“Mollanəsrəddinçilərin maarifçilik ideyaları”

 

XX əsrin əvvəlləri Azərbaycan ictimai pedaqoji fikir tarixində yeni mərhələdir. XIX əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda yaranan yeni tipli məktəblər tamam fərqli günyagörüşə malik ziyalı nəslinin yetişməsində mühüm rol oynadı. Milli ziyalılar yeni məktəbləri milli şüur təliminin müqəddəs idealı hesab edirdilər. Onlar yaxşı bilirdilər ki, orta əsrlərdə Azərbaycanda elmin, təhsilin, maarifin inkişafında çox böyük tarixi rol oynayan köhnə məktəb və mədrəsə yeni maarifçiliyin ideya və təşkilati mərkəzi, hərəkat və fəaliyyət orqanı ola bilməz. Odur ki, maarifçilərin ən böyük arzusu onu dəyişmək, yeni dövr məktəbinə çevirmək, milli məktəb, milli dərslik, milli tərbiyə problemlərini həll etmək idi. Bu problemlərın həllində mollanəsrəddinçilər mühüm rol oynayırdı. Bu səbəbdən də pedaqoji tədqiqatlarda “Molla Nəsrəddin” jurnalının Azərbaycan təhsil və pedaqoji fikir tarixinini inkişafındakı polu ilə bağlı müəyyən araşdırmalar aparılmışdır. Lakin problemə kompleks baxış həyata keçirilməmiş, mollanəsrəddinçilərin maarifçilik ideyaları sistemli şəkildə, dövrün ictimai-siyasi, elmi-mədəni və pedaqoji fikri kontekstində araşdırılmamışdır.

Bu baxımdan Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Kamal Camalovun “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” adlı monoqrafiyası maraq doğrurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Çoz zəngin mündəricata, struktura və məzmuna malik monoqrafiya 3 fəsil, 9 yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” adlanan birinci fəsildə XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin yeni istiqamətdə inkişafında “Molla Nəsəddin” jurnalının və mollanəsrəddinçilərin rolu müəyyənləşdirilmiş, problemlə bağlı mövcud elmi-pedaqoji ədəbiyyat araşdırılmış, müqayisəli təhlillər aparılmış, elmi ədəbiyyata tənqidi münasibət bildirilmişdir. Əsaslandırılmışdır ki, mollanəsrəddinçilər “Molla Nəsrəddin” jurnalının səhifələrində və digər mətbuat orqanlarında Azərbayan xalqını cəhalətdə saxlamağa çalışan, insan donunda iblis, şeytan olan bir qurup yalançı ruhaniləri, Rusiya imperiyasının ruslaşdırma və xristianlaşdırma siyasətini, Şura hökumətinin milli-mənəvi dəyərlərə qarşı hücumunu ifşa edən felyeton, satirik şeir və məqalələr nəşr etdirmişlər. Mollanəsrəddinçilər xalqın milli şüurunun aşağı səviyyədə olmasının səbəblərini göstərməklə yanaşı, nicat yolunu da müəyyənləşdirirdilər. Molla Nəsrəddin” məktəbinin nümayəndələri Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Qurbanəli Şərifzadə, Əli Nəzmi və başqaları xurafatı, mövhumatı, mistik əqidələri tənqid etməklə yanaşı, yalançı din xadimlərini, avam camaatın müqəddəs sandığı axund, şeyx və seyidlərin də rəzil və iyrənc simasını açıb göstərmişlər. Onlar üzünü mürgüdə olan bütün Şərq dünyasına tutaraq qaranlıq mühitdə, ictimai sarsıntılar və məişət dramları içərisində yaşayan xalqın ağrı və iztirablarını duymuşbu gördüklərini öz əsərlərində əbədiləşdirmək üçün solmayan satira boyaları tapmışlar. Ən mühüm cəhət də budur ki, mollanəsrəddinçilər el məşəqqətlərini təsvir edərkən xalqın işıqlı gələcəyinə daim inanmışlar. Həm də yalnız öz doğma vətənlərinin deyil, irticanın daha çox tüğyan etdiyi başqa xarici ölkələrdə -Türkiyə, Hindistan, Əfqanıstan, Orta AsiyaQafqaz, başqırd, tatar, uyğurRusiya müsəlmanları xalqlarının acı taleyini göstərərək onların da parlaq istiqbalına inam bəsləmişlər. Maarifçilərin bu ideyaları monoqrafiyada müqayisəli şəkildə geniş təhlil edilmiş, ciddi elmi ümumiləşdirmələr aparılmışdır.

Monoqrafiyanın “Təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə mollanəsrəddinçilərin rolu” adlı ikinci fəslində məktəb, teatrmilli mətbuatın inkişafında mollanəsrəddinçilərin fəaliyyəti müəyyənləşdirilmiş, milli mətbuatın yaranmasını şərtləndirən ictimai-mədəni şərait səciyyələndirilmiş, “Molla Nəsrəddin” jurnalının nəşrinə kimi milli mətbuat nümunələrində təhsil-tərbiyə məsələlərinin qoyuluşuna toxunulmuş, demokratik maarifçi ideyaların inkişafında “Molla Nəsrəddin” jurnalının oynadığı rol açıqlanmışdır. Əsaslandırılmışdır ki, hər bir xalqın özünəməxsusluğunun ən mühüm atributu onun dilidir. “Molla Nəsrəddin” jurnalı doğma ana dilinin saflığı və təbliği uğrunda fəal mübarizə aparmışdır. Tədqiqatçı milli maarifçilərimizin bu sahədəki fədakarlığını önə çəkmiş, onların dilin təmizliyi, saflığı uğrunda mübarizəsini, təlimin ana dilində aparılması ideyasının zəruriliyini konkret faktlarla əsaslandırmışdır. Molla Nəsrəddin” jurnalında millətə milli mənlik şüuru aşılamaq, mənəvi dirilik dərsi keçmək üçün təlimin ana dilində aparılması geniş surətdə təbliğ edilmiş, ana dilinin tədrisi bütün təlim işinin mərkəzinə qoyulmuşdu.

Mollanəsrəddinçilərin təhsilin demokratikləşdirilməsi uğrunda mübarizəsinin detalları da monoqrafiyada ətraflı izah edilmiş, onların təhsilin məzmunun dünyəviləşdirilməsi, təlim metodlarının yeniləşdirilməsi, təlimin ümuni, icbari və məccani xarakter daşıması ilə bağlı ideyaları müasirlik baxımından təhlil və tədqiq edilmişdir. XX əsrin əvvəllərində çar Rusiyasında ictimai-siyasi vəziyyətin kəskin dəyişməsi nəticəsində maarifçilərimiz milli ideologiyanın gerçəkləşdirilməsi məqsədi ilə yeni mətbuat nümunələri və ictimai-siyasi qurumlar (partiyalar) və cəmiyyətlər yaratdılar. Maarifçilər bir mənalı olaraq dərk etdilər ki, millətə əlifba öyrətmətlə onları azadlığa qovuşdurmaq olmaz, ona siyasi savad, əxlaq, hüquq, mücadilə və mübarizə dərsi keçmək lazımdır. Bu konsepsiyanı həm füyüzatçılar, həm də mollanəsrəddinçilər ürəkdən dəstəkləyir, jurnal səhifələrində bu ideyanı təbliğ etməklə yanaşı, əməli fəaliyyətlərində həyata keçirməyə çalışırdılar.

Monoqrafiyada diqqəti cəlb edən digər bir məsələ böyüyən nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin nəzəri və praktik məsələləri ilə bağlı mollanəsrəddinçilərin ideya, baxış və görüşlərinin sistemli şəkildə araşdırılmasıdır. Tədqiqatçı bu məqsədlə mollanəsrəddinçilərin bədii və pedaqoji irsini təhlil etmiş, şeir, hekayə, məqalə və felyetonlarını araşdırmış, tərbiyənin məqsədi, məzmunu, prinsip və üsulları ilə bağlı ideyalarını müasirlik müstəvisində tədqiq etmişdir. Tədqiqatda uşaqların vətənə, milli dəyərlərə, adət və ənənələrə hörmət və məhəbbət ruhunda böyüdülməsi, onlara mədəni vərdişlərin, müsbət əxlaq normalarının aşılanması, onların əqli, əxlaqı, ruhifiziki inkişafına ic-timai və mədəni inkişaf baxımından yanaşılması mollanəsrəddinçilərin ən böyük arzularından biri olduğu əsaslandırılmışdır.

Mollanəsrəddinçilərin dövrün tələbindən geri qalan tərbiyə sistemisxolastik təlim –tərbiyə metodları ilə bağlı tənqidi fikirlərinə monoqrafiyada elmi münasibət bildirilmişdir.

“Mollanəsrəddinçilərin şəxsiyyət tərbiyəsi haqqında ideyaları” adlı üçüncü fəsildə mollanəsrəddinçilərin səxsiyyətin tərbiyəsi ilə bağlı nəzəri fikirləri təhlil edilir, irsiyyət, mühit və tərbiyənin şəxsiyyətin inkişafındakı yerirolu müəyyənləşdirilir, mənəvi-əxlaqi kamilliyə çağırış notları qabardılır. Son fəsildə mollanəsrəddinçilərin qadınların təhsili, ailə-övlad tərbiyəsi, yetişən nəslin təhsil vasitəsi ilə əxlaqının saflaşdırılması, mənəvi keyfiyyətlərinin yetkinləşdirilməsi ilə bağlı fikirlərləri də tədqiqat predmetinə çevrilmişdir.

Kamal Camalovun elmi-nəzəri və praktik cəhətdən mühüm əhəmiyyət kəsb edən “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” monoqrafiyası Azərbaycan təhsil və pedaqoji fikir tarixinə dəyərli töhfədir.

 

Fərrux Rüstəmov,

ADPU-nun ibtidai təhsil fakültəsinin

dekanı, Əməkdar elm xadimi,

pedaqoji elmlər doktoru, professor,

 

Palitra.-2017.-25 aprel.-S.13.