AMEA Naxçıvan Bölməsi qiymətli əlyazmaların sürətlərini əldə edib

 

Görkəmli Azərbaycan alimi Hinduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan “Əs-Sihahül əl-Əcəmiyyə” adlı leksikoqrafik əsərin əlyazmasının iki nüsxəsi Türkiyədə tapılıb. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev həmin nüsxələrin surətlərini Türkiyənin İstanbul şəhərinin Süleymaniyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən əldə edib.

AZƏRTAC xəbər verir ki, Əbülfəz Quliyev tərəfindən tədqiqata cəlb olunan əlyazmanın bir nüsxəsi 108 səhifədən, o biri nüsxəsi isə 77 səhifədən ibarətdir. Əlyazmaların fotosurətləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar fondunun balansına daxil edilib.

Leksikoqrafik əsər vaxtilə Qafqazdakı, Anadoludakı, Balkanlardakı və Yaxın Şərqdəki mədrəsələrdə dərs vəsaiti kimi istifadə olunub. Buna görə də dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüsxəsi mühafizə olunmaqdadır.

Qeyd edək ki, tarixçi, dilçi alim, filosof, mütərcim, şair, katib, dövlət xadimi Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani 1245-ci ildə Giran şəhərində anadan olub. O, təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan Müstənsəriyyədə alıb. Hülakilər zamanında Hinduşah Naxçıvani maliyyə idarəçiliyində çalışıb və bir çox vilayətlərin hakimi təyin olunub. Azərbaycan və bir sıra qonşu ölkələrin ictimai-siyasi həyatından bəhs edən “Təcarüb üs-sələf” əsərinin, 1307-1308-ci illərdə ərəb dilində qələmə aldığı “Məvarid ül-ərəb” antologiyasının, fars dilində bir sıra məşhur şeirlərin müəllifidir.

 

Mahmud

Palitra.-2016.-30 noyabr.-S.12.