“Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”

 

Kamran Allahverdiyev:

Xarici ölkələrdə tez -tez mediaya çıxmaq, Qarabağla bağlı həqiqətləri təbliğ edib işğal faktorunun nə dərəcədə təhlükəli amil olduğunu izah etmək lazımdır”

 

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri bu istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən maneələrin olmasıdır”.Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunub. N.Məmmədov bildirib: "Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir".

PA rəhbərinin müavini əlavə edib ki, situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır: "Burada müəyyən qədər qapalı dairə yaratmaq cəhdləri hiss olunur: Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq".

Novruz Məmmədovun bu açıqlamasında səsləndiyi kimi, doğrudan da Dağlıq Qarabağla bağlı həqiqətlərin təbliğində xaricdən maneələr çoxdur. Belə maneələri aradan qaldırmaq üçün isə başqa ölkələrdə yaşayan azərbaycanlılar da aktiv olmalıdırlar. Bu istiqamətdə tələbə və gənclərin rolu isə danılmazdır. Rumıniyada yaşayan və təhsil alan Kamran AllahverdiyevPalitraya verdiyi açıqlamada deyir ki, xaricdə yaşayan azərbaycanlılar bu istiqamətdə aktiv olsalar da, bunu qənaətbəxş hesab etmək olmaz. Konkret olaraq Rumıniyaya gəldikdə isə burada təbliğat işlərinin aparılması üçün, demək olar ki, heç bir maneələr yaradılmır: “Öncə onu deyim ki, Rumıniya siyasətçiləri və ümumilikdə cəmiyyətində Azərbaycana qarşı müsbət fikir formalaşıb. Bu mənada bizim torpaqlarımızın işğalı ilə bağlı burada təbliğati işlər aparanda daha effektli olur. Amma deməzdim ki, təbliğat işlərimiz bu ölkədə yüksək səviyyədədir. Görüləcək işlər çoxdur. Xaricdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğati işlərin aparılmasının müsbət tərəfləri çoxdur. Ümumiyyətlə, bu gün elə bir dönəmdə yaşayırıq ki, dünyanın dörd bir yanı, sözün həqiqi mənasında, od tutub yanır. Yəni münaqişələr çoxalır, müharibə ocaqları daha da alovlanır və bütün bunların fonunda həll olunmamış-dondurulmuş sayılan münaqişələr bir qədər ikinci plana keçir. Sanki insanların beynini təzələmək-onlara həll olunmamış, dondurulmuş, amma təhlükəli olan münaqişə ocaqlarını da yada salmaq lazım gəlir. Dağlıq Qarabağ münaqişəsi də elə bir problemdir ki, burada hansısa uydurma mübahisələr varsa, bu da yalnız işğalçı ölkənin üzərinə düşür. Yəni fikrimi belə izah edim ki, əgər bu gün hansısa rumına bu münaqişə haqqında danışanda o haqlı olduğuma inanması üçün əsaslı dəlil istəsə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini xatırlatmaq kifayət edir”.

Kamran Allahverdiyev deyir ki, bizim çox hiyləgər və çox təəssüf ki, dünyanın aparıcı dövlətlərindən böyük dəstək alan düşmənimiz var. Onun sözlərinə görə, bu istiqamətdə də təbliğati işlər aparmaq lazımdır ki, onlara dəstək verənlər müəyyən mənada ifşa olunsunlar: “Dağlıq Qarabağda törətmədikləri cinayətlər qalmadı. Bütün bu cinayətlərə göz yumub Dağlıq Qarabağda yaşayan hansısa erməni toplumunun hüquqlarını müdafiə etmək, Ermənistana təzyiqlər göstərməmək elə o cinayətlərə ortaq olmaq deməkdir. Mən, bəzən deyirəm ki, ABŞ, Fransa və bəzi ölkələrdə formalaşmış güclü erməni lobbisi bu münaqişənin ədalətli həllinin yubadılmasında nə qədər çox rol oynayırlarsa, bir o qədər də Xocalıda əli qana batan bugünkü Ermənistan rəhbərliyi rol oynayır. Bax bizim çətinliyimiz bundadır. Biz təkcə bir qrup siyasətçiyə, Ermənistan rəhbərliyinə qarşı mübarizə aparmırıq. Biz Ermənistan lobbisinə, onların təsiri altında olan əcnəbi siyasətçilərə qarşı da mübarizə aparırıq. Rumıniyada belə problemlər, demək olar ki, yoxdur. Burada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb. Görünür, bu səbəbdəndir ki, Azərbaycan da Rumıniyaya yüksək dəyər verir, burada bir sıra iqtisadi layihələr də həyata keçirib. Əks təqdirdə, düşünürəm ki, Rumıniya ilə soyuq münasibətlərimiz olardı”.

Kamran Allahverdiyevin sözlərinə görə, xaricdə Dağlıq Qarabağla bağlı görüləcək işlər hələ çoxdur: “Gənclər hər yerdə əsas qüvvə sayılırlar. Eləcə də xaricdə yaşayan, oxuyan gənclərimiz belə işlərdə daha aktiv olmalıdırlar. Təsəvvür edin, xarici universitetdə oxuyan bir tələbə bir neçə millətdən olan əcnəbi tələbə arasında əsaslı dəlillərlə bizim haqq işimizi təbliğ edib izah etsə, bu nə qədər bizim xeyrimizə olar. Əvvəllər belə imkanlarımız az idi. Xaricdə oxuyan tələbə ordumuz yox idi. Erməni diasporu da bundan səmərəli istifadə edirdi. Uzun illər lobbi fəalları yaşadıqları ölkələrdə Dağlıq Qarabağla bağlı əcnəbi tələbələr arasında yalançı təbliğat işləri aparırdılar ki, onlar da öz ölkələrinə dönəndə bu cür yalanları dilə gətirə bilsinlər. Azərbaycan artıq bu cür “basdırılmış minaları” son illərdə effektiv xarici siyasətlə zərərsizləşdirə bilir. Amma, yenə deyirəm, görüləcək işlər hələ çoxdur. Bildiyiniz kimi, mənim burada bir sıra siyasət adamları, yüksək məmurlarla da təmaslarım olur. Onlarla daim söhbət edərkən ən yaralı yerimiz olan işğal faktorunu da bu adamların diqqətinə çatdırıram. Hər dəfə də eyni reaksiyanı görürəm ki, Azərbaycanın haqq işini dəstəkləyirlər. Bundan başqa, media böyük gücdür. Xarici ölkələrdə tez-tez mediaya çıxmaq, Qarabağla bağlı həqiqətləri təbliğ edib işğal faktorunun nə dərəcədə təhlükəli amil olduğunu izah etmək lazımdır. Bunun üçün isə təkcə diplomat və ziyalılarımız işlər görməməlidir. Məncə, savadlı, yetənəkli tələbələrimiz kifayət qədərdir. Onlar oxuduqları ölkələrdə buna cəhd edə bilərlər. Yəni ən azından məqalələr yazıb media orqanlarına göndərmək olar”.

Müsahibimiz deyir ki, Prezident də dəfələrlə qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar aktiv olmalıdırlar və diaspor işlərini də düzgün şəkildə qurmaq lazımdır: “Mən bəzi əcnəbi xalqların diaspor təşkilatlarını müşahidə edirəm və onların necə aktiv olduqlarının şahidi oluram. Təəssüf ki, eyni halı bizdə müşahidə edə bilmirəm. Hələ ki, bu işdə çox da irəli gedə bilməmişik. Halbuki diasporumuz çox güclü olsa, indi Dağlıq Qarabağla bağlı başqa ölkələrdə təbliğati işlər də yüksək səviyyədə olardı, hətta bəzi ölkələrdə hər şeyi sıfırdan başlayıb izah etməyə də ehtiyac yaranmazdı. Bu gün əsas problemlərdən biri budur ki, Avropada qanlı səhnələri əks etdirən fotoya videolarla insanlar arasında təbliğat aparmaq çox çətindir. Yəni onlar bu gür səhnələri göstərənlərin özünə belə yaxşı baxmırlar və belə tədbirlərdən uzaq qaçırlar. Bu mənada Xocalı ilə bağlı haqq işimizin təbliğində bir qədər problemlər yaşana bilir. Düzdür Rumıniyada belə bir problem yoxdurbu ölkə Xocalı faciəsinə ən yüksək səviyyədə hörmətini nümayiş etdirib. Əvvəlki firkimə qayıdaraq deyim ki, əlimizdə kifayət qədər digər faktlar var ki, onları gündəmə gətirməklə nə qədər münaqişədən əziyyət çəkən bir ölkə olduğumuzu, soyqırımına məruz qaldığımızı göstərə bilərik. Bunu məlum qanlı fotolarsız, videogörüntülərsiz də edə bilərik. Mən, bəzən deyirəm ki, elə Sərkisyanın dilindən səslənən fikri də əlimizdə bayraq etsək, bu bəs edər. Xatırlayırsınızsa, o, Xocalı soyqırımında əlinin olmasını dolayısı ilə etiraf etmişdi. Yəni müharibədə əli qana batan bir rəhbərin münaqişənin həllində nə dərəcədə obyektiv olacağına inanmaq da çətindir. Bu gün dünyada belə aqressiv liderlərin çoxalması səbəbindən münaqişə ocaqları da çoxalıb. Biz isə bu müharibələrdən hələ 24 -25 il əvvəl əziyyət çəkməyə başlamışıq. Bəzən rumınlara izah edirəm ki, işğal olunmuş ərazilər bu gün Azərbaycanın nəzarətində olmadığı üçün buradan narkotranzit kimi istifadə edilir. Bu isə Avropa, elə Rumıniya üçünböyük təhlükədir. Bununla bağlı dəfələrlə sanballı media orqanlarında yazıların, xəbərdarlıqların getməsini də göstərirəm. Onlar belə faktların olduğunu eşitmədiklərini və təəssüf hissi keçirdiklərini deyirlər. Yəni münaqişənin təkcə Azərbaycana, regiona deyil, ümumilikdə Avropaya da bir neçə istiqamətdə mənfi təsir etdiyini, təhlükə yaratdığını izah etmək, təbliğat aparmaq lazımdır. Qısası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror və soyqırımı aktları qondarma erməni soyqırımı iddialarının ifşası və digər əsas problemimizə aid məsələlərdə xaricdə yaşayan soydaşlarımızın üzərinə xüsusi vəzifələr düşür. Xaricdə yaşayan hər bir azərbaycanlı da çalışıb bu vəzifəsinin öhdəsindən gəlməli, təbliğati işlərdə öz töhfəsini verməlidir”.

 

Tural Tağıyev

Palitra.-2017.-21 aprel.-S.11.