Gəncə Dövlət Filarmoniyasının interyerinin qurulmasına başlanılıb

 

Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə əsası qoyulan Gəncə Dövlət Filarmoniyasında tikinti işləri yekunlaşmaq üzrədir. Artıq filarmoniyanın interyerinin qurulması işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihəsində antik yunanorta əsrlər Avropasının Barokko memarlıq üslubunun üstünlük təşkil etdiyi filarmoniya binasının interyeri - dəhliz divarları və tavanlar qədim Şərqin miniatür sənət ənənələrindən bəhrələnməklə bəzədiləcək.

Bununla əlaqədar olaraq Gəncə şəhərinin baş rəssamı Şərif Şərifovun rəhbərliyi ilə həmin sahədə böyük təcrübəyə malik rəssamlardan ibarət heyət yaradılıb.

Filarmoniyanın dəhliz və tavanına çəkilən bu rəsmlər orta əsr miniatürlərindən böyüklüyünə görə seçilir. Təcrübəli fırça ustaları Faiq Abdullayev, Musa İmamverdiyev və gənc rəssam Elmir İbrahimov tərəfindən çəkilən rəsmlər 30 metr uzunluğundakı dəhlizlərin tavanı üçün nəzərdə tutulub. Rəssamlar tərəfindən çəkilən rəsmlərin hər biri 8 metr uzunluğundadır. Azərbaycan poeziyasının klassikləri Nizami Gəncəvinin “Xəmsə” motivlərinə və Məhsəti Gəncəvinin fəlsəfi rübailərinə həsr olunan rəsmlər hazırda dünyanın məşhur muzeylərində saxlanan miniatürlərin surətləri əsasında çəkilib.

Rəsmlər arasında Böyük Britaniyanın London, ABŞ-ın Vaşinqton, Kembric, Türkiyənin İstanbul şəhərlərindəki muzey və qalereyalarında saxlanılan miniatürlərə də rast gəlmək mümkündür. Böyüklüyü ilə diqqət çəkən pannolar daha çox XVI əsrin məşhur miniatür rəssamları Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli, Mir Seyid Əli, Ağa Mirək, Müzəffər Əli və digər sənətkarların ən qiymətli əsərləri əsasında işlənib.

 

Mahmud

Palitra.-2017.-12 aprel.-S.13.