Gülçülüyün inkişafı çiçək, gül yağı, kosmetika ixracını təmin edə bilər

 

Bakıda və bölgələrdə gülçülüyün inkişafından həm ölkəmiz, həm də sahibkarlar gəlir əldə edə bilər

 

İnsanların ən çox sevdiyi, buna görə də bir-birinə hədiyyə etdiyi gül, həm də toy, nişan mərasimlərində istifadə edilir. Eləcə də güldən dekorasiya məqsədilə geniş çeşiddə yararlanırlar. Bu gün ölkədə yeni salınan və yaxud abadlaşdırılan parklarda müxtəlif gül növlərindən istifadə edilir. Eyni zamanda bu da bir faktdır ki, çiçək artıq, sadəcə, bəzək deyil, qazanc gətirən bir təsərrüfat fəaliyyəti kimi iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Ölkəmizdə gülçülüyün inkişafının vacib olduğunu deyən ölkə başçısı bildirib ki, müasir texnologiyalar əsasında fəaliyyət göstərən istixanalar yaratmalıyıq: “Bu istixanalarda həm faraş tərəvəz yetişdirilə, həm gülçülük inkişaf etdirilə bilər. Bu, Bakı qəsəbələri üçün, demək olar ki, ənənəvi bir sahədir. Bunu biz daha da gücləndirməliyik. Hazırda Bakıda və başqa yerlərdə müasir texnologiyalarla işləyən istixanalar var və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu prosesə daha da böyük təkan verilməlidir”.

 

Hollandiyanın çiçək satışından illik ixracı 4,5 milyard dollardan çoxdur

Dünyada bəzək bitkiləri sektoru ümumilikdə 38 milyard dollarlıq bir ticarət həcminə malikdir. Bu sektorda 20 milyard dollar ixrac, 18 milyard dollarlıq idxal edilir. Bu gün Hollandiyanın çiçək satışından illik ixracı 4,5 milyard dollardan çoxdur. Türkiyə, dünya ümumi bəzək bitkiləri ixracatında 23-cü sırada yer alır. Avropa qitəsində təxminən 12 min fərqli bitki növü yetişdiyi halda, Türkiyənin təkbaşına flora müxtəlifliyi 11 min 500 ətrafındadır. Bunun 3 mindən çoxu endemik növdür. Rusiyaya, Körfəz ölkələrinə bəzək bitkiləri ehtiyacının böyük qismini Hollandiya, İtaliya kimi ölkələr ödəyir. Dünyada satış çiçəkləri başda olmaq üzrə bəzək bitkiləri ixracatı həyata keçirən ölkələrə baxdığımızda ilk sırada Hollandiya gəlir. İxracat bazarında digər əsas iştirakçılar arasında Kolumbiya, Ekvador, Keniya, Efiopiya, Almaniyaİtaliya kimi ölkələr yer alır.

Amma burada bir məsələyə diqqət yetirmək lazımdır. Afrika ölkələrinin ixrac siyahısında öndə yer almasının səbəblərindən biri başda Hollandiya olmaq üzrə Avropa ölkələrinin Afrika torpaqlarından istehsal və nəqliyyat baxımından baza kimi istifadə etməsi ilə bağlıdır. Yəni bəzək bitkiləri bazarının əsas hakimi Avropa ölkələridir. Hollandiya, İtaliya kimi bu sahədə əhəmiyyətli pay əldə edən ölkələrə baxıldığında bu nəticə çıxır ki, bu işdən pul qazanmaq üçün istehsalçının planlı, məhsuldar və keyfiyyətli bir istehsal modeli yaratması lazımdır. Bunun yolu da aktiv şəkildə təşkilatlanmadan keçir.

Ümumiyyətlə, dünyada bir çox ölkə çiçəkdən qazanc əldə edir. Məsələn, Afrika ölkələri aclıqdan, Cənubi Amerikada Kolumbiya narkotika ticarətindən məhz çiçək yetişdirib satmaqla xilas olmağa çalışır. Kolumbiyanın illik çiçək satışından əldə etdiyi gəlir 500 milyon dolları keçir. İsrail isə bu sahədən 200 milyon dollar gəlir əldə edir. Latın Amerikası ölkələrinin çiçək istehsalı çox sürətlə inkişaf edir ki, burada iqlim şəraitinin əlverişli olması, xarici sərmayə və texnologiya bölgənin həm ABŞ-a, həm də AB-yə ixrac potensialını artırır. Bölgədə bu sahədə ən ixracatçı ölkə KolumbiyaEkvadordur. Afrika çiçək istehsalında bütün professional istehsalçı ölkələrə rəqibdir. Hazırda Keniya, Afrikadakı ən önəmli çiçək istehsalçısıdır. Keniyadan sonrakı yerlərdə Zimbabve, Mərakeş, Cənubi Afrika Respublikası yer alır. Eləcə də Zambiya, TanzaniyaUqanda bu istiqamətdə fəaliyyətini genişləndirir.

 

Dünyada sənayeyönümlü gülçülükinkişaf etdirilir

Asiya bölgəsində ən önəmli istehsalçı ölkələr isə Yaponiya, İsrail, Hindistan, Malayziya, KoreyaÇindir. Dünyada 50 ölkədə çiçək istehsal olunur. Onu da qeyd edək ki, Avropa ölkələrinin çiçək ticarətində supermarketlərin rolu getdikcə artmaqdadır. Onu da qeyd edək ki, bir sıra dünya ölkələrində sənayeyönümlü gülçülükinkişaf etdirilir. Dünya bazarlarında gül yağına da tələbat hər il artmaqdadır. Dünya bazarlarında gül yağının bir kq. qiyməti 5 min-6 min 500 avro arasındadır. Dünyada sırf bu məqsədlə mühüm layihələr həyata keçirilir. Bunlar, əsasən, “Kosmetika vadisi” adı verilən layihələrdir ki, məsələn, Fransanın Grasse adlanan qəsəbəsində belə bir layihə reallaşdırılıb. Burada gül yağı əldə etmək məqsədilə müxtəlif güllər becərilir. Ən məşhur markaların ətir formaları bu evlərdə hazırlanır. Beləliklə, həmin qəsəbə dünyanın ətir paytaxtı kimi tanınır. Həmçinin Grasse qəsəbəsində müxtəlif cür gülləri görməyə gələn turistlərin sayı getdikcə artır. Nəticədə isə həmin qəsəbə gül yağı və turizmdən ildə təxminən 600 milyon dollar əldə edir.

 

Şəmkir və Zaqatalada gül plantasiyası salınıb

Ölkəmiz müxtəlif güllərin yetişdirilməsi ilə bağlı əlverişli iqlim şəraitinə malikdir. Bir vaxtlar ölkəmizdə də gül istehsalında olan inkişaf ixrac üçüngeniş imkanlar açıb. Ölkəmizdə bu sahənin inkişafı üçün imkanlar varbir çox çiçək növlərini yetişdirmək mümkündür. Hətta elə güllər var ki, o yalnız Azərbaycanda bitir. Bir vaxtlar ölkədə 10 min hektarlarla torpaq sahəsi olan gül sovxozu fəaliyyət göstərib. Dünyanın ən gözəl, eləcə də Azərbaycanda geniş yayılmış gül növlərini orada becəriblər. O dövrdə ölkənin daxili bazarında gülün qiyməti çox ucuz olub. Hətta bayram ərəfələrində həmin sovxoz ölkənin bütün istehlak bazarını təmin edib. Eyni zamanda bizim adamları Moskva, Leninqrad və ümumiyyətlə, Rusiya, Belarus, Ukraynanın ayrı-ayrı şəhərlərində həmin güllərin satışı ilə məşğul olublar.

Bu gün ölkədə bir sıra sahələrin bərpası istiqamətində tədbirlər həyata keçirilir. O cümlədən gülçülüyün inkişafı istiqamətində tədbirlər reallaşdırılır. Artıq bir müddətdir ki, Şəmkirdə gül plantasiyası salınıb. Ölkənin qızılgülə olan tələbatının 40-45 faizi bu bölgənin hesabına təmin edilir. Gülçülüyün inkişafı istiqamətində digər bir layihə Zaqatala rayonunda həyata keçirilməkdədir. Belə ki, Zaqatalada yeni gül emalı zavodu tikiləcək. Hazırda zavodun inşası üçün Türkiyədə layihələndirmə işləri aparılır. Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib. Rayonda yeni gül plantasiyaları da salınır. Bu məqsədlə rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Artıq 77 hektar sahədə yeni gül plantasiyası salınıb.

Bu gün dünyanın bir sıra ölkələrinin milyon dollarlar əldə etdiyi bu sektorun ölkəmizdə də inkişafı vacibdir. Bu gün ölkəmizə çiçək idxalı, əsasən, Hollandiya, Türkiyədən həyata keçirilir. Əgər bölgələrdə, o cümlədən Bakı kəndlərində gülçülüyün inkişafını daha da artırsaq, idxala o qədər də ehtiyac qalmaz. Bundan isə həm ölkəmiz, həm də sahibkarlar gəlir əldə edər.

 

Nigar Abdullayeva

Palitra.-2017.-14 fevral.-S.5.