Tələbələr Hüseyn Cavidin ev muzeyini ziyarət ediblər

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültəsinin tələbələri Azərbaycanın görkəmli mütəfəkkiri, şair-filosofdramaturq Hüseyn Cavidin ev muzeyində olublar. Muzeyin bələdçisi Fəridə Əliyeva tələbələri salamlayıb və muzey haqqında məlumat verib. O bildirib ki, ev muzeyi filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarı ilə yaradılıb. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirilib.

Muzeyin əməkdaşı sahəsi 245 m²-ə bərabər 4 ekspozisiya zalı olan, ümumilikdə 6 otaqdan ibarət muzeydə yer alan dramaturq və ailə üzvlərinə aid müxtəlif əşyalar, muzeyin əsas fondunda 4000, elmi-köməkçi fondunda isə 200, ekspozisiyada isə 600-dən çox eksponat, o cümlədən məişət və geyim əşyaları, Hüseyn Cavidin nəşr olunmuş kitabları, səhnə əsərlərinin proqram və afişaları, fotoşəkillər, Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsinin maketi, şairə həsr olunmuş sənət əsərləri haqqında tələbələrə məlumat verib.

Muzeyin otaqlarından biri “Matəm otağı” adı altında repressiya otağı kimi ayırılmışdır. Otaqda asılmış “Qara yazı” (O. Sadıqzadə) və “Zordan üstün” (V. Ucatay) rəsm əsərləri həm Hüseyn Cavidə, həm də repressiya qurbanı olmuş bütün Azərbaycan yazıçılarına rekviyem təsiri bağışlayır.

Muzeyin digər otağında dramaturqun oğlu Ərtoğrul Cavid və qızı Turan Cavidə aid guşələr muzey ziyarətçiləri üçün açıqdır. Ərtoğrul Cavidə aid olan guşədə onun bəstələdiyi musiqi əsərlərinin not əlyazmaları, istifadə etdiyi kitablar, rəsm əsərləri, patefon valları, məktublar və digər sənədlər nümayiş etdirilir.

Daha sonra tələbələr Hüseyn Cavid məqbərəsini də ziyarət ediblər. Fəridə Əliyeva məqbərə haqqında məlumat verib. Kompleks ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun və qızı Turan Cavidin qəbirləri də məqbərənin sərdabəsindədir. Mişkinaz xanım və oğlu Ərtoğrulun məzarları sərdabə inşa edilərkən – 1996-cı ildə buraya köçürülüb, Turan Cavid isə dünyasını dəyişdikdən sonra ailə üzvlərinin yanında dəfn olunub.

 

Taleh Haxverdiyev

NDU-nun əməkdaşı

Palitra.—2016.-4 noyabr.-S.12.