ADPU-da şair, yazıçı-publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ulu Şirvan qəzetinin təsisçisi və baş redaktoru, istedadlı şair, yazıçı-publisist, Qızıl Qələm media mükafatı laureatı, Dirili Qurbani Ədəbi Məclisinin üzvü, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib. Görüşdə Filologiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər. Görüşdə ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayeviştirak edib.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov görüşü giriş sözü ilə açaraq bildirib ki, tələbələrin şair və yazıçılarla görüşlərinin keçirilməsi olduqca vacibdir. Çünki belə görüşlərin keçirilməsi tələbə-gənclərin bədii ədəbiyyata marağının artmasına, daxili mənəvi dünyalarının zənginləşməsinə, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına müsbət təsir göstərir. Qloballaşanİnternet əsri olan, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrümüzdə yaradıcı insanlarla görüşləri müntəzəm olaraq keçirmək lazımdır. Belə görüşlər həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğ edilməsinə səmərəli təsir göstərir.

Professor Buludxan Xəlilov Mətanət Ulu Şirvanlının həyat və fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Mətanət Ulu Şirvanlı Şamaxıda anadan olub. Mətanət xanımın doğulduğu yurdun, torpağın adını özünə ədəbi imza kimi götürməsi onun Vətənə, yurda bağlılığının təzahürüdür. Mətanət Ulu Şirvanlı özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Çoxlu şeir və nəsr əsərlərinin müəllifidir. Şeirləri, nəsr əsərləri cilalanıb, təmizdir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar, şeirlərinə musiqilər bəstələnir. Bütün yaradıcı insanlar kimi, adilikdən qeyri-adilik yaratmaq Mətanət xanımın da səciyyəvi xüsusiyyətidir. Bu baxımdan onun Avtobus sərgüzəştləri, Yuxu əsərləri maraq doğurur. Yazıçının Sarı çiçək, ayaqqabı və digər əsərləri də diqqəti xüsusi cəlb edir. Şair qələmə aldığı ədəbi nümunələrdə vətəndaşlıq mövqeyini ortaya qoyur. Mətanət xanımın yaradıcığında həzinlik, poetik təxəyyül güclüdür. Onun şeirlərini oxuduqca, duyduqca kövrək anlar yaşayırsan. Şeirləri daha çox sevgi, məhəbbətlə yoğrulub.

Mətanət xanımın Qarabağ ağrısı, Qarabağı azad etmək mücadiləsi ilə yazdığı şeirləri də çoxdur. Bu şeirlər şairin yurd həsrəti, Azərbaycanın bütövlüyü arzusu ilə yazılıb.

ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Salamoğlu, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı çıxış edərək Mətanət Ulu Şirvanlının lirik-romantik şeirlər, maraqlı nəsr əsərləri, fəlsəfi esselər müəllifi olduğunu, ədəbi ənənələrə yenilikçi münasibət bəslədiyini vurğulayıblar.

Filologiya fakültəsinin tələbələri Mətanət Ulu Şirvanlının Mən yel qızıyam, Şirin bir yalan, Lənətə gələsən içimdəki səs, Neyləyəcəksən?, Nə var, Çiliklənmiş qürur və digər şeirlərini ifa ediblər.

Şair, yazıçı-publisist Mətanət Ulu Şirvanlı çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, həmçinin Filologiya fakültəsinin professor-müəllim heyətinə və tələbə kollektivinə təşəkkür edib, yeni şeirlərini oxuyub, tələbə-gənclərə kitablarını hədiyyə edib və onların suallarını cavablandırıb.

 

Nigar

Palitra.-2016.-3 noyabr.-S.12.