“Əslində, məhdudiyyət insanın beynində başlayır”

 

Ülkər Şərifova: “İdman bizim kimi fiziki məhdudiyyəti olan insanları həyata bağlayan böyük amillərdəndir”

 

Müsahibimiz Ülkər Şərifovadır. Ülkər xanım həyata bağlı olandaim aktiv həyat tərzi keçirərək müxtəlif sahələrdə uğur qazanan bir xanımdır. O, Boccia idman növü ilə də məşğul olur və müsahibimizlə söhbətimizdə onun uğur formulunun sirrini öyrənməyə çalışdıq.

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Şərifova Ülkər Bəhram qızı 13.06.1987-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində sadə bir ailədə dünyaya göz açmışam. İki qardaşım var. Orta məktəbi elə öz kəndimizdə başa vurmuşam. Fiziki məhdudiyyətim olduğu üçün evdə təhsil almışam. Bundan başqa, rayonumuzda Region kursları adlı təhsil müəssisəsini əla qiymətlərlə başa vurmuşam. Bir çox yazı və məqalələrim var. Çoxlu sayda hekayələrimi oxuculara təqdim etmişəm. Özüm haqqında əlavə olaraq deyə bilərəm ki, hər zaman həyata bağlı, həyatı sevən biri olmuşam. Heç vaxt fiziki məhdudiyyətimi dərd etməmişəm. Hər zaman uğura doğru can atmışam. Qeyd edim ki, çoxlu dostlarım var, çalışıram ki, hər birinə mənəvi dəstək olum. Bundan əlavə, hazırda kosmetik firmada məhsullar üzrə ekspertmenecer işləyirəm. Firmada komandam varkomanda da fiziki məhdudiyyətli dostlardan ibarətdir. Beləcə, onlar evdən bayıra çıxmadan da işləməyin mümkünlüyünü isbat edirlər. Hər zaman ən kiçik problemlərdə üsyan edən, yenilən insanlardan qaçmışam. Fikrimcə, onlar zəif insanlardır və mənim ətrafımda isə zəif insan, əsla, ola bilməz. Çünki mən güclüyəm

-Doğrudan da fikirlərinizdən göründüyü kimi, güclü insansınız. Bəs necə oldu ki, idman həyatında uğurları sıralamağa başladınız?

-Mən 2015-ci ilin iyun ayında Bakının Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzinə kurs almaq üçün getdimorada kompüter kursuna yazıldım. Demək olar ki, həyatıma o andan etibarən günəş doğmağa başladı. Rahilə xanımı tanımaqla başlayan uğurlarım İlham müəllimlə davam etdi. O zamanlar İlham müəllim Boccia idmanına idmançılar toplayırdı və mənə də müraciət etdi. Beləcə, idman həyatına aktiv şəkildə başladım. Doğrudur, idmana yazıldığım andan etibarən bu idmanı yaxşı mənimsəmədiyim üçün yarıda buraxsam da, sonralar çox peşman oldum və yenidən İlham Məhərrəmova müraciət etdim. O da, sağ olsun, məni yenidən qeydiyyata aldı və məşqlər üçün 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzinə çağırdı, beləcə, məşqlərə davam etdim. Bizimlə Türkiyədən gəlmiş Nihat Yılmaz hoca məşğul oldu. Biz 2 ay ərzində çox möhtəşəm təlimlər keçərək 3-cü seni-cap Azərbaycan çempionatına hazırlaşdıq və iştirak etdik. Paraolimpiya nəzdində keçirilən bu möhtəşəm çempionatda öz kateqoriyam, yəni BC5 üzrə 3-cü yeri qazandım. Əslində, Boccia haqqında çox danışa bilərəm. Amma qısaca onu deyim ki, Boccia insanı həyata bağlayan yeganə idman növüdür. Xüsusən də bizim kimi fiziki məhdudiyyətli insanları. Boccia ilə bağlı arzularım çoxdur.

-Başqa sahələrdə uğurlarınız olubmu?

-Uğurlarım çox olub. Məsələn, 2015-ci ildə Azərbaycanda ən böyük sosial layihələrdən birinə imza atanBank of Bakunun “Məhdudiyyətlərə meydan oxuyaq” layihəsinin yüzlərlə iştirakçı arasından seçilib sosial şəbəkələrin idarə edilməsi təlimi üzrə sertifikat alanlardan biri də mən oldum. Sonra respublika sərgisində çox sayda əl işləri ilə iştirak etmişəm və sairə kimi uğurları sadalaya bilərəm.

- Azərbaycanda fiziki məhdudiyyətli insanlar üçün ilbəil dövlət qayğısı artır. Bu özünü təkcə sosial məsələlərdə deyil, elə idmanla və digər sahələrlə məşğuliyyətdə də göstərir.

-Bəli, haqlısınız. Yalnız böyük ölkələrdə fiziki məhdudiyyətlə insanlar özünə qapanmayaraq çölə, cəmiyyət içinə daha aktiv çıxır, onlar üçün hər cür şərait yaradılır. Azərbaycan isə böyük ölkə olmasa da, belə şəraitlərin maksimum dərəcədə yaradıldığı nadir kiçik ölkələrdən sayılır. Sosial layihələr, idman yarışlarına qatılmaq və s. kimi digər məsələlərdə bizdə xeyli işlər görülür. Hazırda Prezident İlham Əliyevin qayğısı nəticəsində fiziki məhdudiyyətli insanların yaşayış şəraiti çox yaxşılaşdırılıb. Ən başlıca misalı 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait haqqında danışa bilərəm. Yüzlərlə fiziki məhdudiyyətli insanlarımız orada təhsil alır və cəmiyyətə lazımlı fərd kimi hazırlanırlar. Orada təşkil olunan kurslardan biriidmanla bağlıdır. Mən özümidman uğurlarımı oradan qazanmağa başladım.

- Bəs Boccia ilə bağlı yarışların təşkilindən razısınızmı?

-Əlbəttə. İlqar Rəhimov biz Boccia çempionatına hazırlaşarkən bizim görüşümüzə gəlmişdi. Ümumiyyətlə, o insanın bizə olan xüsusi qayğısından çox danışmaq olar. Yüksək səviyyədə Boccia çempionatının keçirilməsi, əslində, Paraolimpiya haqqında hər şeyi deyir.

-İslam Həmrəyliyi Oyunları haqqında fikriləriniz də maraqlı olardı.

-Bir idmançı olaraq, təbii ki, bu məni çox sevindirirçox da həyəcanlandırır. Ən əsası da ona görə ki, bu möhtəşəm yarışda Boccia da olacaq. Ümumiyyətlə, son illərdə ölkəmizdə beynəlxalq idman yarışlarının daha çox keçirilməsi təqdirəlayiq haldır. 15-20 il əvvəl belə yarışların Azərbaycanda keçiriləcəyini desəydik, bizə gülərdilər. Düzdür, onda da idman ölkəsi kimi inkişaf edirdik. Amma o zaman indiki kimi idman infrastrukturu yox idi və ölkə belə inkişaf etməmişdi. İndi, hətta Olimpiya Oyunlarının keçirilməsi üçün hər cür şərait var. On minlərlə turisti, yarış iştirakçısını qəbul edib, onlar üçün hər cür şərait yaratmağa imkan verən iqtisadiyyatımız, infrastrukturumuz var. Qısası, bu kimi amillər yalnız bizə başucalığı gətirir. Mənim də qarşıda qatılacağımız bir sıra yarışlar var. Hazırlıq isə yüksək səviyyədə və çox böyük əzmlə gedir.

-Sonda fiziki məhdudiyyətli peşəkar idmanla məşğul olmaq istəyənlərə uğur formulunuzun sirini açardınız.

- Sizin vasitənizlə bütün fiziki məhdudiyyətli dostlarımıza səslənirəm ki, heç vaxt ruhdan düşməsinlər. Əslində, məhdudiyyət insanın beynində başlayır. Yəni bu o zaman başlayır ki, o deyir, mən bacarmaram. Halbuki hər bir fiziki məhdudiyyətli insanın özünəməxsus istedad və bacarığı var. Sadəcə, bunu üzə çıxarmaq lazımdır. Həm də o bunu göstərmək üçün real addımlar atmalıdır, özünə qapanıb oturmamalıdır. Hələ ki, idman bizim kimi fiziki məhdudiyyəti olan insanları həyata bağlayan böyük amillərdən biridir. Boccia arabalı və əlləri zəif insanlar üçün olan idman növüdür. Bəlkə də sizlərin arasında gələcəkdə ölkəmizin bayrağını yüksəklərə qaldıracaq insanlar var. Ona görə də elə günü sabahdan başlayın və uğurlarınız üçün çalışın.

 

Tural Tağıyev

Palitra.-2017.-5 aprel.-S.6.