Naxçıvanda mahnı müsabiqəsi

 

Naxçıvanda “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın V mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl aparıcılar Azərbaycanın zəngin folklor janrlarından söhbət açıb, bunlar arasında xalq mahnılarının xüsusi yer tutduğunu vurğulayıblar.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”ya beş aydır start verilib. Müsabiqənin əsas turunun birinci mərhələsində 15 iştirakçı çıxış edib. Müsabiqənin əsas turunun ikinci mərhələsi iyunun 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində, üçüncü mərhələsi iyunun 30-da Ordubad rayonunda, dördüncü mərhələsi iyulun 28-də Babək rayonunda keçirilib. Bu gün isə əsas turun beşinci mərhələsi təşkil olunur.

Aparıcılar müsabiqənin münsiflər heyətini tamaşaçılara təqdim ediblər. Sonra əsas turun dördüncü mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların bu mərhələdə topladıqları ballar bir daha elan olunub.

Müsabiqədə xalqımızın ruhundan süzülüb gələn, qəlbləri riqqətə gətirən təsniflər səsləndirilib. Müsabiqə iştirakçıları tarda Sərxan Abdullayevin, kamançada Nurlan Nuriyevin, udda Cəlil İsmayılovun, qanunda Günel Fərəcovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəmovun müşayiəti ilə xalq mahnılarını ifa ediblər. Aqil Adilzadənin, Məhərrəm Quliyevin, Fərman Allahverdiyevin, Əsmər Hüseynovanın və digərlərinin ifaları alqışlarla qarşılanıb.

Sonda müsabiqənin Naxçıvan şəhərində keçirilən mərhələsinin nəticələri elan olunub. Beləliklə, müsabiqənin şərtlərinə əsasən, bu turda ən az bal toplamış iştirakçı müsabiqəni tərk edib.

Müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb.

Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb, münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Yekun konsertin bu ilin noyabr ayında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur. Qaliblər yekun konsertindən sonra məlum olacaq.

 

Palitra.-2016.-2 sentyabr.-S.13.