fransa təhsilindəki
hansı metodları tətbiq etmək olar?
-Ali təhsilimin
heç bir pilləsində Azərbaycanda təhsil
almadığım üçün ölkəmizin ali təhsil sistemi ilə praktiki
tanışlığım yoxdur. Bununla belə, Fransa təhsil
sistemində olan və Azərbaycan təhsil sistemində
görmək istədiyim xüsusiyyətləri iki növə
bölürəm: universitetdaxili və universitetxarici. Universitetdaxili, yəni akademik olaraq Fransa təhsil
sistemi daha liberaldır. Fransada əyani və
ya qiyabi təhsil mövcud deyil, belə ki, hər bir tələbə
hər hansı dərsdə iştirak edib etməyəcəyinə,
gününü necə proqramlaşdıracağına,
kitabxanaya nə zaman gedəcəyinə özü qərar
verir. Bu, tələbələri daha
müstəqil, eyni zamanda daha məsuliyyətli edir. Təhsil almağın məcburiyyət deyil,
seçim olduğunu nümayiş etdirir. Digər
tərəfdən mütəmadi olaraq tələbələr
tematik və gündəlikdə duran iqtisadi məsələlərlə
bağlı konfranslar təşkil edirlər. Bu konfranslara Avropanın bir çox beyin mərkəzlərindən,
beynəlxalq şirkətlərdən nümayəndələr
bu konfranslara dəvət olunur və tələbələrlə
fikir mübadiləsi aparılır.
Universitetlər tələbələrə təkcə
akademik təhsil verməklə kifayətlənmir, eləcə
də onların universitet kənarındakı həyatını
da yaxşılaşdırmaq üçün dəstək
verir.
Bütün Fransa ərazisində tələbələrin
universitet xaricindəki həyatına dəstək verən
CROUS adlı bir dövlət təşkilatı var. Bu təşkilat
tələbələrin bürokratik və sağlamlıq
problemlərinin həll edilməsində, idman, mədəni,
elmi fəaliyyətində, müxtəlif layihələrinin
icra edilməsində onlara yaxından kömək edir. Bunu nəzərə almaq lazımdır ki, tələbənin
universitet xaricindəki həyat keyfiyyəti onun akademik göstəricilərinə,
dolayı yollarla universitetin reputasiyasına birbaşa təsir
edir.
-Tələbələrimiz
Fransada ölkəmizi yetərincə tanıda bilirlərmi?
-Tələbələrimiz
ölkəmizi həm individual olaraq öz xarici dostları
arasında, həm də müxtəlif elmi və mədəni
tədbirlər keçirməklə tanıdırlar. Tədbirlərin təşkilatçılığı
zamanı hər bir tələbəmiz əlindən gələn
köməyi etməyə çalışır və tədbirin
daha da maraqlı keçməsi üçün öz
bacarıqlarına uyğun töhfələr verirlər.
Nəzərə almaq lazımdır ki, buradakı
hər bir tələbə Azərbaycanın Avropadakı
üzüdür. Xarici vətəndaşların
Azərbaycan haqqındakı qiyabi təəssüratları tələbələrlə
münasibətləri zamanı müəyyən olunur. Bunu anlayan hər bir gəncimiz öz xarici
dostları arasında Azərbaycanı ən yaxşı
şəkildə tanıtmağa çalışır.
-Universitetinizdəki digər
xalqların tələbələri ilə münasibətiniz
necədir?
-Digər
xalqların nümayəndələriylə istər akademik,
istərsə də şəxsi olaraq çox gözəl
münasibətim var. Akademik mühitdə digər xalqların
nümayəndələri ilə mütəmadi olaraq müxtəlif
layihələr, təqdimatlar üzərində
çalışır, imtahan dövründə kitabxanada
birlikdə dərslərimizi oxuyuruq. Universitet
daxilindəki münasibətlərimiz universitet xaricində də
davam edir. Digər xalqlarla münasibətimin
keyfiyyəti ilə birinci növbədə öz şəxsimi,
ikinci növbədə isə Azərbaycanı təmsil edir.
-Fransadan Azərbaycanda
İKT-nin inkişafı necə görünür?
-Son
dövrlərdə ölkəmizdə İKT-nin
inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilib və “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında mühüm hədəflərdən
biri kimi müəyyən olunub. Bu tendensiya
heç də təsadüfi deyil, çünki müasir
dövrdə İKT-nin inkişafı rəqabət qabiliyyətinin
və iqtisadi inkişafın katalizatoru rolunu oynayır.
2013-cü ilin İnformasiya-kommunikasiya texnologiyaları ili elan edilməsi bu sahəyə göstərilən
diqqətin bariz nümunəsidir. Son illərdə
bu sahədə görülən ən əhəmiyyətli
işlərdən biri, sözsüz ki, “Azerspace-1” və
“Azersky” peyklərinin orbitə buraxılması olub. Bununla da Azərbaycan Respublikası süni peykə sahib
11-ci dövlətə çevrilib. “Azerspace-1”
peyki sayəsində Azərbaycan həm yerli bazara, həm də
bir çox ölkələrə yüksək səviyyəli
informasiya və kommunikasiya xidmətləri göstərir.
Bu layihə ölkəmizdə internet istifadəçilərinin
sayının artmasına da təkan verib. Bunun
nəticəsidir ki, internet istifadəçilərinin
sayına görə MDB ölkələri arasında liderdir.
Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, elektron
hökumətin qurulması və fəaliyyətinin genişləndirilməsi
İKT-nin birbaşa tətbiqi nəticəsində
mümkün olub. Elektron hökumət dövlət
orqanlarında şəffaflığın
artırılması üçün atılmış ən
mühüm addımdır. Bundan əlavə,
maliyyə-bank sektorunda, təhsildə İKT-nin tətbiqi
özünü göstərir.
Düşünürəm ki, Azərbaycanda İKT-nin
inkişafı sürətlə gedir və neft-qaz sənayesindən
sonra ikinci prioritet istiqamətə çevrilib.
Fuad Hüseynzadə
Palitra.- 2016.- 14
iyul.- S.11.