Ordubadın incisi: Qeysəriyyə tarixi abidəsi

 

Ölkəmiz müstəqillik qazandıqdan sonra sürətlə inkişaf edən sahələrdən biri də turizmdir. Son dövrlərdə ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi turistlərin axınını daha da sürətləndirib.

Bu baxımdan 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsi mühüm idman tədbiri olmaqla yanaşı, turizmin inkişafına öz töhfəsini verəcəkdir.Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında da turizm prioritet sahələrdən sayılır və bölgədə turizmin müxtəlif növlərinin inkişafı istiqamətində ötən dövr ərzində bir sıra işlər görülüb. Mədəni-tarixi, səhiyyə, işgüzar, dini, kənd turizm sahələrinin inkişaf etdirilməsi turistlərin cəlb olunmasına öz təsirini göstərib. Bu səbəbdən təkcə ötən il muxtar respublikaya səfər edən turistlərin sayı 403 mini ötüb. Onları muxtar respublikaya cəlb edən bölgənin təhlükəsizliyi, abadlığı, müasir infrastruktura, zəngin tarixə, unikal sağlamlıq və dini ocaqlara malik olmasıdır.

Hələ XII əsrdə qadının şərəfinə ucaldılan və Naxçıvanın simvoluna çevrilən Mömünə Xatın türbəsi, XIV əsrin yadigarı Qarabağlar Türbə kompleksi, yenilməzlik rəmzi “Əlincəqala” tarixi abidəsi, hürufilik təliminin banisi Fəzlullah Nəiminin dəfn olunduğu Xanəgah Abidələr Kompleksi dünya memarlığının nadir inciləri sıyahısındadır. Ümumilikdə, muxtar respublikada qeydiyyata alınmış 1200-dən çox tarixi abidənin 57-si dünya əhəmiyyətlidir. Hər abidə özündə tarixi yaşadır. XVII əsrdən soraq verən abidələrdən biri də Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində - Səmərqənd, Təbriz və Ordubad şəhərində rast gəlmək olur. Bu da onu göstərir ki, orta əsrlərdə Ordubadda ticarət və sənətkarlıq geniş inkişaf edib, dünyanın dörd bir yanından tacirlər, səyyahlar bura səyahət ediblər. Təsadüfi deyil ki, ötən əsrin məşhur səyyahlarından olan Hacı Zeynəlabdin Şirvani “Bustanus-səyahət” kitabında “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalaları bol suyuçoxlu bağları var”, - deyə Ordubadı vəsf edib.

Qeyri-adi quruluşa malik olan Qeysəriyyə binasından sonrakı dövrlərdə müxtəlif məqsədlərlə istifadə edilib. “Zorxanakimi fəaliyyəti dövründə İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayıblar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyar, ədəbi müzakirələr apararmışlar. XX əsrdə abidə bir müddət ipək sarıyan sex kimi fəaliyyət göstərmiş, 1978-ci ildə ordubadlı memar Zakir Babayev tərəfindən bərpa edilmişdir.

1990-cı ildən etibarən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu binada fəaliyyət göstərir. 14 yanvar 2011-ci il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olub. Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Bu gün muzeyə gələn ziyarətçilər burada nümayiş etdirilən eksponatlar vasitəsilə Ordubadın tarixi, mədəniyyəti, ədəbiyyatı, əhalinin məşğuliyyəti, bu torpağın yetişdirdiyi görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat öyrənir, həmçinin Qeysəriyyə tarixi abidəsi ilə tanış olurlar.

Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub.

Tarixi tiklinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Ordubadda keçmiş dövrlərdən mövcud olmuş sənətkarlıq sahələrinə, o cümlədən ipəkçiliyə dair eksponatlar muzeydə sərgilənir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub.

Muzeydə açıq dərslərin keçirilməsi də ənənə halını alıb. Belə dərslərin keçirilməsi məktəblilərin rayonun tarixi haqqında bilgilərini daha da artırır. Həm muzey kimi, həm də tarixi abidə kimi bu gün turistlər Qeysəriyyə binasına böyük maraq göstərirlər. Ötən il muzeyi 3000-dən çox turist ziyarət edib.

Daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı rolunu oynayan Qeysəriyyə yenə də ləl-cəvahirdən xali deyil. Rayonun tarixini özündə ehtiva edən, tarixin dərin qatlarından, milli dəyərlərimizdən, bu torpağın yetişdirdiyi Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Məhəmmədtağı Sidqi kimi görkəmli şəxsiyyətlərdən soraq verən hər bir eksponat bu günümüz üçün sözün əsl mənasında ləl-cəvahirdir.

Zəngin tariximizibu tarixi özündə yaşadan abidələrimizi təbliğ edək ki, turizmin inkişafına bizim də töhfəmiz olsun.

 

Ruhiyyə Rəsulova

Palitra.-2017.-14 fevral.-S.13.