Milli Qəhrəman Murad
Mirzəyevə həsr olunmuş filmin təqdimatı keçirilib
Mətbuat
Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin (ATXƏM) təşkilatçılığı
ilə "Muradına çatmayanlar;
apreldən əvvəl və sonra" sənədli
filminin təqdimat mərasimi
keçirilib.
Tədbirdə
çıxış edən MŞ sədri Əflatun
Amaşov deyib ki, film Azərbaycanın Milli Qəhrəmanı,
polkovnik-leytnant Murad Mirzəyevin həyat yolu və qəhrəmanlığına
həsr olunub. M. Mirzəyevin qəhrəmanlığının
vətənpərvərlik nümunəsi olduğunu
söyləyən Ə. Amaşov bildirib ki, aprel
döyüşləri Azərbaycan xalqının tarixində
çox mühüm rol oynayıb, torpaqların bir
qarışının da düşmən
tapdağı altında qalmayacağına xalqın
inamını daha da
gücləndirib: “Bu döyüşlər,
eyni zamanda Azərbaycan
Ordusunun, doğrudan, da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə
döyüş əhvali-ruhiyyəsini
yüksəltdi. Bu, həm də Ermənistan
rəhbərliyinə bir mesaj
idi”. Sonra film tədbir iştirakçılarına nümayiş olunub.
ATXƏM sədri İlham İsmayılov
çıxışında M. Mirzəyevin döyüş
yolu və aprel
döyüşlərinin əhəmiyyətindən
danışıb. O qeyd edib
ki, Murad Mirzəyev və
digər qəhrəmanların keçdiyi
yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır: “Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb
dərsliklərində əks olunmalı və şagirdlərə
tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel
döyüşləri qəhrəmanlarının döyüş yolunun
öyrənilməsi gənclərdə vətənpərvərlik
ruhunun yüksəlməsi baxımından
çox önəmlidir. Nə qədər
ki, Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan mütləq işğal
altındakı torpaqlarını azad edəcək”.
Millət vəkili Elman Nəsirov qeyd edib ki,
düşmənlə yanaşı, Dağlıq
Qarabağın itirildiyi haqqında Azərbaycanda
da mövcud olan bəzi fikirləri Murad
Mirzəyev kimi qəhrəmanlar
darmadağın edib: “Mən əminəm
ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq”. Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin Diasporla iş sektorunun müdiri Qafar Əliyev isə
çıxışında bildirib ki, aprel döyüşləri
Azərbaycanda milli ruhun
çox yüksək səviyyədə olduğunu göstərdi. Onun
sözlərinə görə, Azərbaycan işğal
altındakı torpaqlarını gec-tez azad edəcək: "Azərbaycan Ordusunun əldə etdiyi uğurlar hamımıza ruh
yüksəkliyi verir. Mən hesab edirəm ki, belə
filmlər çox çəkilməlidir.
Hamını Qarabağ probleminin
həllində əl-ələ verib,
birlikdə əməkdaşlıq etməyə
çağırıram. Əlimizdən gələni etməliyik
ki, xalqımızın milli
ruhu və vətənpərvərlik tərbiyəsi
daim yüksək olsun.
Bu, bizi qələbəyə
aparan yoldur". Tədbir
çıxışlarla davam etdirilib. Qeyd edək ki, film
yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən
müharibənin qəhrəmanları” silsiləsindən bir hissə olaraq çəkilib.
Filmin baş məsləhətçisi
Prezidentin ictimai-siyasi
məsələlər üzrə köməkçisi
Əli Həsənovdur.
Cavidan
Palitra.-2017.-5 aprel.-S.4.