“Azərbaycanı xaricdə musiqimizlə tanıdıram”

 

Azərbaycan musiqisinin xaricdə tanınması milli diasporun fəaliyyətinə əhəmiyyətli dəstəkdir. Əslində, bu, elə diaspor işidir. Müsahibimiz tanınmış orqan ifaçısı Cəmilə Cavadova-SpitsberqABŞ-da bu baxımdan fəaliyyəti ilə seçilir. Qeyd edək ki, Cəmilə Cavadova-Spitsberq Bakıda dünyaya göz açıb. O, Bülbül adına orta ixtisas musiqi məktəbini, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını orqan ifaçılığı və musiqi nəzəriyyəsi ixtisasları üzrə bitirib. Hər iki ixtisası professor Tahirə Yaqubovanın sinfində öyrənib. 2001-ci ildən ABŞ-da yaşayır. Hazırda ABŞ-ın Texas ştatının Dallas şəhərində universitetdə dərs deyir, həmçinin hər bazar günü kilsədə dini ayinlər keçirilərkən orqanda müşayiət edir. Ailəlidir, həyat yoldaşı amerikalıdır. Atom enerjisi sahəsində ixtisaslaşmış fizika elmlər doktorudur.

-Necə oldu ki, xaricə üz tutmalı oldunuz?

-Sovet İttifaqı dağılandan sonra məndə belə bir imkan yarandı ki, Avropaya gedib orqan ifaçılığı üzrə müsabiqədə çıxış edim. 1992-ci ildə mən Danimarkanın Odense şəhərində keçirilən müsabiqədə iştirak etdim. Orda mən dünyanın çox məşhur orqanistləri ilə tanış oldum. Onlar hər zaman mənə deyirdilər ki, musiqi nöqteyi-nəzərindən çox inkişaf etmişəm və həmçinin tövsiyə edirdilər ki, orqan alətinin texnikasını Avropada öyrənim. Bu arzunun yoluna düşdüm. 1995-ci ildə Bəhreynin Manama şəhərində klassik musiqi institutunda dərs dedim. Nəhayət, 1997-2001-ci illərdə Hollandiyada təhsil aldım. Bundan sonra ABŞ-a yollandım və orada orqan ifaçılığı üzrə doktorluğu bitirdim.

-Bir neçə ölkədə yaşayıbsız. Bu müddətdə Azərbaycanı hansı formada tanıdıbsız?

- Azərbaycanı xaricdə musiqimizlə tanıdıram. Bu mənim ixtisasımdır. Mən Azərbaycan musiqisinin sanki xaricdə carçısıyam. Harada olmuşamsa, Azərbaycan musiqisini təbliğ etmişəm.

-Ümumiyyətlə, diaspor işində musiqi ilə təbliğatın nə kimi özəlliyi var?

- Mənə elə gəlir ki, diaspor işində musiqinin gücü siyasətdən daha da mükəmməldir. Çünki musiqinin dili universal dildir. Musiqinin sədaları insana mənəvi olaraq rahatlıq gətirir. Musiqi dili ümumbəşəri dil olduğuna görə, bu dildə ünsiyyətə çox asanlıqla girirlər. Musiqi insanının emosiyalarını oxşayır. Hər bir insanda bu hislər var. Yəni musiqinin dili çox sevinclə qarşılanır. Ölkələrlə bundan da böyük diplomatik əlaqə ola bilməz. Ən rahatı, ən qəbul olunanı, ən seviləni də elə budur.

-Amerikalıların bizim klassiklərin musiqilərinə marağı necədir?

- Bilirsiz, azərbaycanlıların Amerikaya axını ötən əsrin 90-cı illərindən başlayıb. Məhz bundan sonra Azərbaycan musiqisi ABŞ-da tanınmağa başlayıb. Düzdür, 1961-ci ildə Qara Qarayevin əsərləri Los-Ancelesdə ifa olunub. Amma o zaman Azərbaycan Sovet İttifaqının tərkibindəki respublika kimi tanınırdı. Ona görə deyirəm ki, son 30 ildə ABŞ-da milli diasporun fəaliyyəti gücləndikcə musiqimiz də təbliğ edilir.

Son iki ildir mən Qara Qarayevin yaradıcılığı, əsərlərinin çapı ilə maraqlanıram. Gələcəkdə ABŞ-da Qara Qarayevin əsərlərini çap etmək istəyirəm. Amma bundan əvvəl onun musiqisini tanıtmaq və sevdirmək lazımdır. Bu istiqamətdə də mən işlər görürəm.

- Bildiyimiz kimi, bu günlərdə Qara Qarayevin əsrləri ibarət hazırladığınız diskin təqdimatı oldu. Necə oldu ki, bu layihəyə başlamaq qərarı verdiniz?

- Öncə qeyd edim ki, dünya şöhrətli bəstəkarın əsərlərinin orqan üçün işləmələrini ilk dəfə Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubova hazırlayıb. Bu addım məni ilhamlandırdı və yeni bir ideyanın yaranmasına şərait yaratdı. Beləcə, mən dahi bəstəkarın əsərlərinin orqan üçün işləmələrindən ibarət CD-nin hazırlanması üçün mədəniyyət və turizm naziri ƏbülfəsQarayevə məktubla müraciət etdim. Yeri gəlmişkən, cənab nazirə layihəyə dəstək verdiyi üçün minnətdarlığımı bildirirəm.

Bu layihə Niderland Krallığının Rottendam şəhərindəki St.Laurens kilsəsində reallaşdırılıb. Diskə 23 musiqi nümunəsi daxil edilib. Bunlardan 15-i prelüd, digərləri isə “Tsarskoyeselo heykəli”, “Don Kixotsimfonik qravürləri, “İldırımlı yollarla” baletindən “Lay-lay” və “Ehtiraslı qızın rəqsi”, “Yeddi gözəl” baletindən valsbaşqa əsərlərdən parçalardır. İnanıram ki, bu əsərlər Qara Qarayev musiqisinin orqan aləti sahəsində boşluğuna öz töhfəsinə verəcək.

Bir məsələni də qeyd edim ki, bu yaxınlarda ABŞ-ın “TheAmericanOrganist” və İngiltərənin “Choir and Organ” jurnallarında bu CD ilə bağlı həm anons, həm də 1/4 səhifə reklam veriləcək.

-ABŞ-dakı diaspor üzvləri ilə nə dərəcədə əməkdaşlıq edirsiz?

- Dallasda azərbaycanlıların sayı çox azdır. Amma Texas ştatının Hyuston şəhərində milli diasporun fəaliyyəti daha aktivdir. Bilirsiniz ki, orda Hyuston-BakıQardaşlaşmış Şəhərlər Assosiasiyasının, eyni zamanda Azərbaycan Mərkəzinin sədri İradə Axundova çox fəaldır. Mən onunla sıx əməkdaşlıq edirəm.

Ötən il biz Müstəqillik Günü ilə bağlı böyük bir tədbir keçirdik. Həmin tədbirdə mən orqanda Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdim.

-Siz dediniz ki, kilsədə orqanda musiqilər ifa edirsiz. Bu zaman olurmu ki, Azərbaycan klassiklərinin də əsərlərini səsləndirəsiz?

- Əlbəttə. Çünki o ayinlərdə mənim öz seçimim var. Mən Qara Qarayevin bütün əsərlərini, eləcə də bəstəkar Vasif Adıgözəlovun əsərlərini orada ifa etmişəm. Onlar Qara Qarayevi çox gözəl tanıyırlar.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-9 fevral.-S.7.