Səbaildə Xocalı faciəsi ilə bağlı sərgi təşkil olunub

 

Xocalı faciəsinin 25-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarında, ortaali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilir, mədəniyyət ocaqlarında faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunub, fevralın 24-ündə rayonun ortaali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunub.

Faciənin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. Mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanılıb.

Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə çıxış edən Xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan məcburi köçkünlərlə birgə «Sahil bağı»nda rayon orta məktəblərinin şagirdlərinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm müsabiqəsinə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Şagirdlər müxtəlif rəngli boya, quaş, akvarel, karandaşlarla çəkdikləri rəsmlərində faciənin müxtəlif məqamlarını əks etdiriblər. Sərgi çox böyük maraqla izlənilib, Xocalıların da daxil olduğu münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib, onlar və müsabiqədə fərqlənən bir qrup məktəbli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi yardımları göstərilib.

 

Nigar

Palitra.-2017.-25 fevral.-S.15.