Moskvada Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun sərgisi açılıb

 

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi kompleksində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilovun Görüş adlı yubiley sərgisinin təntənəli açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, ölkəmizin Moskvadakı səfirliyinin dəstəyi ilə Rusiya Dövlət Şərq muzeyi tərəfindən təşkil olunub.

 

Sərgini açan Şərq muzeyinin direktoru Aleksandr Sedov qeyd edib ki, Görüş sərgi layihəsində Fərhad Xəlilovun son 10 ildə yaratdığı 50-yə yaxın rəsm əsəri nümayiş olunur. Abşeron təbiətinin vurğunu olan rəssamın tablolarında Buzovna, Mərdəkan, Qala, Goradil mənzərələri xüsusi incəlik və sevgi ilə əks edilib. Sərgidə Fərhad Xəlilovun Görüş, Torpağın naxışları, Təsadüfi baxış silsiləsindən təqdim olunan rəsmlərində torpağın, dənizin və səmanın vəhdəti hiss olunur.

 

Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələrin bu gün daha da sürətlə inkişaf etdiyini bildirib. Səfir Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsi, incəsənətimizin təbliği istiqamətində fəaliyyətinə görə Şərq muzeyinə və muzeyin rəhbəri Aleksandr Sedova təşəkkürünü bildirərək qeyd edib ki, moskvalıların Azərbaycan rəssamlarının yaradıcılığını daha yaxından tanıması üçün işlər bundan sonra da davam etdiriləcəkdir. P.Bülbüloğlunun sözlərinə görə, Fərhad Xəlilov kimi şöhrətli Azərbaycan rəssamının dünyanın mədəniyyət mərkəzlərinin birində - Moskvada fərdi sərgisinin açılması olduqca qürurverici hadisədir. O deyib: Həm səfir, həm də mədəniyyət xadimi kimi çox şadam ki, ölkələrimiz arasında münasibətlər təkcə siyasi, iqtisadi sahələrdə deyil, mədəniyyət və incəsənət sahəsində də inkişaf edir, möhkəmlənir. Diplomat onu da vurğulayıb ki, XTNS-də Azərbaycan Respublikası üçün ayrılmış pavilyonda hazırda bərpa işləri davam etdirilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

 

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova bildirib ki, Heydər Əliyev Fondu ilə Rusiya Dövlət Şərq Muzeyi arasında çoxillik əməkdaşlıq münasibətləri varbu əlaqələr uğurla davam etdirilir. T.Əhmədova sərgi layihəsinin açılışı münasibətilə Fərhad Xəlilovu təbrik edərək deyib: Bugünkü sərgi bizim üçün böyük hədiyyədir, bu salonda Vətənimizin nəfəsini duyduğumuza görə sizə minnətdarıq.

 

Beynəlxalq Rəssamlar Konfederasiyası İcraiyyə Komitəsinin sədri Masud Fatkullinin fikrincə, Fərhad Xəlilovun əsərlərində doğma Abşeron motivləri ilə yanaşı, 4 ünsür su, od, torpaq və havanın daimi vəhdəti və ziddiyyəti fəlsəfəsi əksini tapıb. O deyib: Fərhad Xəlilov təkcə Azərbaycan miqyasında deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunur.

 

Xalq Rəssamı Fərhad Xəlilov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Görüş onun Moskvada nümayiş etdirilən 9-cu fərdi sərgisidir. Bu layihənin Londonda, Parisdə, Berlində və digər şəhərlərdə artıq təqdim edildiyini deyən rəssam vurğulayıb ki, Moskvada yaradıcılığını nümayiş etdirmək onun üçün həm fərəhli, həm də məsuliyyətlidir. Burada mənim çoxlu dostlarım varonlar qarşısında yaradıcılıq hesabatı vermək bir rəssam kimi mənim üçün çox vacibdir. F.Xəlilovun sözlərinə görə, sərginin ikinci hissəsi noyabrın 10-da Şərq muzeyində açılacaq, orada daha kiçik həcmli rəsmlər nümayiş etdiriləcəkdir.

 

Palitra.-2016.-9 sentyabr.-S.13.