Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün üç sənədli film çəkilib

 

1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ərazisi, eləcə də Ermənistanla həmsərhəd rayonların 27 yaşayış məntəqəsi işğal edilib. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkünə çevrilib, 20 min nəfər şəhid, 50 min nəfər əlil olub, 200 min nəfər müxtəlif bədən xəsarəti alıb, 4 853 nəfər isə itkingirov düşüb. Hərbi təcavüz nəticəsində Azərbaycanın böyük bir hissəsinin məhsuldar torpaqları işğal olunub. Ölkə iqtisadiyyatına təxminən 500 milyard dollardan çox ziyan vurulub. İşğal olunmuş ərazilərdə yerli əhalinin qoyub getdiyi bütün əmlak ermənilər tərəfindən talan edilib. Torpaqlarımızda qondarma Dağlıq Qarabağ Respublikası yaradan erməni işğalçıları bu istiqamətdə müxtəlif vasitələrdən istifadə edirlər. Onlardan biri kimi 20 fevral tarixində Dağlıq Qarabağda konstitusiyaya dair qondarma "referendum"un keçirilməsini planlaşdırırlar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bu gün torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində addımlar atılır. Torpaqlarımızın ermənilər tərəfindən işğalının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir.

 

Qaradağlının işğalından 25 il ötür

 

Erməni işğalına məruz qalan ərazilərimizdən biri də Xocavənd rayonunun Qaradağlı kəndidir. 17 fevral tarixində işğal olunan Qaradağlı kəndi Qarabağ müharibəsində ən çox faciələrə düçar olan, ağrı-acı yaşayan kəndlərimizdəndir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

Hadisələrin qısa xronikasına nəzər salaq. 1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 8-i həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciə addım-addım yaxınlaşırdı.

1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, yaralılar diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək qətlə yetirildi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan daha 8 sakinə əzab və işgəncələr verən ermənilər onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, erməni işğalçılarına qarşı dörd il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırıldı, dinc əhaliyə qarşı soyqırımı həyata keçirildi. İşğal zamanı 118 nəfər əsir götürüldü, 33 nəfər güllələndi. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürüldü, 50 nəfəri böyük çətinliklərlə azad edildi. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli idi. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar həyatını itirdi.

Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlıda 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə üç sənədli film çəkilib. Bu filmlər Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız dillərində də səsləndirilib. Həmçinin garadaghli.org internet saytı və “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşan kənd sakinləri Qaradağlıya qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

 

“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masakeçirilib

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masakeçirib. Tədbir Prezident İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Prezidentin sərəncamına əsasən təşkil olunub.

“Dəyirmi masa” 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində törədilmiş soyqırımı aktlarına həsr edilib. Tədbirdə ictimai xadimlər və alimlər, Dövlət Komissiyasının üzvləri və əməkdaşları iştirak ediblər.

“Dəyirmi masa”nı açan Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiyanın yaradılması zərurətindən, Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısına qoyduğu vəzifələrdən danışıb. O, müharibə qurbanlarının, girov götürülmüş şəxslərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarının təmin edilməsinin, Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. E.Səmədov xatırladıb ki, müharibə zamanı əsir və girov düşmüş şəxslərin ölkəmizə qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 1993-cü il yanvarın 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, mart ayında isə müvafiq İşçi qrupu yaradılıb.

Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən danışıb. Bildirib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə soyqırımı, təqib və deportasiyalara məruz qalıb, öz tarixi torpaqlarından didərgin düşüblər. Ermənilərin tarixən azərbaycanlılara qarşı insanlığa sığmayan qatı cinayətlər törətdiklərini qeyd edən X.Kazımlı vurğulayıb ki, bu cinayətləri əks etdirən mühüm faktlar və sənədlər var. Əlavə edilib ki, Ermənistan Respublikasının hazırkı ərazisində tarixən azərbaycanlılar yaşayıblar. Bu gün isə bir nəfər də olsun azərbaycanlının qalmadığı Ermənistan monoetnik dövlətə çevrilib. Xocalıda azərbaycanlılara qarşı insanlığa sığmayan soyqırımı törətmiş cinayətkarlar bu gün Ermənistana rəhbərlik edirlər. Ancaq əfsuslar olsun ki, dünya ictimaiyyəti onların cəzasız qalmasına hələ də göz yumur. O, 1988-1993-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğalı və bu gündavam edən erməni təcavüzü nəticəsində əhaliyə, bölgənin infrastrukturuna, ətraf mühitə və digər sahələrə dəyən zərərlərin, maddi və mənəvi itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli Sərəncamına əsasən yaradılan İşçi Qrupunun fəaliyyətinə toxunub. X.Kazımlı erməni işğalı nəticəsində dəyən birbaşa maddi zərərlərin və ölkəmizin özünümüdafiə xərclərinin hesablanması istiqamətində artıq bir sıra işlərin görüldüyünü, ölkənin əqli mülkiyyətinə, tarix və mədəniyyət abidələrinə və mülki əhaliyə dəyən birbaşa zərərlərin müəyyənləşdirildiyini diqqətə çatdıraraq bildirib ki, qiymətləndirmə ardıcıl yanaşma metodu ilə aparılır və Azərbaycanın itkiləri düşmən təcavüzünün davam etdiyi müddətdə ilbəil artmaqdadır.

Onu da qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 nəfər itkin, 1437 nəfər əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova bildirib ki, itkin düşmüş şəxslərin 3123-ü hərbçi, 745-i mülki şəxsdir. Onların 62-si uşaq, 262-i qadın, 302 nəfəri qocalardır. N. Dadaşova qeyd edib ki, əsir və girovluqdan azad edilmiş 1437 nəfərin 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxsdir: "Əsir və girovluqdan azad olunaraq geri qaytarılanların 50 nəfəri, itkin düşənlərin 26 nəfəri Qaradağlıdandır".

Dünən Qaradağlı kəndinin ermənilər tərəfindən işğalının 25-ci ildönümü qeyd olunub. Bu münasibətlə Beyləqan rayon ərazisində məskunlaşan xocavəndlilər anım mərasimi keçirib. Rayon ərazisində Qaradağlı kənd sakinlərinin məskunlaşdığı qəsəbədə ucaldılan abidə kompleksi ziyarət edilib. Xocavənd Rrayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ərazidə xidmət edən “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib.

 

Nigar Abdullayeva

Palitra.-2017.-18 fevral.-S.11.