Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

 

MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarına qatılmaq məqsədilə Sankt-Peterburqa səfər edən Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, iki ölkənin parlamentləri arasında münasibətlərə toxunan Vyaçeslav Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqu olduğunu vurğulayıb. Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyib. Ölkələr arasında 200-dən çox ikitərəfli sənədin imzalandığını xatırladan sədri bildirib ki, iqtisadi münasibətlər sürətlə inkişaf edir: “Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır”. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDBParlamentlərarası Assambleya Şurasının baş katibinin müavini Aydın Cəfərov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov və başqaları iştirak ediblər.

 

Palitra.-2016.-25 noyabr.-S.4.