İnsanı və insanlığı kamilləşməyə səsləyən vətəndaşlıq poeziyası

 

Şair Xanəli Kərimlinin müxtəlif illərdə nəşr etdirdiyi “Ay işığında” (1998), “Anamdan məktub” (2001), “Bu da bir nağıldı”(2004),”Payız duyğuları”(2013) şeir kitabları və şairin yaradıcılığı ilə bağlı yayımlanmış ”Şairə məktub”(2007), “Sözün Əlincə qalası”(2011) məqalələr topluları, fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli:Bir ömrün nağılı”(2011) monoqrafiyası ilə yanaşı, 2016-cı ıldə ”Qanun” nəşriyyatında işıq üzü görən və şairin 65 illiyinə həsr olunmuş “Bir ömrün işığı” kitabı da qarşımdadır. Bu kitabların hər biri mənim üçün əzizdir, əzizdir ona görə ki, bu kitablar şairin öz dəst-xətti ilə yazıb mənə bağışladığı əvəzsiz hədiyyəsidir . Həm də şair dostum, şəxsiyyətinə hörmət bəslədiyim , çətində ürəyimi ona aça biləcəyim X. Kərimlinin söz sovqatıdı, söz payıdı. Dost sovqatı , dost payı da şirindi. Mən o şair haqqında , onun ədəbi yaradıcılığı haqqında söz açmaq istəyirəm ki, adlarını yuxarıda sadaladığım kitablarını bir şair duyğusu, düşüncəsi ilə mütaliə etmişəm, düşünmüşəm və düşündükcə də qələm dostum X. Kərimlini poeziyanın, söz aləminin , zamanın əlində olan “ələyi”ndən keçirmişəm və içimdə şair haqqında söz demək ehtiyacını duyub , şair yaradıcılığına üz tutub çox götur -qoydan sonra ürəyimi oxucularla bölüşmək istəmişəm.

 

Əvvəla, şair Xanəli Kərimli tanıdığım Xanəli Kərimlidir. O, dağlar qoynunda böyüyüb boya -başa çatdığı qədər də pakdı, safdı . Elə bil ki, Şahbuz bulaqlarının dupduruluğu, saflığı, dağlarının pak, təmiz ab-havası onun daxili aləmindədir. O, poeziyaya da təbiət qoynundan, təbiət qoynundakı səfalı Mahmudoba kəndindən gəlib.

Xalq şairimiz Z. Yaqub demişkən:

İnsan oğlu Tanrını təbiətlə dərk edir.

Təbiəti duyanlar Allaha yaxın olur.

Birinci Allaha yaxınlıq ona təbiətindən gəlir.Təbiətdə gördüyü təbiət hadisələrini, fəsillərin növbələşməsi, gülün-çiçəyin dağları qoynuna alması, gecələr səmaya baxanda ulduzlu kəhkəşan şairi düşundürməyə bilməzdi.Düşüncə və inancları zəminində şair Allaha yaxındır və Allah adamıdır. Tanrının varlığı və Tanrının müxtəlif müstəvilərdə dərki ona atası və anası tərəfindən aşılanmışdır.O, uşaqlıqdan Tanrının şükürlü bəndəsidir ki, poyeziyasında Tanrıya bağlılıq, Tanrının və insanın dərki onun yaradıcılığından qırmızı xətlə keçir.

Tanrıya bağlılıqdan söz düşmüşkən qeyd edim ki , şairin yaradıcılığı ilə bağlı nəşr edilən kitablarda bəzi məqalə müəllifləri onun yaradıcılığında sufizm ab -havasnın da özünü göstərdiyini söyləyirlər. Bu barədə elm adamları-akademiklərimiz , professorlarımız, tənqidçilərimiz çox yazıb. Mən də onu demək istəyirəm ki , istər böyük Nəsiminin, istərsə də digər sufi mütəfəkkirlərinin yaradıcılığında Allaha qovuşmaq üçün özünü dərk etmək məsələsi geniş yer tutur, o cümlədən də istedadlı şairimiz X. Kərimlinin yaradıcılığında .

Şairin yaradıcılığı sufilik təlimi üzərində köklənməsə də, sufi motivləri özünü göstərir.Məncə, X. Kərimli fəlsəfi düşüncələri ilə “Mən” dən Sənə (Tanrıya) yol eylə ideyası ilə Haqqa doğru yol gedir.O, bu yolu imanının işığında gedir. O, haqqa qovuşmaq istəyir. Bu da ondan irəli gəlir ki, X. Kərimli Hüseyn ibn Mənsur Həllac, Yunis İmrə, Nəsimi kimi mütərəqqi fikirli şairlərin fəlsəfi fikirlərini mənimsəmişdir. Xüsusən, panteist fəlsəfəsinin müddəaları ilə tanış olmuşdur. Çünki panteizmə görə bütün kainat Tanrıdan ibarətdir, qalan nə varsa , o cümlədən canlılar- insan da vahid Tanrının hissəcikləridir. Bir zaman Tanrı ilə vəhdətdə olan hissəciklər öz əsillərindən ayrı düşdükləri üçün dərin kədər hissi keçirir, ona qovuşmaq arzusu ilə çırpınırlar. Ancaq bu arzuya çatmaq üçün insan kamilləşməli , özünü çirkin ehtiraslardan , alçaq əməllərdən təmizləməlidir. Ona görə də şair yazır:

Mən haqqın divanəsiyəm

Sözüm də Haqqın nurudur.

Haqq yolu təkcə sufi yolu deyil, eyni zamanda hürufiliyin yoludur. Bu yol ağlı başında olan Haqqın əzəl, “Mən”in sonradan yarandığını kamilliyi ilə dərk edən xaricindən başqa, daxilində baş qaldıran “Mən”ini görən insanın yoludur.

X. Kərimli yaradıcılığına baş vuranda görürsən ki, onun duyğu və düşüncəsində, mənəviyyatında hamının duya biləcəyi islam inamı vardır. Şeirlərində də o, bu inamla Allah eşqini tərənnüm edir. Onun poeziya dünyasına yaxınlaşanda aydınlaşdırırsan ki, şair səmimiyyət adamıdır, şair eşq adamıdır. Allah eşqini, insan sevgisini, mərhəmət və ehtiram, ölüm və qəriblik, vətənpərvərlik, azərbaycançılıq, əsl vətəndaşlıq duyğularını şeirlərində çox mənalı şəkildə işləyə bilən, mənəviyyatımızı və milliyyətimizi ucada görən və qələmiylə, bütün varlığıyla xalqına xidmət göstərən, sənətində və dünyagörüşündə “Kamillik” prinsipini yaşadan şairdir X. Kərimli.

Bu səbəbdəndir ki, akademik İsa Həbibbəyli şair X.Kərimli yaradıcılığından söz açarkən deyir:”Xanəli Kərimli yeni dövr Azərbaycan şerində vətəndaşlıq lirikasının yaradıcılarından biridir. Yaxşı cəhət ondan ibarətdir ki, X. Kərimlinin vətəndaşlıq lirikası, sadəcə, qələmə aldığı aktual mövzuları ilə deyil, daha çox bu bədii nümunələrdəki fikirin ifadə vasitəsilə yadda qalır”.

Şairin 1994-cü ildə qələmə aldığı “Azərbaycan” seirindən bir neçə misraya diqqət yetirək:

...Sən Xətai babamızdan bizə böyük əmanətdin

Əmanətə xəyanətik biz çoxumuz, Azərbaycan!

Sənsiz bizim bundan belə yaşamağa haqqımız yox,

Haqlı ikən haqsızlaşan, haqqı talan Azərbaycan!

Yaxud:

Şərəfsiz bir ömür sürmək, aləm bilir sənə yaddır,

Bir şərəfli ömür üçün ayağa dur, Azərbaycan!

Bu şeiri oxuyarkən özündən asılı olmayaraq , içində bir Şəhriyar harayı, M.Araz üsyanı baş qaldırır, gözünün qarşısında otaylı-butaylı bütöv Azərbaycan canlanır. Bu vətəndaş şair X.Kərimlinin içərisindən qopan qeyrətin harayıdır. Bu, torpağı işğal olunan bir xalqın haqq səsinin harayıdır. Bu, vətəni Azərbycanın şərəfini ucalarda görüb, qürur hissi keçirmək istəyən şairin harayıdır.

Vətən dərdi, torpaq dərdi gecə səhərə qədər yol salıb şairin içərisindən keçir, onun bağrını dəlir, ciyərini sökür.

Nizami kimi bir şair ağır zəhmət bahasına əldə etdiyi nailiyyətin paxıllığını çəkənlərə üz tutub deyir :

“ Gəl gecə mədən qazdığımı gör, mədən qazmaq deyil, öz canımı qazmağımı gör. Hər dürrü ki, ağzımdan çıxarmaq istəyirəm , neçə vuruşla döş-döşə gəlirəm .

Yüz dəfə odlanıb beynimi yandırmaqla gecələr bir şəbçıraq ələ gətirirəm”.

Bu, şair ömrüdü. Gecələr “şəbçıraq ələ gətirmək” şair dostum X. Kərimli taleyinə də qismət olub.

Necə ki, şair “Şair ürəyi” adlı şeirində deyir:

Şair ürəyidir dözüb dayanır,

Zamanın min cürə böhtan şərinə .

Şair azərbaycanlı olması ilə, doğma Azərbaycanın atributları ilə fəxr edir. Görün şair “Azərbaycan bayrağı” şeirində üçrəngli bayrağımıza necə münasibət bildirir, onu ən uca Tanrı dərgahı səviyyəsinə qaldırır:

Mənim başımın üstə

İki səcdəgahım var :

Biri uca Allahım,

Biri yenməz bayrağım.

Məncə, şair ürəyində kökləşən Vətən sevgisi budur. Bayraq sevgisi budur . Torpaq sevgisi budur.

X. Kərimlinin varlıq haqqında görüşləri, fəlsəfi düşüncələri dərin məzmunlu olmaqla bərabər, son dərəcə məntiqlidir, orijinal deyilişi ilə müstəqildir. Bu baxımdan, onun “Öz dilimsən “şeirindən bir bəndə diqqət yetirək:

Sən ey mənim Oğuz dilim,

İlkin mayam - ağuz dilim!

Tarixlərin sədlərini

yara -yara tarixləşən

alnıaçıq, ağüz dilim!

Şair bu fikirləri ilə oxucunu bir anlığa müəyyən dövrdə xalq mənəviyyatının mücəssiməsi olan Dədə Qorqudda oğuzların qəhrəmanlıq tarixinə aparıb çıxarır .

Maraqlı budur ki, şair, bəlkə də, “ağuz” dialekt sözünü şeirə gətirmiş, “ilkin mayam” ifadəsini işlətməklə “ağüz” sözünün mənasını açıqlamışdır. Bəlkə də, çoxları bilmir ki, heyvanat aləmində canlıların anadan ilk əmdiyi süd ağuz adlanır .

Şair X. Kərimli şeirlərində sözləri yerli- yerində və ehtiyatla işlədir. Ürəksiz söz ocağı şatmaqdan qorxur . Onun “ Mənə elə gəlir ki ...” kitabında söz haqqında dediyi fikir diqqəti çəkməyə bilmir:

“Söz ən böyük enerji mənbəyidir.Onun təsir gücünü əvəz edə biləcək heç bir qüvvə yoxdur”.

Şairin söz haqqında deyimi böyük Füzulinin “söz qədrini artıran öz qədrini artırar” kəlamını, M. Arazın “ söz qənirsiz gözəlimdir , düz yolumdur , düz əlimdir” fikrini , M.Müşfiqin “ ey bütün dünyanın söz deyənləri , ruhun dodağına tutun neyləri “ arzusunu yada salır .

Şair X. Kərimlinin “ Payız duyğuları” kitabında ön söz yerinə müəllifin özünün verdiyi “ Bu da bir nağıldı “ şeiri məni tutdu , bərk də tutdu. Bu kitaba ən yüksək elmi titullu insan ön söz yazsaydı , bu qədər sadə, bu qədər tutarlı və düşündürücü alınmayacaqdı. Bu şeir bir övladın : -Ata, bir nağıl kitabı tap, oxuyaq- istəyinə bir ata cavabıdı . Bu cavabda bir insanın başdan -başa sözdən yonulmuş heykəli - canlı bir heykəli dayanıb . Bu heykəlin arxa üzü - şair ömrüdü, narahat şair ömrü, canlı bir nağıl olan X. Kərimli ömrü. İlk növbədə isə bu yaşanmış bir qeyrətli ata ömrüdü:

Mən özüm canlı bir nağılam, bala,

Hələ oxunmayıb bir xəttim belə.

Oxunsam , görərlər qaya ömrümü

Necə əritmişəm mən gilə -gilə.

Şair doğulur , yaşamır -yanır .Yana -yana külünü küləklər göylərə sovurur.Bəlkə, bu yanğıdan düşən kül də külək əllərilə gecələrin hansı bir vaxtındasa şair ruhuyla görüşür. Şair ömrü qurtarmaq bilməyən bir nağıldı . Şair X. Kərimli dediyi kimi :

Keçən ömür günü ələklədim mən,

Gələn ömür günüm nə ola -ola .

Yaxşım, yamanımda göz qabağında

Bu da bir nağıldı danışdım, bala.

Vətəndaş şair X.Kərimlinin hələ ömür nağılının müdriklik çağları yeni-yeni başlayır . Qoy, şair X. Kərimli ömrü öz saflığı paklığı , ləyaqəti , şəxsiyyəti baxımından bir nəslə örnək olsun. Şair ömrü işıqdı , nurdu. Şairlər dünyanın dərd çəkənləridir. Çünki şairlər Allahın gözütox bəndələridir. Haqqın işığına göz dikə- dikə haqq dəlisi olmaq da onların bəxtinə düşüb . Və sonda şair Xanəli Kərimliyə ancaq onun eşidə biləcəyi bir tərzdə özümün bir şeirimi pıçıldamaq istəyirəm:

Bu iştahlar, tamahlar,

Hamarlayır dünyanı.

Halal-haram tanımır,

Ölüm də düşmür yada.

Əlinə fürsət düşən,

Qamarlayır dünyanı

 

Oynayır loxma üçün,

Kimi odnan, közünən.

Dünyanın şairləri

Gecə səhərə kimi

Tumarlayır dünyanı,

Tumarlayır sözünən.

Şair X. Kərimli bir nəfərin də razı qalmadığı bu dünyanı yamanlıqların əlindən qurtarmaq üçün Haqq dərgahına sığına -sığına “tumarlayır”. Onu qələmi, düşüncəsi ilə könlünü ala- ala özü də könüllərə köçür . Buna görə də X.Kərimli poeziyası insanı və insanlığı daxilən kamilləşməyə səsləyən vətəndaşlıq poeziyasıdır. Məncə, bu poeziyadan bəhrələnməyə, bu fikirlərdən öyrənməyə, öyrənmək üçünsə vaxt itirməyə dəyər.

 

Zeyqəm Vüqar

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Palitra.-2016.-26 oktyabr.-S.12.