Naxçıvan-İslam Mədəniyyətinin incisi

 

XII əsr Azərbaycan mədəniyyətinin “intibah dövrühesab edilir. Yaxın və Orta Şərqin mədəni mərkəzlərindən birinə çevrilən şəhərdə orta əsr müsəlman tədris müəssisələri-mədrəsə, ruhani məhəllə məktəbləri, təkyələr mövcud idi. Bu mədrəsələrdə dini-sxolastik elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilirdi. Məxəzlərdən məlumdur ki, Eldənizlər ölkədə və eləcə də dövlətin mərkəzi olmuş Naxçıvanda mədəniyyətin müxtəlif sahələrinin inkişafına qayğı göstərmişlər. Şəmsəddin Eldəniz Naxçıvanda məktəblər açdırmış, mədrəsələr, məscidlər tikdirmişdi. Bu dövrdə, həmçinin Azərbaycan elmi vahid İslam mədəniyyəti adlanan mədəniyyətin tərkib hissəsi kimi inkişaf edirdi. Ərəb alimlərindən Yaqut Həməvi özünün “Mücəm əl-buldan” əsərində Naxçıvan şəhərindən çoxlu alim çıxdığını və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir. Bu alimlər dövrün elm və mədəniyyət mərkəzləri hesab olunan Dəməşq, Tunis, Bağdad kimi şəhərlərdə təhsil almışlar. XI əsrin birinci yarısında yaşamış, dövrünün görkəmli mütəfəkkirlərindən olan naxçıvanlı Əbu Ömər Azərbaycanın dini, fəlsəfi fikir tarixində öz əsərləri və fəaliy

 

IX-XII əsrlərdə Azərbaycanda memarlıq sahəsində intibah baş verdi. İslam dini Azərbaycan memarlığına yeni üslub gətirdi. Tarixi qaynaqlar xəbər verir ki, bu dövrdə Azərbaycanın bir sıra şəhərlərində olduğu kimi, Naxçıvan, OrdubadCulfa şəhərlərində, iri yaşayış məntəqələrində gözəl imarətlər, məscidlər, minarələr, türbələr ucaldılıb. XII əsrdə Naxçıvanda memarlıq özünün inkişaf mərhələsinə qədəm qoyub, dövrünün “şeyxül-mühəndisi” adlanan Əcəmi Naxçıvani yaradıcılığı ilə yalnız Azərbaycan memarlığına deyil, Yaxın Şərq memarlığına da güclü təsir göstərib. Əcəmi Naxçıvani Yusif Küseyir oğlu türbəsi, Möminə xatın türbəsi, Qoşaminarə, Cümə məscidi, Darülmülkbaşqa nadir memarlıq inciləri yaratmışdır ki, onlardan yalnız ikisi dövrümüzə qədər gəlib çatıb. Memarın ilk əsəri olan Yüsif Küseyir oğlu türbəsinin qapısı üstündəki kitabədə yazılır: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunun sərdabəsidir”. Dünya memarlığının nadir incilərindən olan və Naxçıvanın simvoluna çevrilən Möminə xatın türbəsinin xarici səthləri müxtəlif ölçülü kərpiclərdən qurulmuş ərəb əlifbasından ibarət kitabələr, həndəsi ornamentlər və gəc üzərində nəbati təsvirlərlə bəzədilib. Onüzlü türbənin bütün üzləri kənarlardan “Yasin” surəsinin ayələri ilə haşiyələnib. Türbənin daxilində günbəzin tərəfində yerləşdirilmiş dörd medalyon nəbati ornamentlərlə bəzədilmiş, onların içərisində kufi xətlə kitabələr yerləşdirilmişdir.

Həmin dövrdə Naxçıvan şəhərinin ən möhtəşəm memarlıq abidəsi olan Cümə məscidi Möminə xatın türbəsi yaxınlığında yerləşmişdir. XVII əsrdə Naxçıvanda olmuş fransız səyyahı Tavernye Naxçıvan abidələrinə heyranlığını gizlətməmiş və Naxçıvan Cümə məscidini Asiyada ən möhtəşəm məscid kimi qiymətləndirmişdir. Bu məscid haqqında V.Engelqardt (XIX əsr) “Qafqaz” qəzetində yazmışdır: “Bu, yonulmuş daşdan hörülmüş tağlara malik nəhəng bir binadır. Onun daxilində hələ də gözəl işlənmiş oyma qabartmaların izləri var. Binanın bir hissəsi uçub tökülmüş, qalan hissəsi isə uçmaq təhlükəsi altındadır”. Biz bu abidənin XIX əsrdə çəkilmiş fotosundan, həqiqətən də təsvir olunduğu kimi möhtəşəm olduğunu görürük. Qeyri-adi quruluşa malik olmuş bu məscidin dövrünün ən böyük və yüksək memarlıq üslubu ilə tikilmiş abidəsi olduğu ehtimalını irəli sürməyə imkan verir.

VII yüzillikdən etibarən müsəlman şərqində təşəkkül tapan sufi təriqətləri Azərbaycanda və eləcə də Naxçıvanda geniş yayılmışdı. Bu təriqətlərə rəhbərlik edən şeyxlər bir sıra yaşayış məskənlərində öz yaşayış, ibadət, zikr və təhsil mərkəzlərini qurur, ətraflarına müridlər toplayır, ideyalarını mənimsədir, onlar vasitəsilə yerli əhali arasında və ətraf ölkələrdə yayırdılar. Orta əsrlərdə Naxçıvanda çoxlu belə xanəgahlar yaradılmışdı. Bu xanəgahlardan Naxçıvan və Ordubad şəhərlərindəki xanəgahları, Culfa bölgəsindəki Əlincəçay xanəgahını və başqalarını misal göstərmək olar. Məşhur sufi şeyxlərinin rəhbərliyi altında fəaliyyət göstərən bu xanəgahlar müsəlman şərqinin böyük xanəgahları ilə sıx əlaqədə olmuş, Azərbaycanın və qonşu ölkələrin sosial-siyasiideoloji həyatında mühüm rol oynamışlar.

Orta əsrlər zamanı Naxçıvan ərazisində fəaliyyət göstərən ən böyüknüfuzlu xanəgahlardan biri Xanəgah Abidələr kompleksi olub. Kompleksin əsasını təşkil edən türbənin içərisində XIV əsrdən etibarən Azərbaycanda geniş yayılan hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn olunub. Kompleks əsaslı şəkildə bərpa olunaraq ziyarətçilərin istifadəsinə verilib. Bu gün də əhali müqəddəs məkan kimi bu abidəni ziyarət edir, məkanın mənəvi saflıq və rahatlıq verdiyinə inanırlar.

Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksinin üzərində bu günə qədər kitabələr gəlib çatıb. Yeraltı sərdabədən və yerüstü türbədən ibarət olan Qarabağlar türbəsinin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilib. Kitabələr Quran ayələri və dini xarakterli kəlamlardır.

Ordubad rayonunun Gənzə kəndində günümüzə gəlib çatmış tarixi-memarlıq abidələrindən biri də Hacı Hüseynqulu məscididir. Naxçıvanın ən qədim məscidlərindən biri hesab edilən bu abidə XV əsrdə yaşamış nüfuzlu el ağsaqqalı Hacı Hüseynqulu tərəfindən tikilib.

Muxtar respublika ərazisində İslam mədəniyyətinin qiymətli abidələri sırasına İmamzadələr də daxildir. Müxtəlif bölgələrdə yerləşən hər 3 İmamzadə bərpa olunaraq əhalinin istifadəsinə verilib. Müqəddəslərin ayaq basdığı bu torpaq İslam sivilizasiyasına dəyərli töhfələr verib.

Milli ornamentləri və yüksək memarlıq xüsusiyyətləri ilə Naxçıvan abidələri bu gün nəinki İslam ölkələrindən, dünyanın dörd bir yanından gələn turistləri heyran etməkdədir. 1200-dən artıq tarixi abidəyə malik olan Naxçıvan özündə 57 dünya əhəmiyyətli abidəni hifz etməklə bəşər mədəniyyətini zənginləşdirir.

İslam dini humanistliyi, dincliyi, qardaşlığı, sülhü aşılayan mənəvi dəyərdir. Bu dəyərin izlərinə ədəbiyyatımızda da rast gəlinir. Naxçıvan dünyaya Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi söz, fikir xəzinəsini zənginləşdirən dahilər bəxş edib. “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”,-deyən Hüseyn Cavid humanizmə söykənən fəlsəfi fikirləri ilə bəşəriyyəti sülhə səsləyirdi. Həmçinin tədqiqatçılar tərəfindən Hüseyn Cavidin Azərbaycan tarixinin sovet dönəmində - 1922-ci ildə yazdığı “Peyğəmbər” əsəri dünya ədəbiyyatında əvəzolunmaz bir əsər kimi səciyyələndirilir. Pyesdə İslam tarixinin xronologiyasının izlənilməsi, yüksək romantik pafos, idealların əks etdirilməsi Hüseyn Cavidin müəllif mövqeyinin açıq ifadəsidir. Hüseyn Cavid mövzuya İslam təəssübkeşi kimi yanaşmış, Azərbaycanın milli-mənəvi inkişaf tarixinin məcrasının dəyişdirildiyi bir məqamda bu əsəri qələmə alması ilə dəyərlərin qorunub saxlanılmasına təşəbbüs göstərmişdir.

Şərq memarlığına təsir göstərən Əcəmi Əbubəkr oğlu Naxçıvani, kimya elmində öz imzasını təsdiqləyən Yusif Məmmədəliyev, dünya incəsənət, hərb, mətbuat, səhiyyə, mədəniyyət sahəsinə əvəzsiz töhfələr verən Kəngərli, Şahtaxtinski nəsillərinin nümayəndələri Naxçıvan torpağının yetirmələridirlər.

Bu gün Naxçıvanda yaşadılan dəyərlər, qorunan milli-mənəvi irs zəngin tarixi ənənələrə söykənir. Muxtar respublikada folklor kollektivləri, aşıqlar, qədim el sənəti sahələrini yaşadan sənətkarlar həssaslıqla qorunan mədəni irsin davamçıları və daşıyıcılarıdırlar.

Naxçıvanın qədim tarixini, mədəniyyətini, ədəbiyyyatını, incəsənətini və yetişdirdiyi görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini təbliğ edən 30-a yaxın muzey var. Muzeylərdə 110 mindən çox maddi-mədəniyyət nümunəsi qorunaraq saxlanılır. Muxtar respublikada 3 dövlət teatrı, xalq teatrları, 2 filarmoniya, zəngin fonda malik kitabxanalar, eləcə də yüzlərlə mədəni-maarif müəssisələri fəaliyyət göstərir. Zəngin mədəni mühit, müasir infrastruktur, habelə qonaqları qarşılaya biləcək müasirtipli hotellər Naxçıvanda yüksək səviyyəli tədbirlərin keçirilməsinə imkan verir.

İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci il Naxçıvanın tarixinə şərəf və qürurla yazılacaq bir il olacaq. Naxçıvan islami dəyərləri, humanizmi aşılayan zəngin mədəni irsi ilə qapılarını İslam dünyasına açacaqdır. O qapıdan keçən hər kəs Naxçıvanın müstəqillik illərindəki qazandığı nailiyyətlərin, tarixi abidələrinə, dini-mənəvi dəyərlərinə ehtiramın, mədəni həyatındakı yeniliklərin bilavasitə şahidi olacaq. İslam mədəniyyətinin paytaxtı Naxçıvan İslam həmrəyliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Dünyada islamı terrorizm, cəhalətlə əlaqələndirənlər var. Bir daha islamterror anlayışlarını bir araya gətirənlərə Naxçıvan ortaya qoyacağı nümunələrlə layiqli cavabını vermiş olacaqdır. İslam dünyasının zəngin mədəniyyətə və tarixə malik olduğu bu dəfə Naxçıvan konteksindən dünyaya nümayiş etdiriləcək. Bir sözlə, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi öz missiyasını uğurla başa çatdıracağı şübhəsizdir.

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının

baş redaktoru

Palitra.-2017.-21 fevral.-S.13.