Qoru olmasın

 

Allahdan istəyim budur,-Heç zaman

Saçların vədəsiz qarı olmasın.

Əzabla salınan ömür bağının

Çürüyüb tökülmüş barı olmasın.

 

Başı ərşə çatan qoca dağların,

Tərlanlar qıy vuran uca dağların,

Cənublu, şimallı haça dağların,

Qarğası, quzğunu, sarı olmasın.

 

Günəşin şəfəqi düzlərə gülsün,

Xoş aylar, xoş illər üzlərə gülsün,

Həyatın sevinci gözlərə gülsün,

Sevgi bağçasının xarı olmasın.

 

Var-dövlət çoxluğu qəbahət deyil,

Səhvi üzə demək ədavət deyil,

Dünyaya kor baxmaq fəlakət deyil,

Taleyin, qismətin koru olmasın.

 

Ay Seyyid, düzü gəz, düz yolu ara,

Ağa deginən, qaraya qara.

Bədbəxt o insandır özündən sora

Külünün altında qoru olmasın.

10.01.2017

 

Tutası ol

Bel bağlama namərd dosta,

Xar olmamış atası ol.

Yeri gəlsə, mərd düşmənin,

Kölgəsində yatası ol.

 

Vaxt-vədəsiz solmaqdansa,

Sonda tənha qalmaqdansa,

Yaxşı ata olmaqdansa,

Yaxşı oğul atası ol.

 

Gülməsə tale üzünə,

Baxmasa dizin sözünə,

Qəfil tor gəlsə gözünə,

Dar məzarda yatası ol.

 

Yoldaşı seç öz tipinə,

Baxma əlinə, cibinə,

Güvənmə saman çöpünə,

Dəryalarda batası ol.

 

Coşsalar da, əssələr ,

Üz turşudub küssələr ,

Seyyid, dili kəssələr ,

Haqq tərəfin tutası ol.

04.12.2016

 

Qiyamətim var

Ey oğul, diqqətlə qulaq as mənə,

Sənə söyləməyə hekayətim var.

Kiminə atadan çoxlu var-dövlət,

MənimsəŞeirlərəmanətim var.

 

Dəyərli, dəyərsiz, - sözə deyərlər.

Daşı da sındırır”, - gözə deyərlər.

Səhvi arxada yox, üzə deyərlər,

Xalq içində desəm, qəbahətim var.

 

Birinin dalıyca min dəfə rəhmət,

Birinə söylənər goruna lənət.

Kiminin milyonu hec kimə qismət,

Yavan bir loxmamla səxavətim var.

 

Əyri yonulsa da qələm, düz yazar,

Fərqi yox, ya gecə, ya gündüz yazar,

Hikmətli kəlamı dahi kəs yazar,

Daim dahilərdən dəlalətim var.

 

Seyyidəm, düz yolu əyri getmirəm,

Salam verdiyimdən salam güdmürəm.

Qəsdlə, bilə-bilə günah etmirəm,

Qorxuram, qabaqda qiyamətim var

02.11.2016

 

Müəllim

Özünün dayağı olmasa belə,

Yüzlərlə insana dayaqdır müəllim.

İsti bir qucağa həsrət qalsa da,

Minlərlə şagirdə qucaqdır müəllim.

 

Harama göz dikməz, qazanar halal,

Soğan-çörəyini hesab edər bal.

Qəlbini sıxsa da qəm, kədər, məlal,

Sınıq könüllərə çıraqdır müəllim.

 

Qəsd ilə heç kəsin xətrinə dəyməz,

Kimsənin önündə başını əyməz.

Boş-boş qürrələnib özünü öyməz,

Doğruya, düzlüyə mayakdır müəllim.

 

Xalqın arasında üzüağ gəzər,

Şirin söhbətilə məclislər bəzər.

Qürurun alçaltmaz, cəfaya dözər.

Elin dar günündə sınaqdır müəllim.

 

İnsanlıq, ləyaqət nümunəsidir.

Ən incə duyğular təranəsidir.

Bilik xəzinəsi, hikmət səsidir,

Müqəddəs adıyla ocaqdır müəllim.

05.10.2016

 

Seyyid Süleyman

Palitra.-2017.-12 aprel.-S.13.