Sözün bədii və poetik ifadəsi bitmir

 

“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı şair Etibar Vəliyevdir. Qələmlə dostluq edən Etibar müəllim gözəl şeirlər yazır və bir neçə şeir kitabının müəllifidir. Etibar müəllimin qəlbi şair qəlbidir. İncə ruh, dərin düşüncə, sevgi dolu bir qəlbin sahibidir. Bunu şairin şeirində daha aydın görə bilirik. Gözəl şeirlər müəllifi olan Etibar Vəliyev yaradıcılığını davam etdirir və ölkəmizin dilbər güşələrindən biri olan Lənkəran rayonunda yazıb-yaradır. Şairə yaradıcılığında uzun ömür, cansağlığı arzu edirik.

 

Etibar Vəliyev 1963-cü il may ayının 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. Burada səkkizillik kənd məktəbini bitirdikdən sonra 1978-1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda təhsil alıb. 1981-ci ildən Lənkəran rayonunun “Lənkəran çay” sovxozunda fəhlə işləyib. Hərbi xidməti borcunu 1981-1983-cü illərdə yerinə yetirib. Tərxis edildikdən sonra yenə sovxozda fəhləlik edib. Lənkəran rayonunun “Puşkin”, “Oktyabrın 60 illiyi” sovxozlarında iqtisadçı və 1988-1998-ci illərdə Lənkəran “5 ¹-li çay fabriki”ndə baş mühasib işləyib. Bu müddət ərzində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi təhsil alıb. Hazırda Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi-baş əmək müfəttişi işləyir. Ədəbi fəaliyyətlə XX əsrin 70-ci illərindən məşğul olur. Dövri mətbuatda və almanaxlarda şeirləri vaxtaşırı dərc edilir. İlk şeiri indiki “Lənkəran” qəzetində çap olunub. “Görüşə gəl”, “Baxmağa dəyər”, “Mənim Duyğum” adlı şeirlər kitabının müəllifidir. “Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibidir. “Qızıl Qələm” və Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” fəxri media mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

- Etibar müəllim sizin ədəbiyyata marağınız nə vaxtdan yaranıb?

- Əslində, mən orta məktəbdə oxuyarkən dəqiq elmlərə marağım böyük olub. Səkkizinci sinifdə oxuduğum vaxt Gəncə şəhərindən olan gənc bir ədəbiyyat müəllimini təyinatla bizim məktəbə göndərmişdilər. Çox təəssüf ki, soy adını unutmuşam. Adı Məmməd idi. Məmməd müəllimin ədəbiyyat fənnini gözəl tədris etməklə yanaşı, Nizaminin, Füzulinin, Nəsiminin qəzəllərini bizə başa düşə biləcəyimiz tərzdə izah və təhlil etməsi məndə ədəbiyyata olan yatmış marağı oyatdı. O vaxtdan ədəbiyyatı elə sevdim ki, hətta şeir yazmaq həvəsinə düşdüm.

- İlk yazdığınız şeirlər çap olunubmu?

- Yox. İnanmıram ki, sonradan şair olmuş hər hansı bir poeziya həvəskarının ilk şeiri çap oluna biləcək səviyyədə mükəmməl olsun. İlk şeirim də daxil olmaqla gənclik illərində yazmış olduğum yüzlərlə şeirim zəif olduğundan çap olunmayıb. Buna baxmayaraq, o zəif şeirlərimi də qoruyub saxlayıram.

- O şeirlər ki zəifdi və çap olunan səviyyədə deyil, onları niyə qoruyub saxlayırsız?

- İnanın ki, zəif şeirlərim də güclü şeirlərim qədər mənə əzizdir. Ana dünyaya gətirdiyi və sağlamlıq imkanları məhdud olan balasından belə, imtina etməz.

- Bəs bu günə qədər neçə şeir yazmısınız?

- Yazdığım şeirləri saymamışam. Hazırda dördüncü kitabımı çapa hazırlayıram. Hər kitabımda yüzdən artıq şeir var.

- Sonuncu şeiri nə vaxt yazmısınız?

-Dünən yazmışam və oxucularım oxusun deyə, sosial şəbəkədə olan səhifəmdə paylaşmışam.

- Sizcə, insan doğulanda şair doğulur, yoxsa sonradan şair olur?

 

- Deyirlər ki, Allah insanın alın yazısını hələ insan ana bətnində olanda yazır. O alın yazısında insanın kim olacağı da yazılır. Deməli, şairlər doğulurlar. Lakin şairlərin həyatda özünü təsdiq məqamları müxtəlif zaman və yaş hədlərində olur.

- Dostluqda ən çox nəyə önəm verirsiz?

- Əlbəttə, ilk növbədə şəxsiyyətə, səmimiyyətə və dürüstlüyə.

- Poeziya adamının digərlərindən fərqi nədir?

- Bir insan kimi heç bir fərqi yoxdur. Yaradıcılıq baxımından isə poeziya adamı Allahın ona verdiyi istedadı ilə digər insanlardan fərqlidir. Bu fərq şairin özünün ilham pərisinin, fikir və düşüncələrinin əsiri olmasında, digər insanların isə azad olmasındadır. Yəni şairin təbi və ilham pərisi gələrsə, o yazmağa məhkumdur. Bu zaman onun fikir və düşüncələri yazmaq istədiyi mövzuda olduğuna görə, bəzən ətrafını görməyə, kimsəni eşitməyə bilər.

- Müasir dövrün gənc yazarlarının şeirləri sizi qane edirmi?

- Müasir dövrdə istedadlı və gənc yazarlar çoxdur və bir çoxlarının yazdıqları şeirləri də bəyənirəm. Azərbaycan xalqı çox istedadlı xalqdır. Lakin zəif yazanlar da var. Bu da ki, təbii haldır. İstedadı olan puxtələşəcək, istedadı olmayan zaman keçdikcə özü kənara çəkiləcək.

- Etibar müəllim, sizcə, şairlər arasında rəqabət varmı?

- Rəqabət olmayan yerdə inkişaf yoxdur. Əgər hər bir şair daha yeni, daha gözəl və daha mənalı söz deməyə çalışırsa, bu artıq rəqabətin nümunəsidir. Buna sağlam rəqabət deyərdim. Çox təəssüf ki, sağlam olmayan rəqabətin də şahidi oluruq. Mənə görə sağlam olmayan rəqabəti iç dünyası sağlam olmayan insanlar aparır və icazə verin bizlərə xoş ovqat gətirməyən məsələ barədə danışmayım.

- Etibar müəllim, siz hansı şeirinizi yaradıcılığınızın şah əsəri və vurulmuş möhürü hesab edirsiniz?

- Əslində, yaradıcılığıma hansı şeirimlə möhür vurduğumu oxucularım müəyyən etməlidir. Özüm isə son dövrlərdə yazdığım “Qiyamətdi qiyamət” şeirimi daha çox bəyənirəm.

- Bu gün sərbəst şeirə geniş meydanın verilməsi, daha çox heca vəznində yazan şair kimi sizdə qıcıq doğurmur?

- Yox. Əslində, mən də sərbəst vəzndə şeirlər yazmışam və yazıram. Kim hansı vəzndə daha yaxşı yaza bilirsə, qoy yazsın. Özümdə heç vaxt şairlərə qarşı qısqanclıq hiss etməmişəm. Çünki bilirəm ki, istər heca formasında, istərsə də sərbəst formada oxucunu düşündürüb ona ovqat verə bilən istedad əhli yaxşı şair ola bilər. Sərbəst şeir çərçivəsiz olsa da, burda da gözəl söz, yeni, düşündürücü fikir və məntiq önəmlidir. Bu keyfiyyətləri özündə göstərməyən yazılar nağıldır. Təbii ki, sərbəst şeir adı ilə nağıl yazanlar da var. Zəif yazanlar isə poeziyada ciddi qələm sahiblərinin şeirlərini oxuyub öyrəndikdən sonra ötəri hislərini anlayar və bacardıqları iş ilə məşqul olarlar. Bu sahədə kiməsə qadağa qoymaq olmaz. Zaman özü insandan daşıya bilmədiyi yükü alır. Bu sahədə heç bir həvəskar yazara iradımı bildirməməyim elə qısqanc olmamağımla bağlıdır.

- Oxucu sayı sizi qane edirmi?

- Yox. Oxucu sayı nəinki məni, deyərdim ki, müasir dövrün heç bir şairini qane edə bilməz. Bunun nümunəsi zəif kitab satışıdır. Heç şübhəsiz ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Düşünürəm ki, zaman keçdikcə hər şey qaydasına düşəcək. Çünki Azərbaycan xalqı ədəbiyyatı və poeziyanı sevir və yaxşı şeir nümunəsini dəyərləndirir.

- Sizcə, indiyədək yazılmış şeirlərdə bütün sözlər işlənib?

- Söz elə bir tükənməz xəzinədir ki, onun bədii və poetik ifadəsi bitməz.

- Sizin şair olmağınızda kimlərin əməyi var və ustadınız kimdir?

 

- Şair olmaq heç də tam əməklə bağlı olan nəticə deyil. Şairlik İlahi vergi və istedaddır. Bu istedadın təqdim etmə qaydalarını öyrənmək üçün Nizamini, Füzulini, Nəsimini, M.Müşfiqi, M.F.Axundovu, S.Vurğunu, R.Rzanı, M.Arazı, Z.Yaqubu və başqa adlarını çəkmədiyim böyük şair və yazarları oxumaq və Azərbaycan dilini mükəmməl öyrənmək gərəkdir. Mən heç kimin yanında və heç bir məclisdə ustad dərsi keçmədiyimdən kimisə ustadım kimi təqdim edə bilmərəm. Lakin ustad şairlərin şeir və qəzəllərini oxuyub öyrənməyimin şair olmağımda rolu danılmazdır. Rəhmətlik atam isə kitablarımın çap olunduğunu görməsə də, məni həmişə ruhlandırıb və mənə mənəvi dayaq olub.

- Nifrət eləməyi bacarırsınız?

- Nifrət etmək üçün xüsusi bacarıq tələb olunmur ki. Adəm övladı həm sevə, həm də nifrət edə bilər. Lakin unutmayaq ki, heç nə əbədi olmadığı kimi, nifrət də əbədi deyil. Ona görə də çalışıram nifrət edəcəyim məqamlara çatmamış dayanım.

- Şairin evində kitabxanası varmı?

- Əlbəttə, var. Şairi kitabxanasız təsəvvür etmək olmaz.

- Sizə yazılanlara cavab yazırsınız?

- Sosial şəbəkələrin ünsiyyət vasitəsinə çevrildiyindən indi ünvanlı poçt yazışmaları çox az olur. Lakin mən bu və digər formada yazılan bütün yazılanlara cavab yazıram.

- Oxucularınızla görüşlər keçirirsiz?

- Bəli, vaxt və şəraiti nəzərə alıb, oxucularımla görüşüb, onlarla ünsiyyət qurmaqda maraqlıyam. Onların fikir və düşüncələri mənim üçün önəmlidir. 2016-cı ilin 26 dekabr tarixində Lənkəran Dövlət Dram Teatrında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə mənim rayon ictimaiyyəti və poeziya həvəskarları ilə görüşüm keçirildi. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, şair dostlarım Balayar Sadiq, İltifat Saleh, Ağamir Cavad, Xatirə Xatun və başqaları yaradıcılığımla bağlı fikirlərini bildirdilər. Dinləyicilərə şeirlərimi oxudum və arzu edənlərə kitablarımı hədiyyə etdim. Fürsətdən istifadə edib, sizin vasitənizlə sözə və ədəbiyyata dəyər verən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, çox hörmətli Taleh müəllimə şair dostlarım adından təşəkkür edirəm.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da ədəbiyyat adamlarına xüsusi diqqət və qayğı ilə yanaşır. Yetər ki, ədəbi söz deyəsən.

- Sonda gələcək planlarınız haqda danışardız.

- Gələcək üçün maraqlı ideya və planlarım var. İlk növbədə 2017-ci ilin may ayında ad günüm öncəsi növbəti şeirlər kitabımı çap etdirmək istəyirəm. Oxucularım və şeir həvəskarları ilə toplum görüşlər keçirməyi planlaşdırmışam. Milli Ordumuza dəstək nümunəsi olaraq Yazıçılar Birliyinin xətti ilə cəbhə bölgəsində əsgərlərimizlə görüşüb, onlara vətənpərvərlik mövzusunda şeirlər oxumağı da qarşımda mənəvi borcum kimi görürəm. Bu yaxınlarda doğulub boya-başa çatdığım, Azərbaycanın dilbər güşəsi olan Lənkəran şəhərində oxucularım və şeir həvəskarları ilə daha bir görüş keçirəcəm. Həmin görüşə şair dostlarımı də dəvət edəcəm. Düşünürəm ki, maraqlı bir tədbir olacaq və insanların ruhuna xoş və yeni ovqat qatacağıq.

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

Palitra.-2017.-22 fevral.-S.15.