QHT-lərlə bağlı qanunvericilik

Avropa standartlarına uyğundur

 

İstənilən demokratik cəmiyyətdə qeyri-hökumət təşkilatları mühüm ictimai funksiya daşıyır. İctimai təşkilatlarda çalışaraq təcrübə toplamış şəxslər sonradan fəaliyyətlərini müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla davam etdirirlər. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan dövlətinin ölkədəki vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyi danılmaz faktdır. Ölkəmizdə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. Bu bazanın daha da genişləndirilməsi üçün QHT-lərlə bağlı qanunvericiliyə zaman-zaman dəyişikliklər edilir. Və sevindirici haldır ki, Azərbaycan qanunvericiliyi və praktikası Avropa standartlarına uyğunlaşdırılır. Bu sahədə

Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsini göstərmək olar. Aprelin 18-də adıçəkilən layihə çərçivəsində

 

Avropa Şurasının ekspertlər qrupunun hazırladığı hesabatın təqdimatı keçirilib. Hesabatda bəzi tövsiyələr öz əksini tapıb.

 

Azərbaycanda müstəqilliyini bərpa edəndən sonra qeyri-hökumət təşkilatlarının ölkə həyatının bir hissəsinə çevrilməsi istiqamətində lazımi işlər görüldüyünü deyən Milli Məclisin sədr müavini Bahar Muradovanın sözlərinə görə, ölkəmiz müvafiq konvensiyalara qoşulub, qanunvericilik bazası formalaşdırılıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında QHT-lərin inkişafı ilə bağlı müddəalar da yer alıb. Bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilir.

 

Bütün bunlara baxmayaraq, QHT-lərlə bağlı bəzi problemlərin mövcudluğunu da inkar etmək olmaz. Bəzi nöqsanlar ola bilər” deyən Muradova bildirib ki, Azərbaycan hökuməti hər zaman mövcud problemlərin açıq, şəffaf müzakirəsinin tərəfdarı olub. Dediyinə görə, ölkədə III sektorun sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Qanunların icrası üçün institusional dəstək təmin olunub.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, layihə çərçivəsində bir sıra işlər görülüb, ekspertlərin və QHT nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib. QHT-lərin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tövsiyələr vətəndaş dialoquna nail olunması istiqamətində müsbət rol oynayacaq (AZƏRTAC). QHT-lərin fəaliyyətinin gücləndirilməsi təkcə qanunvericilik məsələlərinin təkmilləşdirilməsi ilə kifayətlənmir. QHT üzvlərinin peşəkarlığının, şəffaflığın və hesabatlılığın artırılması da vacibdir. O, ümid etdiyini bildirib ki, Avropa Şurasının tövsiyələri burada öz əksini tapacaqkonstruktiv əməkdaşlıq həyata keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanın QHT-lərə dair qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla daim əməkdaşlığa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklikləri şərtləndirən üç amil var: Birincisi şəffaflıqdır. Yəni, xarici qrantlarla bağlı şəffaflığa nail olmaqdır. İkinci amil donorların fəaliyyətində müəyyən təkrarçılığın qarşısını almaqdır. Təkrarçılıq olduqda həyata keçirilən layihələrin səmərəsi ola bilməz. Üçüncü amil isə təhlükəsizliklə bağlı olan məsələdir. “Bəzən QHT adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək verilir. Bunların qarşısının alınması üçün qanunvericilikdə dəyişikliklər edildi” deyən Quliyev bununla yanaşı, Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atıldığını bildirərək, “vahid pəncərə” sisteminin qəbul edildiyini, sənədlərin asanlaşdırıldığını xatırladıb.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlığa dair 2014-2017 fəaliyyət planını təsdiqləyib. Layihə bu çərçivədə həyata keçirilir. Layihənin məqsədi QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması və onlar üçün əlverişli mühitin yaradılmasıdır. Layihə ötən ilin martından başlanıb və bundan əvvəl danışıqlar üçün müəyyən müddət tələb olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi qurumun vətəndaş cəmiyyətlərinin inkişafına daim dəstək verdiyini bildirib və layihənin daha bir il davam edəcəyini söyləyib.

Onun sözlərinə görə, Avropa İttifanı 2007-ci ildən Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində 90 milyon avro dəyərində 70 layihə həyata keçirib (APA). M.Mard qeyd edib ki, vətəndaş cəmiyyəti insanların alt səviyyədə siyasətin formalaşmasında iştirakına imkan verir: “Biz vətəndaş cəmiyyətin inkişafını dəstəkləyirik. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində ölkələrdə bu kimi layihələrin icrasını həyata keçiririk. Biz bu əməkdaşlığı davam etdirəcəyik” deyən M.Mard bu layihələrin icrasındakı dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Yeri gəlmişkən, M.Mard Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlardan da bəhs edib. Deyib ki, gələn həftə Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayacaq. Onun sözlərinə görə, danışıqların geniş gündəliyi var: “Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik”.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik ümumilikdə Avropa standartlarına uyğundur. Təqdim olunan hesabatda hər hansı irad yoxdur, sadəcə ümumi tövsiyələr var. Qanunla bağlı yeniliklərin müzakirə edilməsinə ehtiyac yoxdur. “Bizim bir müddət əvvəl qanunvericiliyə etdiyimiz dəyişikliklər şəffaflığın təmin edilməsi ilə bağlıdır. Qanunun tətbiqi ilə bağlı hər hansı çatışmazlıq varsa, biz milli qeyri-hökumət təşkilatları ilə müzakirələr aparmağa hazırıq”, - deyə Əli Hüseynli bildirib.

Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Filipoviç isə bildirib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlığa dair 2014-2017 fəaliyyət planını təsdiqləyib. Onun sözlərinə görə, layihə bu çərçivədə həyata keçirilir: “Layihənin məqsədi QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması və QHT-lər üçün əlverişli mühitin yaradılmasıdır. Layihə ötən ilin martından başlayıb və bundan əvvəl danışıqlar üçün müəyyən müddət tələb olunub. Bu birgə layihədir. Aİ-nin maliyyə dəstəyinə görə təşəkkür edirəm”.

Avropa İttifaqı və Avropa Şurası bizimlə 4 gün ərzində deyil, bir il müddətində işgüzar formada çalışsaydılar, tövsiyələr meydana çıxmazdı. Burada konkret irad yoxdur, onu tapmaq mümkündeyil. Ümumi tövsiyələr var. Bizim qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyimiz ümumi Avropa standartlarına, konvensiyasına uyğundur”. Bunu isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycandakı sistem bəzi ölkələrin təcrübəsinə uyğun olmaya bilər: “Elə bilirsiz ki, Avropa ölkələrində elektron qeydiyyat var? Hesabat hazırlanarkən Milli Məclisin nümayəndələrindən ekspert kimi dəvət etsəydiniz, onlar milli qanunların tətbiqini izah edərdilər” deyən Hüseynli vurğulayıb ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu tövsiyələri nəzərə alaraq, mövcud qanunvericiliyə dəyişikliklərlə bağlı əsas görmür (“report.az”). “Bunu nəzərə almalısınız. Biz qanunvericilikdə dəyişikliklər edilən zaman dəfələrlə qeyri-hökumət təşkilatları ilə görüşmüşük. Biz bilirik ki, qeyri-hökumət təşkilatları hansı problemlərlə üzləşirlər. Bilirik ki, maliyyət əməliyyatları, banklarla təmasda müəyyən problemlərla üzləşirlər. Biz bu problemin üzərində düşünürük. Bir daha qeyd edirəm ki, qanunla bağlı yeniliklərin müzakirə edilməsinə ehtiyac görmürəm”.

Komit sədri deyib ki, bir müddət əvvəl qanunvericiliyə edilən dəyişikliklər şəffaflığın təmin edilməsi ilə bağlıdır. “Qanunun tətbiqi ilə bağlı hər hansı çatışmazlıq varsa, biz milli qeyri-hökumət təşkilatları ilə müzakirələr aparmağa hazırıq”.

Xatırladaq ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi ötən ilin iyunun 2-də Bakıda təşdim olunub. Müddəti 24 ay olan layihənin tərəfdaşları Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycanda fəaliyyət göstərən QHT-lərdir.

Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi vətəndaş cəmiyyəti dialoqunun təbliğinin genişləndirilməsidir. Layihə çərçivəsində QHT və hökumət qurumları nümayəndələri üçün vətəndaş cəmiyyətinin iştirakı mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-19 aprel.-S.10.