Hər insan şair ola bilməz

 

Ədəbiyyat həyat fəlsəfəsinin, ilahi və insani duyğuların cəmləşdiyi məkandır. İnsan özünün, dünya və ilahi varlığın dərkini burada anlayır. Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir. Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Bədii aləm insan ömrünü uzadan, sağlam edən ilahi nemətdir. Bədii ədəbiyyatla tanış olmayan, oxuyub sevməyən insan kasıb və məğlubdur. O ürəkdən gələn elmdir. Ürəklə qidalanır və oradan bulaq kimi süzülür. Bədii aləm ürəklə yaşayır, dayanması ilə də sona yetir. Küləyin səsini, suyun şırıltısını, ildırımın çaxmasını və s. təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyatdır.

Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Daxilində böyük söz xəzinəsi olan insandır. Şairlərə İlahidən bir qüvvə verilir. Bu qüvvə onlara ilham, həvəs verərək ümidlər yaradır. Şair olmaq asan deyil. Bu sənət böyük sənətdir. Hər insan şair ola bilməz. Mən bir oxucu kimi, şairləri sonsuz bir çoxluq kimi görürəm. Hansı ki, o çoxluq tükənmir. Şairdə də bunu belə təsəvvür edirəm. Onlar yazdıqca yaradırlar. Şairi böyük bir rəssama bənzədirəm. Rəssam hansısa bir gözəlliyi görür və onu cansız təsvir edir. Şair gözəlliyi görür və onu sözlə canlandırır. Gözlə görünən gözəllik daha ifadəli olur, daha cəlbedici xarakter daşıyır. Çünki onu bir şair canlandırır. Biz düşünürük, amma heç nəyi qələmə almırıq. Ancaq şair düşünür və bunu qələmə alır. Şairi bir müəllimə də bənzədirəm. Çünki qarşısındakı şagirdi, tələbəni müəllimdən daha yaxşı heç kim tanıya bilməz. Şairlikdə belədir. Əgər insanda şairlik ruhu varsa, ətraf mühiti ondan yaxşı heç kim dərk edib qələmə ala bilməz. Onun daxilini, xaricini yalnız şair ruhu canlandıra bilər.

Poeziya insanı, təbiəti, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Bu sevgi hardan qaynaqlanır? Poeziya öz qüdrətini torpaqdan, qandanmı alır? Bu suallar hələ də mübahizə obyektidir. Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi və s. kimi duyğular insanı yazmağa səsləyir.

Başında qartallar uçan, bulaqları qaynayan, buludlara söykənən uca zirvəli Tovuz mahalı bədii aləmdə öz yeri ilə seçilir. Bu bulaqdan su içən, güllərini qoxlayan, dağlarında gəzən insanlar necə söz qoşmasın?! Aşıqların bulaqlar başında büllur səsi, dastanları şairlərin ilham qaynağı olmuş və onları poeziya aləmində yazıb-yaratmağa vadar etmişdir. Tovuz rayonu sözün, ələlxüsus ozan-aşıq sənətinin yurdu, məskəni və yaşadığı bir coğrafiyadır. Burada bir sıra tanınmış aşıq və şairlər yetişmiş və xalq içərisində sevilərək xalq sənətkarlarına çevrilmişlər. Tovuzun ötən əsrin ortalarından başlanan fəal ədəbii mühiti olduqca rəngarəng inkişaf etmiş və gözəl qələm ustadları yetişmişdir. Həmin mühitin təsirində olan insanlar çoxlu əsərlər yazaraq Tovuz ədəbi mühitini daha da zənginləşdiriblər.

Ayla gecə, Günəşlə gündüz, bülbüllə gül qovuşduğu kimi, söz də öz qiymətinə ədəbiyyatda qovuşur. Ana ilə balanı, gecə ilə gündüzü, yerlə göyü ayırmaq mümkün olmadığı kimi, sözü də ədəbiyyatdan ayırmaq olmaz. Çünki ədəbiyyat söz üzərində bərqərar olub. Qiymətli söz, yazarı əbədiləşdirir. Bu isə hər yazara qismət olmur.

Göylərdə ulduzların sayı bilinmədiyi kimi, xalqımızın yetirdiyi şairlərin sayı da bilinmir. Hər bölgəmizdə, rayonumuzda, kəndimizdə ürəyi sözlə dolu neçə-neçə şair var. Tarix bizə şairə dünyasını dəyişdikdən sonra qiymət verməyi tövsiyə edir. Məqaləmizdə Tovuz rayonu Əyyublu kəndində yaşayan şair Vaqif Əlioğlunun (Vaqif Sadıqov) yaradıcılığına üz tutacağıq. Şair Vaqif Əlioğlunun yaşadığı rayon və kənddə şairin şeirlərinə müraciət edən, maraqla oxuyan insanlar var. Gəlin, şairin sənətinə aid yazdığı aşağıdakı şeirə diqqət yetirək:

Mən nə Bəxtiyaram, nə Baba Pünhan,

Nə Hüseyn Arifəm, nə də Zəlimxan,

Nə Səməd Vurğunam, nə Məmməd Araz,

Tutmuşam əlimdə doqquz telli saz.

Mənə “şair” deyib, güldürmə məni,

Yazıram qəlbimi yeyib didəni,

Sabirin dilində gördüklərimi,

Necə ki görürəm o qaydada mən,

Azəri türkünə ərz eyləyirəm.

Vaqif Əlioğlu şairlik kimi ilahi bir vergi ilə yanaşı, çox yaxşı saz ifaçılıq qabiliyyətinə də malikdir. Çox maraqlıdır ki, saz ifaçılığını öz üzərində çalışaraq öyrənib. Onun saz ifalarına kənd toylarında qulaq asan insanlar, sözün əsl mənasında, heyran qalırlar. Şairin saz haqqında yazdığı şeirinə nəzər salaq:

Həm yayım, payızım, həm qışım, yazım,

Həm dəmim, həm qəmim, həm xoş avazım,

Köynəkdən çıxanda a telli sazım,

Ömürlük yadlara həkk olmuş adı,

Şairlərin tacı, sər ustadı,

Ölməz Vurğunumdan kəlamlar söylə,

Azəri türkünə salamlar söylə.

Bismillahla yad et sən Ələsgəri,

Şəmşiri, Bəhməni, Sinədəftəri,

Azaflını, Kamandarı, Əkbəri,

Onlar olsun qoy dilinin əzbəri,

Layiqsiz tərifdən həmişə gen qaç,

Hər yerdə Əkbərdən, Xanlardan söz aç,

Yanıq Kərəminlə aləmə nur saç,

Zəlimxanım, Ədalətim var söylə,

Azəri türkünə salamlar söylə.

Şairin bir neçə şeiri daha çox oxucu auditoriyasını tapıb. Masabəylərin dillərində əzbər olan şeirlərindən biri də “Tovuzum” şeiridir. Bu şeirin kənd camaatının və masabəylərin dillərində səsləndiyini şəxsən özüm eşitmişəm. “Tovuzum” şeiri bir oxucu kimi, məni də özünə cəlb edir və əzbərdən bilirəm.

Tovuzum

Cənnət güşəsinə bənzər Tovuzum,

Qocasına, körpəsinə qurbanam,

Hec bir yerdə bərabəri olmayan,

Yüz nemətli süfrəsinə qurbanam.

 

Yayda qalx sən Şah dağının belinə,

Ordan tamaşa et Tovuz elinə,

Ölməz Xanlarımın sarı telinə,

İsmayılın ləhcəsinə qurbanam.

 

Seyrə çıxın, göyənlikdə dayanın,

Səhər çağı gül ətrinə boyanın,

Qartallı, kəklikli Haça qayanın,

Gül-çiçəkli sinəsinə qurbanam.

 

Aşıq Əkbərimin cəlilisinə,

Büllur bulaq kimi qaynar səsinə,

Ayə tək yayılmış Yer kürəsinə,

Azaflımın kəlməsinə qurbanam.

İndi Vaqif Əlioğlunun yaradıcılığını araşdırarkən bir maraqlı şeir məni özünə cəlb elədi. Şair dostu, xalq şairi Zəlimxan Yaquba yazdığı şeirini əziz oxucuya təqdim edirik.

Dözümlüyük, dözəcəyik birtəhər,

Qoltuğmuzda papaq, alnımızda tər,

Ay Zəlimxan, düz 5 ildir sərbəsər,

Yolun gözləyirik hər axşam-səhər,

Utandıq yanında qohumun, yadın,

Əziz şair niyə gəlib çixmadın?

 

Vaxt tapıb yad edə bilməsən əyər,

Çopur Ələsgərin xətrinə dəyər,

Vədəsinə düz çıxmadı söyləyər,

Ünvanına sənin kimi ustadın,

Harda qaldın, niyə gəlib çixmadın?

 

İstər zimistanda, ya baharda gəl,

Yağışda, boranda, istər qarda gəl,

Saxlama Vaqifi intizarda, gəl,

Vallah yadımızdan çıxmayır adın,

Əziz şair niyə gəlib çıxmadın?

Vaqif Əlioğlu tanınmış şair İsa Cavadoğlunun bir neçə şeirinə nəzirə yazmışdır. Biz bu məqaləmizdə bunlardan birini və İsa Cavadoğlunun şairə yazdığı cavab şeirini əziz oxucuya təqdim edirik.

Ay usta

(İsa Cavadoğlunun

“Mən olum” şeirinə nəzirə)

Oğrun baxışlıya yaxınlaşdım mən,

Gülümsəyib tərs-tərs üzümə baxdı.

Dedi: Cavanlıqmı keçir qəlbindən,

Nə hala qalmısan bu qoca vaxtı?

Doğrudanmı, qocalmışıq, ay usta?

Doğrudanmı, qocalmışıq, ay şair?

 

Göynətdi qəlbimi o günü qara,

Yanar ürək hara, qocalıq hara?!

Yetişməmiş altmışıncı bahara

Doğrudanmı, qocalmışıq ay usta?!

Doğrudanmı, qocalmışıq, ay şair?!

 

Karvan asta gedir, mənzil azalmış,

Nə tez aldı üstümüzü qarlı qış.

Oğrun baxışlardan bir həzz almamış

Doğrudanmı, qocalmışıq ay usta?

Doğrudanmı, qocalmışıq ay şair?!

 

Uzanmamış incə belə əlimiz,

Toxunmamış şirin ləbə dilimiz,

Nə yatdıq ki, nə də yuxu görək biz,

Doğrudanmı, qocalmışıq ay usta?

Doğrudanmı, qocalmışıq ay şair?!

 

Ömrün yayı keçdi, azalıb payız,

Yavaş-yavaş bezir külfət, oğul-qız,

Bizə “dayı” deyir yaşıdlarımız,

Doğrudanmı, qocalmışıq ay usta?

Doğrudanmı, qocalmışıq ay şair?!

 

Yönüm qibləyədər, əllər yuxarı,

Yalvarıram möhlət verəydi barı,

Sonuncu arzumdur, nəvə toyları,

Görmək qismət olacaqmı ay usta?!

Doğrudanmı, qocalmışıq ay şair?

 

Qocalıq

(Vaqif Sadıqova cavab)

Sən cavansan, Vaqif, mənə baxanda,

Aralıdır səndən hələ qocalıq.

Kim etməyib, qardaş, ondan şikayət,

Üzür canı gilə-gilə qocalıq.

 

Qocaların nə qəmlisi, nə şəni?

Xəzan olub gül bağçası, gülşəni.

Ürəkdəki xoş duyğunu, nəşəni

Döndəribdi qara yelə qocalıq.

 

Dost deyil ki, inciyəsən, küsəsən,

Düşmən deyil, nəfəsini kəsəsən,

Bir iş görmək isdədikdə, ayə, sən,

Badaq vurur gülə-gülə qocalıq.

 

Təbiətin gərdişinə yox çara,

Bu sində sevgi hara, eşq hara?

Meyl eliyər nəsihətə, yumora,

Güc veribdi ancaq dilə qocalıq.

 

Şairlərə hər zaman cəmiyyətdə hörmət olmalıdır. Onlar dünyanı tez duyan, anlayan və müdrik insanlarıdırlar. Dünyamız onların şeirləri ilə bəzənir və çiçəklənir.

Həyat insana sevinc yox, qəm verir. İnsan dünyaya qəm, kədər çəkməyə gəlib. Bizlərin işi sanki qəm yükünü daşımaqdır. Ağlımız kəsən gündən insan dərdlə yoldaş olur. Bu yoldaşlıq uzunmüddətlidir. Daha doğrusu, qəbrə qədər bizi izləyir. Niyə bu yükləri çəkməliyik? Bunun məqsədi nədir? Hələ cavabı bilinməz olaraq qalır. Amma bu insanların çoxu şairdir. Onlar dərdlə, qəmlə, kədərlə yoldaş olurlar.

 

Mahmud Əyyub

Palitra.-2017.-22 aprel.-S.15.