Dağlıq Qarabağ münaqişəsi dünya mediasının gündəmində

 

“Ermənsitana səslənərək, artıq Dağlıq Qarabağ torpaqlarını geri qaytarmağa çağırırıq”

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünya mediasının da diqqətindədir. Xüsusən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər dünya KİV-lərində pislənir. Bu səpkidə son günlər dünya mətbuatında 31 mart- azərbaycanlıların soyqırımı ilə bağlı yazılar yer almaqdadır. Belə ki, Pakistanın “Election Times” qəzeti və “Pakistan in the World” jurnalında, həmçinin bu nəşrlərin internet səhifələrində “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” sərlövhəli məqalə dərc edilib.

Məqalədə müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycan xalqının başına gətirilən faciələrdən və uzun illər gizli saxlanılan tarixi həqiqətlərin açılmasından danışılır, bunlardan birinin də 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı olduğu vurğulanır.

Oxucuların diqqətinə çatdırılır ki, 1918-ci ildən başlayaraq erməni millətçiləri bolşeviklərlə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində günahsız insanları kütləvi şəkildə qəddarcasına qətlə yetiriblər:Onlar bu soyqırımı siyasətini sonrakı illərdə də davam etdirib, 1947-ci il və sonrakı illərdə on minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından Azərbaycanın müxtəlif bölgələrinə köçürülməsinə nail olublar.

1988-ci ildə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində ermənilərin ekstremist ideologiyasının həyata keçirilməsi nəticəsində azərbaycanlıların doğma torpaqlarından deportasiya edilməsinə başlanıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz ata-baba yurdundan didərgin salınıb”.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verilir, mülki əhaliyə qarşı edilən barbarlıq, insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən danışılır. Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi bildirilir, ölkəmizin keçdiyi sürətli inkişaf yolundan bəhs olunur.

Qırğızıstanın “goldenbridgenews.com” portalı isə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun rus dilində “31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir” adlı məqaləsini yayıb.

 

Misirin 4 KİV orqanı ermənilər tərəfindən törədilmiş soyqırımından yazıb

Xarici ölkələrdəki səfirliklərimiz tərəfindən də erməni soyqırımları haqqında mediada yazılar dərc olunur. Azərbaycanın Misirdəki səfirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatı isə bu ölkənin “Yaxın Şərq” rəsmi xəbərlər agentliyi, nüfuzlu “Əl-Cumhuriyyə”, “Masress” və “Moheet” qəzetləri tərəfindən yayılıb.

Bəyanatda xalqımızın tarixində baş vermiş soyqırımı aktlarından, Azərbaycan torpaqlarının 1813-cü ilGülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri əsasında parçalanmasından, Azərbaycan xalqının öz tarixi torpaqlarından qovulmasından danışılır, 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında geniş məlumat verilir.

Sənəddə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci il 31 mart axşamı Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları, şəhərləri viran qoyduqları barədə məlumatlar əksini tapıb. Bəyanatda, həmçinin 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, genişmiqyaslı qətllər və vəhşiliklər barədə məlumatlar da yer alıb.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, həmin ilin martında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü kimi qeyd olunduğu vurğulanıb.

Bildirilib ki, 1920-ci ildə Qafqazın şimalında baş verən dəyişikliklərdən istifadə edən ermənilər Azərbaycan torpaqlarını Ermənistan Sovet Sosialist Respublikasına birləşdirib, 1948-1953-cü illərdə 150 min azərbaycanlı həmin torpaqlardan çıxarılıb.

1992-ci ildə Ermənistan ilə Azərbaycan arasında münaqişənin həlli üçün ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdikləri Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının başlanması və 20 ildən çox davam etməsi barədə məlumat verilib. Vurğulanıb ki, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən sülh danışıqları heç bir nəticə verməyib. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur.

 

Küveytin “Əl-Nahar” qəzeti Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini pisləyir

Küveytin “Əl-Nahar” qəzetində də 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfir Elxan Qəhrəmanın məqaləsi dərc edilib. Azərbaycanın Küveytdəki səfirliyindən verilən məlumata görə, məqalədə Küveyt və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğu bildirilir. Bütün istiqamətlərdə əlaqələrin inkişaf etdirildiyi, Küveytin Azərbaycan üçün dost və önəmli tərəfdaş olduğu, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyi vurğulanır. 31 mart soyqırımından bəhs edən səfir bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən hər il bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Bildirilir ki, müstəqilliyini bərpa etdikdən sonra xalqımız tarixi keçmişini araşdırmaq imkanı əldə edib, uzun illər gizli saxlanılan həqiqətlər və saxtalaşdırılan faktlar üzə çıxarılıb. Diqqətə çatdırılır ki, 1905-1907-ci illərdə erməni qəsbkarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri, Bakıdan başlananbütün ölkəni, habelə Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edən genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Məqalədə 1917-1918-ci illərdə ermənilərin öz iddialarını həyata keçirmək məqsədilə minlərlə azərbaycanlını qətlə yetirdikləri, tarixi abidələri, məscidləri, məktəbləri və xəstəxanaları yandırdıqları qeyd olunur.

31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətindən danışan müəllif bu qərarın soyqırımı qurbanlarının xatirəsinin anılması üçün önəmli bir addım olduğunu bildirib.

 

"Ermənistan- Azərbaycan: Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır"

Qarabağ mövzusu son günlər Fransa mediasının da gündəmindədir. Fransanın nüfuzlu "Liberation" qəzetindəki "Ermənistan- Azərbaycan: Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqlı yazıda bu mövzu ətrafında geniş məlumat verilib. Yazının müəllifi “Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi Mirvari Fətəliyevadır. Məqalədə iki ölkə arasında mövcud əlaqələrdən, Azərbaycanın iqtisadi inkişafından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından bəhs olunur. Bildirilir ki, Prezident İlham Əliyevin Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edən səfəri münasibətlərin dinamik inkişafını təsdiq edir.

Yazıda Azərbaycan dövlətinin düşünülmüş və balanslı xarici siyasətinə diqqət çəkilir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra, qərblə, eləcə də Rusiya ilə bu günə qədər yaxşı əlaqələr saxlamağı bacardı. Beləliklə, biz - Fransadakı Azərbaycan icması Prezident İlham Əliyevin Parisə rəsmi səfərini dəstəkləyirik. Bu rəsmi səfər ərəfəsində biz bir daha xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsi bu gün həll olunmamış qalır. Ermənistan və Azərbaycan arasında 1988-ci ildən 1994-cü ilədək davam edən toqquşmalar Azərbaycan torpaqlarının (Dağlıq Qarabağyeddi ətraf rayonun) 20 faizinin işğalı və bir milyona yaxın azərbaycanlının qovulması ilə nəticələndi. Bu gün bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycan əhalisinin 10 faizini təşkil edir və Azərbaycan dünyada adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci ölkədir. Bu etnik təmizləmə məqamı 1992-ci il fevralın 26-da əksəriyyəti qadın, uşaqqoca olmaqla 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı olub. Ermənistanın indiki Prezidenti Serj Sərkisyan Xocalı soyqırımının törədilməsi ilə bağlı əmr verdiyini qərbli jurnalistlərə müsahibəsində açıq şəkildə etiraf edib". M.Fətəliyeva münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır: "Münaqişənin həlli, onun tənzimlənməsi üçün əsas baza BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilib. Bu qətnamələr öz ərazilərində Azərbaycana qarşı güc tətbiq olunmasını və bu ölkənin torpaqlarının işğalını pisləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edir. Onlar Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Mən özüm bu işğal olunmuş ərazilərin bir övladıyam və mən, ailəm birbaşa Azərbaycan xalqına qarşı törədilmiş dəhşətlərin, vəhşiliklərin şahidiyik. Fransada Azərbaycan icmasının adından, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Fransa və beynəlxalq ictimaiyyətə üz tutaraq, bu təcavüzə reaksiya verməyə çağırır və Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsində bizə dəstək olmağa səsləyirik. Nəhayət, biz bütün tarixi həqiqətlərə məhəl qoymadan, özünü başladığı bir münaqişənin qurbanı kimi təqdim edən Ermənsitana səslənərək, artıq Dağlıq Qarabağ torpaqlarını geri qaytarmağa çağırırıq. İnanıram ki, birgə səylərimiz və ortaq insani dəyərlərimiz nəticəsində buna nail ola bilərik. Fransa ona həvalə olunan vasitəçilik rolu, hər iki ölkə ilə qurduğu əlaqələri vasitəsilə bu münaqişənin həllinə kömək edə bilər".

 

Fuad Hüseynzadə

Palitra.-2017.-1 aprel.-S.11.