The Washington Times”: “Sarkisyan Avropada sabitliyi təhdid edir və ABŞ-ın müttəfiqlərini təhlükə altına qoyur

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan əməli addımlar atsa da qarşı tərəf problemin aradan qaldırılmasına cəhd etmir, uzun illərdir ki, işğalçı siyasətini davam etdirir. Artıq demək olar ki, əksər ölkələr də münaqişənin həllini istəməyən Ermənistan rəhbərliyinin belə siyasət sərgiləməsini pisləməyə başlayıb. Bir zamanlar erməni lobbisinin təsiri ilə birtərəfli yazılar dərc edən bəzi aparıcı Qərb media orqanları isə reallıqdan çıxış edərək Ermənistanın işğalçılıq siyasətinin acı nəticələri haqqında yazılar dərc etməyə başlayıblar. Belə yazılar xüsusən də son zamanlarda daha çox gündəmə gətirilir. Buna misal olaraq ABŞ-da çıxan “The Washington Times” qəzetində 1988-ci ildə ata Corc Buş administrasiyasının Yaxın Şərq siyasəti üzrə şöbəsinin sabiq əməkdaşı Lloyd Qrinin məqaləsini göstərmək olar. Müəllif yazır ki, Ermənistan Prezidenti Serj Sarkisyanın hərbi güc tətbiq etmək təhdidi ilə əlaqədar Qafqazda “nüvə partlayışı” riski artır.Ermənistan Azərbaycanın qərbində ərazi işğal edib və 1992-ci ildə Xocalı qırğını zamanı qətlə yetirilmiş 600-dən çox dinc sakindaxil olmaqla, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə həyata keçirib. L.Qrin xüsusi vurğulayaraq yazır ki, təəssüf ki, Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır. Müəllif qeyd edir ki, Ermənistan ötən ilin payızında “İsgəndər” raket kompleksi alıb. Bu, Azərbaycana və ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəyə ismarıc göndərmək məqsədi daşıyan böyük provokasiyadır.

Yaxın mənzili ballistik raket sistemi - “İsgəndər” 300 milə qədər (500 kilometrə qədər) məsafədə kiçik hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub. Bu o deməkdir ki, Ermənistanın şərq hissəsində quraşdırılan “İsgəndər” raketləri bütün Azərbaycan üzrə hədəflərə, o cümlədən paytaxt Bakıya zərbə endirə bilər. Müəllif vurğulayır ki, “İsgəndər” raketlərini nüvə döyüş başlıqları ilə təchiz etmək imkanı da narahatlıq doğurur. Onun sözlərinə görə, regionda ballistik raketlərin yerləşdirilməsinin özü region ölkələrinin yetərincə təhlükə altında olduğunu göstərir. Amma prezident Sarkisyan bununla kifayətlənməyib. Bu yaxınlarda Ermənistan lideri işğal edilmiş ərazilərdə olub və lovğalanıb ki, onun hökumətinin “müasirgüclü zərbə qüvvəsi” var. Sarkisyan özünün aqressiv bəyanatlarında Azərbaycanda potensial hədəfləri müəyyən edərək bildirib ki, Ermənistan Azərbaycan “infrastrukturunun ən əhəmiyyətli hissələrinə” zərbələr endirəcək.

Ermənistan tərəfinin növbəti təhriki Bakıda və bütün regionda xüsusi narahatlıq doğurur. Sarkisyanın bəyanatı öz qonşuları arasında gərginlik yaratmaqla bərabər, Vaşinqtonda da təşvişə səbəb olub. “CeymstaunFondu Ermənistanın “İsgəndər” raketlərini yerləşdirməsinin doğurduğu təhlükələri müzakirə etmək üçün bu yaxınlarda ABŞ Konqresində panel diskussiyası keçirib. Fond bildirib ki, yeni silahAvropada sabitliyi təhdid edir, ABŞ-ın müttəfiqlərini təhlükə altına qoyurortakiçik mənzilli raketlərin ləğv edilməsi barədə 1988-ci il Müqaviləsini potensial surətdə pozur”.

Sarkisyanın təhrikçi ritorikası separatçıların təbliğ etdiyi mifi - Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin “müstəqil respublika” olması mifini darmadağın edir. L.Qrin Ermənistanda dəhşətli iqtisadi vəziyyətdən və başqa ölkədə işğalçı qoşunların saxlanılmasında ölkənin resurslarından istifadə olunmasından danışarkən yazır ki, Ermənistanla müqayisədə Azərbaycanda iki dəfədən çox əhali yaşayır, onun ümumi daxili məhsulu Ermənistanınkından, demək olar, yeddi dəfə çoxdur. Müəllif vurğulayır: “Ermənilər öz liderlərinin ölkənin iqtisadiyyatını necə məhv etdiyini izlədiyi bir vaxtda Azərbaycan çiçəklənir”. Bu, Ermənistanın hücum silahlarına və hərbi ritorikaya düşüncəsiz şəkildə can atması səbəbindən Azərbaycan və bütün region üçün təhlükəli dövrdür. Dünya azərbaycanlıları öz müttəfiqlərinin - Amerika Birləşmiş Ştatlarının dostluğuna etibar edirlər. Dünya yalnız ümid bəsləyə bilər ki, bu, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası dövründə də belə davam edəcək.

Türkiyə mətbuatı da həmişə olduğu kimi Dağlıq Qarabağ mövzusuna həssas yanaşır və Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin törətdiyi fəsadlar barədə yazılar dərc edib. Böyük Britaniya beynəlxalq münasibətlər Kral İnstitutunun elmi işçisi Zaur Şiriyevin Türkiyənin “Hurriyet Daily News” qəzetində dərc olunan məqaləsində münaqişənin həllinin uzanmasının fəsadlarından biri kimi, yenidən müharibə ab-havasının alovlanması göstərilib. Buna misal olaraq müəllif aprel döyüşlərini önə çəkib. O yazıb ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan eskalasiya ön cəbhədə Azərbaycanın mövqeyinin yaxşılaşmasına gətirib çıxardı. Müəllif qeyd edir ki, psixoloji üstünlük baxımından Bakı erməni qoşunlarının istənilən zərbənin qarşısını ala bilməsi barədə mifləri aradan götürdü. Aprel toqquşmalarından sonra ilk gözlənilən o idi ki, Qərb və Moskva tərəfləri danışıqlar masasına gətirmək üçün əməkdaşlıq edəcəklər. Amma 2016-cı ilin mayında Vyana görüşündən sonra qərb dövlətləri kənara çəkildi və qalan boşluğu Rusiyanın doldurmasına imkan yaratdı.

Məqalədə qeyd olunur ki, ATƏT Minsk qrupunun digər həmsədrlərinin danışıqları aktivləşdirmək niyyətlərinin olmadığı görünür. Həmsədrlərin niyyəti böyük ehtimalla status-kvonun saxlanmasına yönəlib. Bununla da münaqişənin həlli ilə bağlı bütün təşəbbüslər Moskvanın öhdəsinə buraxılıb. Amma buna baxmayaraq, Ermənistandakı daxili siyasi hadisələr, eləcə də Moskva ilə ittifaqa ictimai etirazlar bu perspektivləri azaldıb.

Yeri gəlmişkən qeyd edək ki, Rusiya bu gün də münaqişənin həlli istiqamətində aktiv fəaliyyət göstərir. Buna misal olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin yenidən bir araya gəlmə ehtimalının olması ilə bağlı açıqlamasını göstərmək olar. O qeyd edib ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi nəzərdə tutulurmu" sualına cavabında M. Zaxarova belə bir ehtimalın olduğunu söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".

Ermənilər isə hazırda əsas siyasi hədəflərini uydurma soyqırımı ilə bağlı təbliğatlarına yönəldiblər. Görünür bu səbəbdəndir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlərə can atmırlar. Amma onların bu istiqamətdə də sərgilədikləri siyasət fiaskoya uğrayır. Artıq beynəlxalq aləmdə siyasətçilər onların soyqırımı ilə bağlı siyasətlərinə, çağırışlarına mənfi reaksiya verirlər.

Buna misal olaraq Ukrayna Ali Radasının Azərbaycan Milli Məclisi ilə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy Zaparojye Vilayət Şurasının parlamentə ünvanladığı uydurma “erməni soyqırımı” müraciətinə etiraz etməsini göstərmək olar.

M. Kuryaçiy APA-ya açıqlamasında bununla bağlı bəyanat yaydığını bildirib. O qeyd edib ki, Ukraynada heç bir yerli Şuranın strateji əhəmiyyətli məsələləri müzakirəyə çıxarmağa hüququ yoxdur: “Bu, onların (Zaparojye Vilayət Şurasının deputatları-red.) səviyyəsi deyil. Onların buna ixtiyarı yoxdur. Biz Ukrayna cəmiyyətinin milli mənsubiyyətə görə parçalanmasına yol verməməliyik. Ali Radanın gündəmində belə məsələ ola bilməz. Halbuki bunu gündəmə gətirmək cəhdləri olur”.

Deputat qeyd edib ki, məsələ ilə bağlı insanlar suallar verir: “Bu kimi suallar çox mürəkkəbdir, narahatlıq doğurur, tarixin çətin mərhələlərini əhatə edir. Bu da öz növbəsində Azərbaycan və Türkiyə diplomatik strukturlarının haqlı narahatlığına səbəb olur”.

M. Kuryaçiy bildirib ki, ümumiyyətlə hər dəfə Azərbaycanla Ukrayna arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çıxanda, iqtisadi, siyasi və mədəni əlaqələr güclənəndə, istənilən yolla bu perspektivli əməkdaşlığı zəiflətmək cəhdləri ortaya çıxır. Onun sözlərinə görə, bu kimi məsələləri qabardanlar Ukraynanı etibarlı tərəfdaşlarla üz-üzə qoymağa çalışır: Ukrayna cəmiyyəti təmkin nümayiş etdirməli və siyasi manipulyasiyalara uymamalıdır. İddia olunan məsələ ilk növbədə obyektiv və qərəzsiz şəkildə tarixçilər tərəfindən öyrənildikdən sonra Ukrayna cəmiyyəti və siyasi dairələrin gündəminə daxil ola bilər. Ali Radanın təcrübəsində indiyə qədər bu kimi məsələlərlə bağlı çoxlu müraciətlər olsa da, heç vaxt müzakirəyə çıxarılmayıb və indi də çıxarılmaz”.

Xatırladaq ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu məsələ ilə bağlı Ali Radanın sədri Andrey Parubiyə müraciət edib.

Beləliklə, görünən mənzərə budur ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti, uydurma soyqırımı iddiaları ilə bağlı atdıqları addımlar artıq beynəlxalq aləmdə ciddi narazılıqla qarşılanır, təkcə media deyil, siyasətçilər də ermənilərin bu iyrənc əməllərindən cana doyduqlarını göstərirlər.

 

Tural Tağıyev

Palitra.-2017.-20 aprel.-S.11.