“Rəsm əsərimin Ankarada Atatürkün ev muzeyində sərgilənməsi qürurverici duyğudur

 

Günay Mehdizadə: “Canlı rəsm simpoziumları multikultural mədəni dəyərlərin vəhdəti üçün olduqca uğurludur”

 

Rəssamlar İttifaqının üzvü, tanınmış və istedadlı rəssam Günay Mehdizadə ilə müsahibəni təqdim edirik.

-Nə üçün məhz rəssamlığı seçibsiz?

-Məncə, insan özünü gördüyü sənəti özünə peşə seçməlidir. Məşğul olduğun işi maliyyə tərəfinə görə yox, həm də sevərək görməlisən. Mən rəsm çəkərkən bəzən hər şeyi unuda bilərəm. Mən o qədər öz rəsm aləmimə dalıram ki, çörək yemək zamanının, sabahın, gündüzün belə, fərqinə varmıram.

-Sizi digər rəssamlardan fərqli edən cəhət nədir?

- Bunu heç vaxt düşünməmişəm. Amma, sözsüz ki, hər bir rəssamın fərqli dəst-xətti olur. Hesab edirəm ki, mənim də, bu baxımdan özüməməxsus imzam var. Mən bir kompozisiyanı çəkməyə başlamazdan əvvəl ona hazırlaşıram. Yəni çoxlu mütaliə edirəm. Tarixi oxuyuram. Çünki düşündüyüm və yaratdığım kompozisiyaların çoxu tarixi əsərlər üzərində çəkilib. Hesab edirəm ki, tarixi məsələlərdə geyimdən tutmuş təsvir edilən interyerə qədər hər bir nüans öz rolunu oynayır. Əgər tarixi hadisələr olduğu kimi rəsm əsərində də, öz əksini taparsa, məhz o tarixi kompozisiya, həqiqətən də, tarixi əks etdirmiş olar, deyə düşünürəm.

-Sizin daha bir maraqlı rəsm çəkmək yönünüz vardır ki, məhz bu yön Türkiyədə siz canlı şəkil çəkərkən böyük rezonansa səbəb olub. Sizdə hər iki əl ilə eyni vaxtda şəkil çəkmək, eyni zamanda yağlı boya ilə tabloda işləmək necə alınır?

- Mən bu haqda, əslində, danışmağı sevmirəm. Çünki heç özüm də bilmirəm necə alınır. Mənim üçün hər iki əl ilə eyni zamanda görmək, yazı yazmaq, şəkil çəkmək adi haldır.

-Sizin haqqınızda Türkiyə mətbuatı “Azəri rəssamın Atatürk sevgisi” başlığı altında məqalələr dərc etmişdilər. Atatürkü tabloda canlandırmaq ideyası haradan gəldi?

-Türkiyə və Azərbaycan mənim üçün sevgibirlik anlamını ifadə edir. Mən hər zaman Mustafa Kamal Atatürkün rəsmini çəkmək istəyirdim. Amma bunu tarixə dayanaraq etmək daha doğru olar, deyə düşünürdüm. Çünki Atatürk türk dünyasının dahi lideri kimi, əslində, bircə duruşu ilə türk dünyasının qüdrətini simvolizə etmək iqtidarındadır. Mən Türkiyə ilə bağlı rəsmlərimin hamısını qəlbən çəkmişəm. Çünki Türkiyə hər birimiz üçün elə Azərbaycanın özüdür. Mən bu sözləri türk jurnalistlərinə də söylədiyim üçün məqalə başlıqlarına “Azəri rəssamın Atatürk sevgisi”, deyə yazmışdılar.

-Necə oldu ki, sizin çəkdiyiniz Mustafa Kamal Atatürk rəsminiz Türkiyə muzeyində tamaşaçıların gözünü oxşadı?

- Atatürkün portretini çəkdiyim rəsm əsərimin bu gün Ankarada Atatürk ev muzeyində sərgilənməsi mənim üçün inanılmaz qürurverici bir duyğudur. Bu, mənim üçün böyük bir şərəfdir. Çünki rəsmim sərgiləndiyi muzey rəsm qalereyası və ya rəsm muzeyi deyil. Ora Mustafa Kamal Atatürkün ev muzeyidir. orada mənim çəkdiyim portretin sərgilənməsi mənim üçün çəkdiyim rəsmə verilən ən böyükolduqca anlamlı bir qiymətdir. Çünki 100 illər keçsə də, mən olmadığım zaman belə, o portret həmən muzeydə yenə də sərgilənəcək... Bunu düşünmək məni sevindirir. Muzeydə sərgilənən portretdə mən Atatürkün savaş həyatından bəhs edirdim.

-Sizin Atatürkdən bəhs edən iki böyük, möhtəşəm kompozisiyanız vardır. İstərdinizmi həmən rəsm əsərləriniz də, hər hansısa bir muzeydə olsun?

-Əlbəttə, istəyərdim. Bütün rəsmlər mənim körpələrimdir. Mənə doğmadır. Onları nə sata, nə də kiməsə əmanət edə bilirəm. Amma muzeydə olanda ürəyim rahat olur ki, əmin yerdədir. Xüsusən, Atatürklə bağlı hər bir kompozisiyaya özəl diqqət göstərmişəm və ikiqat zəhmət çəkmişəm. Onlar mənim göz bəbəklərimdir. Onlara böyük qiymət verilməsini, təbii ki, istəyərəm.

-Bir tablonun üzərində nə qədər işləyirsiz?

-Əslində, bu, çəkdiyim kompazisiyadanya portretdən asılıdır. Nə qədər xırda dettalı olursa, bir o qədər zaman alır. Misal üçün, 3 il bundan əvvəl çəkdiyim Ankara Atatürk muzeyində sərgilənən portretin üzərində 4 ay işləmişdim.

-Bir sıra rəssamların emalatxanalarında onlarca bitirilməmiş, yarımçıq rəsm əsərləri olur. Sizin necə, yarımçıq əsərləriniz varmı?

-Yox. Mən yarımçıq rəsm buraxa bilmirəm. Bir dəfə bir avtoportret-kompozisiya çəkirdim. Neyləyirdimsə, istədiyim rəng və effekt alınmırdı. Gecə saatlarına qədər çalışdığımdan, yorulub yatdım. Yuxuda həmin rəsmi xəyal etdiyim fonda və effektdə bitirdiyimi gördüm. Gecə saat 4 olardı, yuxudan oyanıb, həmin rəsmi istədiyim şəkildə bitirdim.

Mən Türkiyədə simpoziumda olarkən, orada canlı rəsm çəkirdik. İzləyicilər canlı olaraq rəsmin, bir fikrin, bir rəssam düşüncəsinin reallığa çevrilməsini heyranlıqla, böyük bir zövqlə izləyirdilər. Orada dünyanın hər yerindən, hətta Afrikadan da olan qaradərili rəssamlar var idi. Hər kəs eyni anda öz bacarıq və təxəyyülünün vəhdətini tamaşaçılara öz bacardıqları şəkildə təqdim edirdi. Çox maraqlı an idi. Həmən zaman naharda bütün çalışan rəssamlar nahar yerinə aparılırdı. Mən rəsmi bitirmədən nahara getmək istəmədim və getməkdən imtina etdim. Başıma o qədər insan, o qədər seyrci toplaşmışdı ki, təşkilatçılar mənim çalışdığım sahə ilə izləyicilər arasında məsafə qoymaq məqsədi ilə tamaşaçıları məndən lentlə ayırmışdılar. Mən çox istərdim ki, bu cür canlı rəsm simpoziumları Azərbaycanda da keçirilsin. Hesab edirəm ki, canlı rəsm simpoziumları multikultural mədəni dəyərlərin vəhdəti üçün olduqca uğurludur.

- Sizin rəsm əsərləriniz arasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin də portretləri var...

-Bəli. Heydər Əliyev dahi şəxsiyyətdir. Rəssamlıq fəaliyyətim boyu onun rəsmini çəkməyi özümə borc bildim. Hesab edirəm ki, həm Heydər Əliyev, həm də İlham Əliyev öz dövrlərinin liderləridir. Əgər biri Azərbaycanın qurucusudursa, digəri yenilməz sərkərdəsidir. Hesab edirəm ki, bu iki faktor bir dövlətin var olması üçün olduqca önəmlidir. Ona görə də, hər ikisinin portretini yaratdım. Deyilənə görə, yaxşı alınıb...

-Övladınız davamçınız ola bilərmi?

- Əlbəttə, hər şey ola bilər... Qızımın 14 yaşı var. Adı Mehribandır. İncəsənət gimnaziyasında oxuyur. Rəsm çəkir. Hətta deyərdim, rəsmə böyük marağı var. Bu, məni çox sevindirir. Qızım indidən uşaq rəsm sərgilərinə qatılır və həvəslə iştirak edir...

 

Fuad Hüseynzadə

Palitra.-2016.-18 iyun.-S.7.